Ayxan Hacızadə: Ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir

İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (XİN), İran İslam Respublikasındakı səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.

Bu barədə  XİN-in mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər görülür.

“Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub. İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır”,- deyə XİN-in mətbuat katibi söyləyib.

Qeyd edək ki, Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər.