Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair paylaşım edib

Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib.

O, görüşün iki saatdan artıq davam etdiyini bildirib.


Prezident köməkçisi bildirib ki, iki ölkə arasında ikitərəfli münasibətlərin digər sahələrində olduğu kimi, etimad quruculuğu tədbirləri—xüsusilə “Track 2 diplomacy” (ekspertlər, QHT-lər, akademiklər, keçmiş rəsmilər, vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan müzakirələr) - mahiyyət etibarilə ikitərəfli xarakter daşıyır.


Hikmət Hacıyev müzakirələrdə vurğulayıb ki, Azərbaycanın gündəliyi yalnız sülhə yönəlib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”.


Prezidentin köməkçisi TRIPP layihəsinin həyata keçirilməsinin Ermənistan üçün tranzit ölkə kimi yeni imkanlar vəd etməsinə də diqqət çəkib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”.


Hikmət Hacıyev Ermənistanın daxili siyasi mühitində revanşist qüvvələrin mövcudluğu və onların müharibə çağırışlarının regionda sabitliyə təhdid yaratdığı diqqətə çatdırıb: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”.


Qeyd edək ki, Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.