Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 75,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 75,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə olmaqla 890 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

