Ceyhun Bayramov: Sülh üçün tarixi şans yaranıb

Türkiyə və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Bu gün görüşdə iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, turizm sahəsi və digər məsələlər ətrafında müzakirələr apardıq. Ənənəvi enerji sahələri üzərində uğurlu əməkdaşlıq edəcəyik və bir sıra layihələrə imza atacağıq.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib: “Rəqəmsal İpək yolu layihəsinin çox böyük perspektivlərinin olduğunu görürük. Bu ilin önəmini nəzərə alaraq Bakıda keçiriləcək COP29-un ölkələrimiz arasında əməkdaşlığa imkan yaradan amil olduğunu da vurğuladıq. Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa da diqqət yetirilməsinin əhəmiyyəti qeyd olundu”.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlər, sülh quruculuğu sahəsində ölkəmiz tərəfindən atılan addımlarla bağlı fikirlərini həmkarları ilə bölüşdüyünü vurğulayan Ceyhun Bayramov bildirib: “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb. Sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistan tərəfini dürüst, açıq şəkildə Azərbaycanla danışıqlara sövq etmək üçün addımlar atmalıdır”.