Bu il suvarma kanalları 72 min kubmetr lildən təmizlənib

Tərtərçay Hidroqovşağının İstismarı İdarəsi yaz-yay suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA)  bildirilib ki, idarənin balansında Sərsəng, Suqovuşan su anbarları, uzunluğu 92,6 kilometr оlan beton üzlüklü sağ və sol sahil magistral kanalları, 76,5 kilometr uzunluğunda beton üzlüklü paylayıcı kanallar, 222,5 kilometr uzunluğunda torpaq kanallar, 433 ədəd hidrotexniki qurğu, 198 ədəd hidrometrik post, 63,4 kilometr uzunluğunda kollektor - drenaj şəbəkəsi mövcuddur.

Cari ilin əvvəlindən etibarən suvarma kanalları mexanizmlərlə ümumi olaraq 72 min kubmetr lildən təmizlənib. Bununla da su itkisinin qarşısı alınıb və suyun maneəsiz axını təmin edilib. Cari təmir işləri çərçivəsində isə 6 ədəd hidrotexniki qurğu və 5 ədəd hidrometrik post təmir olunub.

2020-ci ilin oktyabr ayında rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Suqovuşan su anbarı, sağ və sol sahil magistral kanalları erməni işğalından azad edilib. Sol sahil magistral kanalının uzunluğu 22,4 kilometr olub, başlanğıcda su sərfi 20,5 kubmetr saniyədir. Üzərində 35 ədəd hidrotexniki qurğu və 10 ədəd hidropost vardır. Sağ sahil magistral kanalının uzunluğu isə 70,2 kilometr olmaqla, başda su sərfi 70 kubmetr saniyədir. Onun üzərində 148 ədəd hidrotexniki qurğu və 41 ədəd hidrometrik post mövcuddur. Hazırda torpaq kanallarda hamarlanma işləri görülür ki, 2025-ci ilin əvvəlindən etibarən 6 kilometr istismar yolları buldozerlə hamarlanıb.

Qeyd edək ki, Tərtərçay Hidroqovşağının İstismarı İdarəsi əkin sahələrinin suvarılmasını həyata keçirməklə yanaşı sel və daşqınlara qarşı mübarizə tədbirlərini də davam etdirir. İdarə tərəfindən bu istiqamətdə çay məcralarının tənzimləməsi işləri də yerinə yetirilir.