Ağdərə, Laçın və Bakıda qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı aparılacaq

Azərbaycanın bir sıra ərazilərində qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri aparılacaq.
Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, Ağdərə rayonu ərazisində inşaat materiallarının, Laçın rayonu ərazisində isə Hoçaz, Ahnəzər və Fingə sahələrində əlvan daşların axtarış-qiymətləndirmə işləri aparılacaq. Eyni zamanda, Bakı şəhəri, Qaraçuxur-Zığ sürüşmə sahələrinin, geoloji-tektonik və mühəndis-geoloji şəraitinin qiymətləndirilməsi işləri də icra ediləcək.
Məlumata əsasən, IV və VIII kateqoriyalı süxurlarda aparılacaq buruq qazma işləri müvafiq olaraq d-40 mm, 0-93 mm dərinliyə kimi sütuncuqlarda həyata keçiriləcək.
Agentlik sözügedən işlərin icrasının 120 089 manat başa gələcəyini ehtimal edib.
Bir müddət əvvəl Geoloji Kəşfiyyat Agentliyi Azərbaycanın azad olunmuş üç rayonunda qara və əlvan metalların geoloji axtarışlarına başlayıb.