QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

QMİ-dən verilən məlumata görə, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərinin səy və təşəbbüsləri sayəsində dövlətimizin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb. Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Şeyxülislam A.Paşazadə görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərlərini qonaqlara təqdim edərək xüsusi qeyd edib ki, yalnız qonaqlarla görüşərkən deyil, biz hər zaman bir yerdəyik, bütün tədbirlərdə birgə iştirak edirik. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

QMİ sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən keçirdiyi yüksəksəviyyəli görüşlər, din xadimləri və ictimai liderlərlə ünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyaların artdığından məmnunluğunu ifadə edib. Şeyxülislam A.Paşazadə ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin iştirakı ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanmasının tarixi əhəmiyyət kəsb etdiyini, ölkəmiz və bölgə üçün xeyirlərə vəsilə olacağını vurğulayıb.

Şeyxülislam A.Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda və ölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrinin harmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarını vurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnək birgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünya ölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd edib.

QMİ sədri yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidenti Ravvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusi dəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündən bəhs edib. Şeyxülislam A.Paşazadə Ravvin A.Şnayerin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb. O, Ravvin A.Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyini vurğulayıb. Bildirib ki, Artur Şnayerin oğlu Mark Şnayerin də ölkəmizin dostu olmasını yüksək qiymətləndirir.

A.Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığı, Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib. "Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər - məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur", - deyə QMİ sədri bildirib.

Şeyxülislam A.Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin himayədarı olduğuna, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir.

Dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan şeyxülislam A.Paşazadə qeyd edib ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın ev sahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda şeyxülislam A.Paşazadə ABŞ nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.