Binə qəsəbəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb

Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində fiziki şəxs Emil Yoldaşovun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

FHN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

Qeyd olunub ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.