Notr-Dam kilsəsinin yenidən inşası ilə bağlı kampaniya başlandı

Fransa mədəniyyətinin ən əhəmiyyətli parçalarından biri olan və 9 əsr öncə inşa edilən Paris Notr-Dam kilsəsinin 8,5 saatda kül olması dünyada böyük reaksiyalara səbəb olub.

Tarixi əsərin məhv olmasına ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, İngiltərənin baş naziri Tereza Mey, İspaniyanın baş naziri Pedro Sançes, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının sədri Donald Tusk münasibət bildirib.

Fransa prezidenti Emmnuel Makron ciddi zərər görən kilsənin yenidən inşa olunacağını deyib. Bunun üçün beynəlxalq toplumdan yardım istəyəcəyini də bildirib.

Ölkə miqyasında isə tarixi əsəri yenidən ayağa qaldırmaq üçün yardım kampaniyası təşkil ediləcəyi açıqlanıb. İlk böyük addımı isə fransalı milyarder, "Gucci”, "Saint Laurent", "Alexander McQueen”, "Bottega Vanega” kimi markaları birləşdirən "Kerin” şirkətlər qrupunun rəhbəri François-Henri Pinault atıb. O, kilsə üçün 100 milyon avro verəcəyini bildirib.

Qeyd edək ki, mütəxəssislər kilsənin yanğında çox ciddi zərər gördüyünü, bərpasının isə çox çətin olacağını bildirir./publika.az