Hikmət Hacıyev: Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır
Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları, eləcə də COP29 ilə bağlı yayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi olaraq tətbiq edilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ də davam edir.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda “STRATCOM 24” sammiti çərçivəsində təşkil olunan “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda panel iclasda səsləndirib.
Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırır.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunan Prezidentin köməkçisi bu əlaqələrin həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli şəkildə davam etdirildiyini deyib və ölkələrimiz arasında süni intellekt sahəsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb.//Azərtac