Futbolda növbəti mövsümdən tətbiq ediləcək yeni qaydalar açıqlanıb

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2025/2026-cı illər mövsümündən etibarən tətbiq ediləcək yeni qaydaları təsdiqləyib.

Yeniliklər qapıçıların davranışları, penaltilər, hakimlərlə ünsiyyət və oyunun ədalətli idarə olunması ilə bağlıdır. Ən diqqətçəkən məqam isə qapıçının topu əlində saxlama müddətinə məhdudiyyət qoyulmasıdır.

Qapıçının topu 8 saniyədən artıq əlində saxlaması qadağan edilir

Yeni qaydalara əsasən, qapıçı topu öz cərimə meydançasında 8 saniyədən çox əlində saxlayarsa, komandasının əleyhinə künc zərbəsi təyin olunacaq. Bu vaxta qolkiperin topu havaya atması, əlində saxlaması, yerə qoyması və ya tək əllə tutması da daxildir. Qapıçının ayaqda və ya yerdə olması fərq etməyəcək. Topun qolkiperin tam nəzarətində olduğu andan etibarən hakim saymağa başlayacaq. İlk dəfə bu qaydanı pozan qapıçı üçün yalnız künc zərbəsi təyin ediləcək. Bu hal ikinci dəfə yaşanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntu zamanı isə sarı vərəqə veriləcək. Qapıçı hansı künc bayrağına daha yaxındırsa, zərbə həmin küncdən yerinə yetiriləcək.

Təsadüfi iki toxunmaya görə penalti zərbəsi yenidən vurulacaq

Futbol qaydalarına görə, penalti zərbəsi zamanı oyunçu topa yalnız bir dəfə toxunmalıdır. Əgər iki dəfə toxunarsa, bu qayda pozuntusu sayılır və vurduğu qol ləğv olunur. Yeni mövsümdən etibarən penalti zamanı oyunçu təsadüfən topa iki dəfə toxunsa (ayağı sürüşsə və topa nəzarətsiz şəkildə toxunuş etsə) qol sayılmayacaq, amma penalti təkrarlanacaq.

Hakim qərarlarında yalnız kapitanla ünsiyyət qurulacaq

Yeni qaydalara əsasən, hakimin verdiyi önəmli qərarlarda və ya VAR ilə əlaqəyə keçdiyi hallarda yalnız komanda kapitanı onunla danışa biləcək. Digər oyunçular hakimi mühasirəyə alaraq qərara etiraz edə bilməyəcəklər. Bu qaydaya əməl etməyən futbolçular vərəqə ilə cəzalandırılacaq. Əgər komandanın kapitanı qapıçıdırsa, onun yerinə başqa bir oyunçu əvvəlcədən seçilərək referiyə bildirilməlidir.

Topun kimə veriləcəyi son toxunuşla deyil, nəzarətlə müəyyənləşəcək

Əvvəllər oyun dayandırıldıqda top ona son toxunan komandaya verilirdi. Bu isə bəzi hallarda narazılığa səbəb olurdu. Yeni mövsümdən hakim topun hansı komanda tərəfindən aydın şəkildə nəzarətdə saxlandığını görərsə, top həmin komandaya veriləcək.

Ehtiyat oyunçu və ya məşqçi topa təsadüfən toxunarsa, vərəqə göstərilməyəcək

Əvvəlki qaydalara görə, texniki zonadakı bir məşqçi və ya ehtiyat oyunçu top meydanı tərk etməmiş ona toxunduqda sarı vərəqə göstərilir və cərimə zərbəsi təyin edilirdi. Yeni qərara əsasən, əgər bu toxunuş təsadüfən baş veribsə, artıq vərəqə göstərilməyəcək və oyun sərbəst zərbə ilə davam etdiriləcək.

Ofsaydda qapıçıya dair vacib dəyişiklik tətbiq ediləcək

Oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsində topa ilk toxunma anı əsas götürülür. Əgər bu toxunuş qapıçı tərəfindən edilirsə, onun topu əlindən buraxdığı an – yəni, sonuncu təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsayd qərarlarının daha dəqiq verilməsinə şərait yaradacaq.//Azərtac