ZƏLZƏLƏLƏR, ONLARIN GENETİK TƏSNİFATI, COĞRAFİ YAYILMASI, PROQNOZU VƏ QORUNMAQ ÜÇÜN DAVRANIŞ QAYDALARI

Hamlet Mayılov, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin sektor müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

Bəlli olduğu kimi təbii fəlakətlər ölkələrin iqtisadiyyatına, infrastrukturuna böyük ziyan vurur. Ən əsası isə böyük miqdarda insan tələfatına səbəb olur. Təbii fəlakətlərdən ölkəmiz üçün ən təhlükəli olanı zəlzələdir. Tarixən Azərbaycanda dağıdıcı zəlzələlər çox olmuşdur və indi də onlar arabir qeyd olunmaqdadırlar. Seysmiklik nöqteyi-nəzərindən Azərbaycan ərazisi Alp-Himalay seysmik qurşağında yerləşmişdir. Bu ərazinin seysmikliyi Avrasiya və Ərəbistan litosfer plitələrinin qarşılıqlı təsirinin nəticəsidir. Azərbaycanın ərazisində gücü 6 bal və ondan daha yuxarı olan zəlzələlər baş vermişdir.
Seysmik aktivlik səviyyəsinə, güclü və zəif zəlzələ epimərkəzlərinin paylanma xarakterinə görə respublika ərazisi bir neçə seysmik zonaya ayrılır. Bunlar Böyük Qafqazın Cənub yamacı, Kür depressiyası, Kiçik Qafqazın şimal yamacı, Talış, Qusar-Şabran və Mərkəzi Xəzər zonalarıdır.
Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş Idarəsinin sektor müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Hamlet Mayılovun zəlzələlərlə bağlı hazırladığı məqaləni diqqətinizə təqdim edirik.
"Yer və İnsan"

 

