ATƏT ekologiya və təhlükəsizlik problemlərinin həllində qadınların rolunun artırılması mövzusunda konfrans keçirib

Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təşkilatçılığı ilə ekologiya və təhlükəsizlik problemlərinin həllində qadınların rolunun artırılması mövzusunda konfrans keçirilib. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə ATƏT-in baş katibi Tomas Qreminger iştirak edib.

Konfransı giriş nitqi ilə açan Slovakiya Respublikasının Ətraf Mühit Nazirliyinin dövlət katibi Norbert Kurilla bildirib ki, qadınlar son illər daha aktual olan ətraf mühit və təhlükəsizlik problemlərinin həllində daha fəal iştirak etməlidirlər. Onun sözlərinə görə, təəssüf ki, bu məsələlərlə bağlı qərarların qəbul edilməsində zərif cinsin nümayəndələri daha az rola malikdirlər. “Ətraf mühitlə bağlı layihələrin hazırlanması və qadınların bu prosesə cəlb olunması həm yerli, həm regional, həm də qlobal miqyasda genişləndirilməlidir”, -deyə slovakiyalı nazir vurğulayıb.

ATƏT-in baş katibi Tomas Qreminger bu sahələrdə təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. O əlavə edib ki, Orta Asiya və Əfqanıstandan qadınların həm ətraf mühit, həm də iqtisadiyyat və sosial sahələrdəki problemlərin həllinə cəlb olunması üzrə proqramların reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

İrlandiyanın sabiq Prezidenti, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali komissarı Meri Robinson, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Melani Verveyer də digər natiqlər ATƏT-ə üzv ölkələrdə gender bərabərliyi, qadınların siyasi-iqtisadi, sosial və ekoloji layihələrdə iştirakının dəstəklənməsi sahəsində qarşıda duran vəzifələrdən ətraflı bəhs ediblər. Onlar vurğulayıblar ki, ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri, ilk növbədə, ana-uşaq sağlamlığına ciddi zərər verir.

Konfransın sonunda həyata keçiriləcək yeni ekoloji layihələrin təqdimatı olub.