Məhkəmə sabiq prezident Atambayevin inşa etdirdiyi məscidi müsadirə edib

Bişkekin Pervomayski Rayon Məhkəməsi sabiq prezident Almazbek Atambayev tərəfindən inşa edilən məscidi müsadirə edib.

Bu barədə Qırğızıstan Baş Prokurorluğunun Mətbuat xidməti bildirib.


Mətbuat xidmətinin məlumatına görə, Hərbi Prokurorluq tərəfindən sabiq prezidentə qarşı cinayət işinin istintaqı zamanı "7 aprel qəhrəmanları” məscidinin Atambayev tərəfindən tikildiyi müəyyən edilib. Onun yerləşdiyi ərazi isə əslində Atambayevə məxsus olan "Forum” tədqiqat və istehsal şirkəti tərəfindən qeydiyyata alınıb.


Baş Prokurorluq bildirib ki, məscidin tikilməsi üçün istifadə olunan vəsaitin mənbələri araşdırılır.


Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Atambayevin həbs olunması üçün avqustun 6-da xüsusi əməliyyat keçirilib və avqustun 8-də o saxlanılıb.


Məhkəmə onun oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar çıxarıb.


Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.