Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.

 COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.

İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.

Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.

Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.

Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.

Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.