Avropada 40 dərəcədən yuxarı istilər gözlənilir 

Almaniya, Polşa və Çexiyada iyun ayının temperatur rekordu qeydə alınıb.

Yaxın günlərdə Avropanın əksər hissəsində havanın hərarətinin yüksələcəyi gözlənilir. Proqnozlara görə, iyunun 27-də bəzi ölkələrdə, o cümlədən Fransa və İsveçrədə hərarət 40 dərəcədən yuxarı olacaq. Meteoroloqların fikrincə, belə istilərin səbəbi Afrikadan gələn isti küləklərdir.

Fransanın hakimiyyət orqanları ölkə əhalisinin həyatı üçün risklər barədə ciddi xəbərdarlıq elan edib.

Havanın çirklənməsinin qarşısını almaq məqsədilə Paris və Lion da daxil olmaqla, bəzi şəhərlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Fransanın paytaxtında əlavə fontanlar quraşdırılıb. Ölkə ərazisində bəzi məktəblər imtahanların vaxtını dəyişib, bir neçə təhsil müəssisəsi isə bağlanıb.