Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

Avropa İttifaqı Amazon meşələrində yanğınla mübarizədə Braziliyaya maliyyə yardımı göstərməyə hazırdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Fransada G7 sammiti ərəfəsində Avropa İttifaqı Şurasının başçısı Donald Tusk bildirib. “Amazonun yanan tropik meşəsi zəmanəmizin daha bir məyusedici simvoludur... Söhbət bizim “olum ya ölüm” məsələmizdən gedir. Avropa İttifaqı yanğınla mübarizə üçün maliyyə köməyi göstərməyi təklif etməyə hazırdır”, - Tusk mətbuat konfransında belə deyib.

Amazon meşələrində güclü yanğınlar üç həftədir davam edir. Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun peyk məlumatlarının analizinə əsasən, onların miqyası ötənilki yanğınların sahəsini 82 faiz üstələyir.

Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl Amazon yanğınları ilə bağlı vəziyyəti beynəlxalq böhran adlandırmış və G7 ölkələrini bu problemi sammitdə müzakirəyə çıxarmağa çağırmışdı.