TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır. “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”, - deyə nazir əlavə edib.