Naxçıvanda 53 kiloqramdan çox metamfetamin aşkar edilib

Naxçıvanda gömrük nəzarəti zamanı xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, qurumda aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı əməliyyat uğurla həyata keçirilib.

Məlumata görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü daşıyan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Yoxlama zamanı iki paletdə yerləşən 312 ədəd açıq mavi rəngli plastik qabda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817,183 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.