Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib

İyunun 25-də Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.