Azərbaycan parabadmintonçusu İndoneziyada iki medal qazanıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirində 1 gümüş və 1 bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından  verilən məlumata görə, kişilərin şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləyib.

O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17-21,11-21) hesabı ilə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İ.Əliyev kişilərin qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən parabadmintonçumuz İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. Həlledici görüşdə Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati qoşasına 0:2 (12-21,12-21) hesabı ilə uduzuraq turnirin gümüş medalına layiq görülüb.

Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında təmsil olunmağa başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilmiş beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan İbrahim mübarizəni qrup mərhələsində dayandırmışdı.