Qırğızıstanda sabiq prezidentin toxunulmazlıq hüququnun parlament tərəfindən ləğv edilməsi ilə bağlı gərginlik artır

Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnun parlament tərəfindən ləğv edilməsi ilə bağlı gərginlik artır. Bişkek yaxınlığındakı Kok-Taş kəndində, sabiq prezidentin yaşadığı evin qarşısında Almazbek Atambayevin tərəfdarlarından və jurnalistlərdən ibarət qərargah yaradılıb və buraya 500-dən artıq adam yığılıb.

Xatırladırıq ki, iyunun 27-də Qırğızıstan parlamenti-Joqorku Keneş sabiq prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qərar qəbul edib. Parlamentdən baş prokurorluğa Almazbek Atambayevlə bağlı göndərilən altı maddəlik ittihamın beşində o, günahkar bilinib. Bunlar əsasən korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad olunması, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə bağlıdır.

A.Atambayev isə parlamentin qəbul etdiyi qərarı “absurd” adlandırıb və deyib ki, dövlət başçısı kimi xalqa qarşı heç bir cinayət törətməyib.

Qulu Kəngərli