Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası tarix yazıb

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Masters" turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb.

Azərbaycan Cüdo Federasiyasından  bildiriblər ki, idmançılarımız 4 qızıl və 3 bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.

Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.

Qeyd edək ki, "Masters" turnirinin keçmiş qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.