Ceyhun Bayramov ilə  Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub

18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.