Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi 2025-ci il 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından bu il istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edir.
Dövlət Agentliyindən bildirilib ki, ədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır.
Qeyd edək ki, tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:
∙ Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;
∙ Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;
∙ “Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;
∙“Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;
∙ “Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;
∙ “SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;
∙ “Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;
∙ “Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;
∙ “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;
∙ “PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65;
∙ “Agro Dairy” MMC: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 129, tel. 051-232-44-04.
Əlavə olaraq qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 23 iyun tarixli 374s saylı sərəncamında müəyyən edilən 400 (dörd yüz) manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.
Yuxarıda qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərinin akkreditasiya olunmuş laboratoriya tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri də əlavə edilməklə istehsalçılar tərəfindən [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlavə məlumat üçün telefon nömrəsi: 012-210-01-95