İsveçdə “Forsmark” AES-in iki reaktorunun istismar müddəti uzadılıb

İsveçdə “Forsmark” atom elektrik stansiyasının birinci və ikinci reaktorlarının daha 10 il istismar olunmasına icazə verilib. Bu da onların ilkin nəzərdə tutulan 40 illik xidmət müddətindən çoxdur.

Bu barədə iyunun 24-də İsveç Radiasiya Təhlükəsizliyi Agentliyindən məlumat veriblər.

Ümumi gücü təqribən 2 giqavatt olan iki reaktor İsveçin enerji təminatı üçün çox əhəmiyyətlidir.

“Forsmark” AES-də birinci reaktor 1980-ci ildə, ikinci reaktor isə 1981-ci ildə istismara verilib. Tənzimləyici orqanın icazəsi hər on ildən bir tələb olunur. Bu isə o deməkdir ki, reaktorlar 2028-ci ilə qədər işləyə bilər.

Qeyd edək ki, AES-in sahibi “Vattenfall” dövlət şirkətidir. Onun yaydığı məlumata görə, reaktorların xidmət müddətini uzatmaq və onların gücünü artırmaq üçün “Forsmark”a vəsait yatırılıb. Firma bildirib ki, reaktorlar istifadəyə verilən gündən onların ən azı 50 il ərzində işləməsini təmin etməyə çalışır.

 

Rauf Əliyev