Şinzo Abe Vladimir Putin ilə görüşündə sülh danışıqlarında irəliləyişə ümid edir

Yaponiyanın Baş naziri Şinzo Abe ümid edir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Osakada görüşü zamanı sülh danışıqlarının irəliləyişinə nail olacaq.

Yaponiya hökumətinin başçısı bu barədə iyunun 22-də “Yomiuri TV” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, iki ölkə liderinin görüşü iyunun 28-29-da Osakada G20 ölkələri liderlərinin görüşü çərçivəsində baş tutacaq.

“Ümid edirəm ki, bizim Prezident Vladimir Putinlə yeni danışıqlarımız zamanı sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə nail olunacaq”, - deyə Ş.Abe bildirib. Baş nazir təsdiq edib ki, Rusiya ilə dialoq zamanı qarşı tərəf Yaponiya-ABŞ hərbi əməkdaşlığının müxtəlif aspektlərindən, həmçinin ABŞ silahlı qüvvələrinin Yaponiya ərazisində yerləşməsindən narahatlığını bildirir.

“Biz Rusiya ilə danışıqları Yaponiya ilə ABŞ arasında ittifaqın mövcudluğu faktından çıxış edərək aparırıq. Çalışacağıq ki, mövcud məsələlərin həllinə nail olaq”, - deyə Baş nazir əlavə edib.

Rusiya Prezidenti iyunun 6-da beynəlxalq informasiya agentliklərinin rəhbərlərinin görüşündə bəyan edib ki, Moskva ilə Tokio arasında sülh danışıqları yolunda duran maneələr sırasında ABŞ-Yaponiya hərbi əməkdaşlığı da var. O həmçinin qeyd edib ki, Tokio ölkə ərazisində müxtəlif silah sistemlərinin, o cümlədən ABŞ silahlarının yerləşdirilməsinə müsbət yanaşır.

Xatırladaq ki, II Dünya müharibəsinin nəticəsi olaraq Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi hələ də imzalanmayıb.

 

Vüqar Ağayev