Pentaqon öz vəsaitinin bir hissəsinin sərhəd divarının inşasına yönəldilməsinə razıdır

Sentyabrın 3-də Pentaqon müdafiə ehtiyacları üçün ayrılmış vəsaitin 3,6 milyard dollarını Prezident Donald Trampın ABŞ-Meksika sərhədində divarın inşasına yönəltməyə razılıq verib.

ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Pentaqonun 127 hərbi obyektinin tikintisi layihələrinə ayrılmış maliyyə vəsaiti sərhəd divarının inşası üzrə 11 layihəyə yönəldiləcək. Onun sözlərinə görə, sonuncu ölkənin cənub sərhədlərində fövqəladə vəziyyətlə bağlı Silahlı Qüvvələrin dəstəklənməsi baxımından zəruridir. Pentaqonun rəhbəri qeyd edib ki, sərhəd divarının inşası layihələri ölkəyə qanunsuz girişin qarşısını alacaq, baryerlərin tikildiyi yerlərdə əlavə personalın saxlanılmasına tələbatı azaldacaq və Müdafiə Nazirliyinin yerlərdəki bölmələrinin xərclərini minimuma endirəcək.

Qeyd olunub ki, həmin 3,6 milyard dollar vəsait Meksika sərhədi boyu 175 mil divarın tikintisinə sərf olunacaq.

Yusif Babanlı