General-mayor Kənan Seyidov ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib
Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb.
Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.