Prezident Mixeil Kavelaşvilinin bəyanatı - TAM MƏTN

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Mixeil Kavelaşvilinin
bəyanatı
-Zati-aliləri cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Media nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.

Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.

Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.

Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.

Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

Təşəkkür edirəm.