Qırğızıstan DİN: Atambayev tərəfdarları 6 xüsusi təyinatlını saxlayıblar - YENİLƏNİB

Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) keçmiş prezident Almazbek Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgərin saxlanıldığını açıqlayıb. 

APA "İnterfaks"a istinadla xəbər verir ki, DİN Atambayev tərəfdarlarından əsgərlərin sərbəst buraxılmasını tələb edib. 

Nazirlik bunun üçün Atambayevin nümayəndələri ilə danışıqlar aparıldığını qeyd edib. “RİA Novosti” isə xüsusi təyinatlıların artıq sabiq prezidentin evinin yerləşdiyi Koy-Daş kəndindən çıxarıldığını yazıb. 

 
Millət vəkili Asel Koduranova deyib ki, sabiq prezidentin tərəfdarları saxladıqları 6 əsgəri səhər azad etməyə hazırdırlar. 

Lakin onlar əvvəlcə hüquq-mühafizə orqanlarının Koy-Daş kəndində elektrik enerjisini, həmçinin Atambayevin evində telefon və internet bağlantısını bərpa etməyi tələb edirlər. 

Günün sonuna qədər baş vermiş insidentlər zamanı ümumilikdə 43 nəfərin yaralandığı, təhlükəsizlik qüvvələrindən isə bir nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb ki, tətildə olan Prezidenti Sooronbai Jeenbekov məlum hadisələrlə əlaqədar təcili Bişkekə qayıdıb və Təhlükəsizlik Şurasının iclasını keçirib. Sosial şəbəkələrdə isə avqustun 8-də parlamentin fövqəladə toplantısının keçirilə biləcəyi barədə fikirlər yayılıb. 
 

****

21:02

 

“Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev evindədir”.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə sabiq prezidentin müşaviri açıqlama verib. 

Bildirilir ki, xüsusi təyinatlıların Atambayevin Koy-daş kəndindəki evinə basqın zamanı onlara mane olmaq istəyən kənd sakinlərindən yaralananlar var.


***

19:17

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb. 

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda xüsusi təyinatlılar sabiq prezidentin iqamətgahında əməliyyat keçirir. 

***

19:07

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilir. 

APA-nın 24.kg saytına istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatına başlayıb. 

İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb. 

Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var. 

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.