İran ABŞ-da fəaliyyət göstərən Demokratiyanın Müdafiə Fonduna qarşı sanksiya tətbiq edib

İran ABŞ-da fəaliyyət göstərən Demokratiyanın Müdafiə Fonduna və onun direktoru Mark Duboviçə qarşı sanksiya tətbiq edib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Müsəvi bəyanat yayıb. O bildirib ki, bu fond ilə əməkdaşlıq edən şəxslərin siyahısı dəqiqləşdirilir. Həmin siyahı hazır olduqdan sonra orada adı göstərilənlərə qarşı da sanksiyalar tətbiq ediləcək. Müsəvi qeyd edib ki, bu təşkilat ABŞ administrasiyasına güclü təsirə malikdir və məhz onun hazırladığı təkliflər əsasında İrana qarşı iqtisadi terror həyata keçirilir.

Dünya mətbuatında ABŞ-ın bu fondu beyin mərkəzi kimi qələmə verilir. Əslində isə fondun əsas işi Vaşinqton administrasiyasının sifarişlərini yerinə yetirərək bu və ya digər dövlətə qarşı təzyiqlər təşkil etmək və qara piar hazırlayıb reallaşdırmaqdan ibarətdir. ABŞ hər hansı bir dövləti öz müstəqil yolundan döndərmək üçün bu fondun xidmətindən istifadə edir.

Nazirliyin rəsmisi bildirib ki, sanksiya tətbiq etmək siyasəti məhz bu fondun ideyasıdır ki, ABŞ Prezidenti də onu həyata keçirir.

 

Rabil Kətanov