Prezident İlham Əliyev: Bizim iradəmizin qarşısında heç kim dura bilməz (TAM NİTQ)
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.
Bu barədə Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirib.
Prezident İlham Əliyevin çıxışı
-Mən sizi ürəkdən salamlayıram. Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir.
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır.
Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə - birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin.
Beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək – bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq - xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.
Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik. Ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Mənfur Minsk qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində Minsk qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz.
Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq “soyuq savaşı”nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır.
Bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Bilmirəm, dünyada buna oxşar ədalətsizliklə üzləşən xalqlar var, yoxsa yox, - bəlkə də var, - amma son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. Belə hallar dünyada var. Biz nə birinci idik, nə də sonuncu. Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar. Bax, bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü burada bariz şəkildə göstərir. Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi. Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir.
Müsəlman ölkələri. Onlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim təkliflərimizə həmişə müsbət reaksiya verərək, lazım olan qərar və qətnamələri qəbul etmişdilər. Ancaq bütövlükdə götürəndə bizim müharibəmiz və işğal tariximiz bütün başqa, buna oxşar hadisələrdən fərqlənir. Çünki yenə də deyirəm, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı. Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq.
Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik.
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı. Orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək. Daha iki məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çoxmərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir.
Onu da hər kəs yaxşı bilir ki, təkcə Ağdamda deyil, azad edilmiş bütün başqa ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Mən dünən Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olmuşam. Artıq 30-dan çox rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq.
Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir. Hazırda biz vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam-Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq.

