Ağcabədili kümçülər indiyədək 54,3 ton barama tədarük ediblər
Bu il 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu bəsləyən Ağcabədi rayonunun kümçüləri hazırda barama tədarükü davam etdirirlər.
Artıq kümçülərin yetişdirdikləri 54 min 311 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Cari mövsümdə Ağcabədidə 60 tondan çox barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, rayonun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, ötən il isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min 700 ədəddən çox tut tingi əkilib.

