Kənd təsərrüfatı naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərə görə sığorta ödənişləri, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.