Zəlzələ mənşəyinə görə geoloji amil olmaqla təbii qüvvələrin təsiri ilə yerin müxtəlif dərinliklərində baş verən, həmçinin yer səthində müxtəlif gücə malik təkanlar şəklində özünü göstərən (biruzə verən) yer qabığının müəyyən sahəsinin qəflətən və kəskin şəkildə titrəyişləridir. Bu titrəyişlər bəzən yeraltı uğultular törədir, yerin səthində dalğavari hərəkətlərin yaranmasını təmin edir və çatların əmələ gəlməsinə şərait yaradır. Zəlzələlərin dağıdıcı təsiri, adətən, böyük fəlakətlərlə nəticələnir. Bu zaman binalar, yollar və s. tikinti obyektləri dağılır, hətta bəzən çoxlu sayda insan tələfatı olur.
Zəlzələlərin tədqiqi ilə xüsusi geofiziki elm sahəsi olan seysmologiya (yunan sözü olub titrəyişlər haqqında elm deməkdir) məşğuldur. Zəlzələlərin əmələ gəlməsi, inkişafı və müəyyən mühitdə yayılması ilə əlaqədar olan bütün hadisələrə seysmik hadisələr deyilir. Yer qabığında əmələ gələn və sahə boyunca yayılan elastik dalğalar da seysmik hadisələrə aiddir. İntensivliyindən asılı olaraq seysmik hadisələr üç qrupa bölünür: mikroseysmik – ancaq xüsusi cihazlar vasitəsilə müəyyən edilir; makroseysmik – insanın hiss orqanları ilə duyulur; nəhayət, meqaseysmik – tikinti və qurğuların dağılması, yer qabığında deformasiyaların baş verməsi ilə nəticələnir.
Bütün Yer kürəsində il ərzində bir neçə min zəlzələnin baş verdiyi qeyd edilir. Orta hesabla hər dəqiqədə Yer səthində bir-iki seysmik təkan baş verir. Demək olar ki, bu fasiləsiz təkanlardan dağıntılara səbəb olan güclü zəlzələlərin payına olduqca az bir hissəsi düşür. Orta hesabla hər il Yer səthində 1 fəlakətli (katastrofik), 10 güclü dağıdıcı, 100 dağıdıcı və 1000 tikilinin zədələnməsi ilə müşayiət edilən zəlzələlər baş verir.
Əhalinin sıx şəkildə məskunlaşdığı rayonlarda güclü zəlzələlər çoxlu sayda insan tələfati ilə müşayiət edilir və çox böyük həcmdə material itkisinə səbəb olur. Hesablanmışdır ki, son 3-4 min il ərzində zəlzələlərdən 15 milyona qədər insan həlak olmuşdur. Zəlzələlər bir neçə dəqiqə ərzində inkişaf edən, çiçəklənən şəhərləri xarabalığa çevirmişdir. Məsələn, 1962-ci ilin sentyabr ayında çox güclü zəlzələ İranda baş vermişdir. Zəlzələ nəticəsində bir sıra şəhərlərdə böyük dağıntılar baş vermiş, yüzlərlə kənd yerləyeksan olmuş, həmçinin 20 minə qədər insan tələf olmuşdur.
Adətən, güclü zəlzələlər zamanı yer səthi relyefinin əhəmiyyətli dərəcədə dəyişilməsi baş verir, dərin çatlar əmələ gəlir və bu çatlar üzrə yanaşı olan sahələrin qarışması müşahidə edilir. Dik yamaclarda uçqun və sürüşmələr baş verir, çaylar yatağını dəyişir və s.
1957-ci ilin 4 dekabr tarixində fəlakətli zəlzələ Qərbi Monqolustanda, Ulan-Bator şəhərindən 650-700 km cənub-qərbdə baş vermişdir. Onun zərbəsi – gurultusu qərbdə Bayan-Tsaqan sıra dağlarından şərqdə Artsa-Boqdo dağınadək Monqolustan Altayının çox böyük ərazisində hiss edilmişdir. Güclü zərbələr 5 dəqiqəyədək davam etmişdir, lakin sonrakı daha zəif təkanlar dekabr ayının 20-dək müşahidə olunmuşdur. Dağ silsilələrinin cənub ətəklərində yerləşən bütün yaşayış məntəqələri xarabalığa çevrilmiş, bəzi ərazilərdə insan tələfatı və kütləvi mal-qara ölümü olmuşdur. Yer səthində zəlzələnin gücü 11 bala çatmışdır. Zəlzələ Monqalustan Altayının böyük ərazisinin qalxması ilə müşayiət edilmiş, uzunluğu yüzlərlə kilometrə çatan çat-qırılıb düşmələr, nəhəng uçqunlar əmələ gəlmiş, bulaq və çayların rejimi dəyişmişdir. Baş vermiş zəlzələ nəticəsində Monqolustan Altayının (Qurban-Boqda dağ silsiləsi) bütün şimal sahəsi 5-7 m, onun ayri-ayri zirvələri isə daha böyük yüksəkliyə qalxmışdır.
Zəlzələlərin baş verdiyi zaman böyük enerji yaranır. Bu enerji özünü sıçrayışlar şəklində büruzə verərək ətraf mühitin müqavimətinə üstün gəlir, yer qabığında deformasiyalar baş verir. Yaranan elastik dalğalar geniş sahələr boyunca yayılır.
Tektonik plitələrin konverqent sərhədlərində ya kolliziya – plitələrin toqquşaraq bir-birini itələməsi ya da subduksiya - okean dibi plitəsinin kontinental plitəsi altına girməsi müşahidə edilir. Kolliziya zamanı plitələrin toqquşma sərhədləri boyunca intensiv deformasiya, aktiv dağəmələgəlmə prosesləri başlanır və bu proseslər vulkanlar və zəlzələlərlə müşayiət edilir. Alp, Ural, Himalay və Qafqaz dağları məhz tektonik plitələrin kolliziyasının nəticəsi olaraq meydana gəlmişdir. Subduksiya prosesi zamanı isə okean çökəklikləri formalaşır, astenosferaya (sıyıq şəkildə olan maqmatik qata) gömülən okean plitəsinin dağılması baş verir. Gömülən okean qabığı öz növbəsində astenosfer kütləsini (maqmanı) səthə çıxarır, nəticədə isə vulkanlar və zəlzələlər baş verir, vulkanik ada qövsləri (məsələn, Yaponiya və Filippin adaları) əmələ gəlir.
Müasir təsəvvürə görə tektonik zəlzələlər qırılmalar boyunca blokların (plitələrin) hərəkəti zamanı alınan mexaniki gərginliyin qısamüddətli təsiri nəticəsində əmələ gəlir. Süxurlardakı sürtünmə yerdəyişməyə maneəçilik törədir, beləliklə də enerjinin toplanmasına əlverişli şərait yaradır. Blokların hərəkəti süxur hissəcikləri arasındakı ilişmə qüvvəsindən asılıdır. Zəlzələ nəticəsində əmələ gəlmiş gərginlik süxurların ilişmə qüvvəsinə üstün gələrsə, o zaman blokların qırılmalar boyunca yerdəyişməsi də təmin ediləcəkdir.
Zəlzələlərin yaranması bu və ya digər halda bilavasitə litosferdəki blokların mövcud qirilmalar boyunca hərəkətidir. ABŞ-ın qərb sahili boyunca uzanan məşhur San-Andreas qirilması üzərində uzun illərdən bəri aparılan geoloji müşahidələr nəticəsində müəyyən edilmişdir ki, burada vaxtaşırı baş verən qısamüddətli zəlzələlər bilavasitə litosferdə blokun fasiləli surətdə horizontal istiqamətdə yerdəyişməsi ilə əlaqədardır. Blokun hərəkəti isə onların yerdəyişməsi üçün lazım olan kifayət miqdarda mexaniki enerjinin toplanmasından asılıdır. Kaynazoy erası müddətində həmin blokun yerdəyişməsi 200 km-dək çatmış və bu hərəkət hal-hazırda da 5 sm/il orta sürətlə davam edir. San-Andreas qırılması ilə əlaqədarolaraq baş verən zəlzələlər böyük ziyan verir. 1906-cı il aprelin 18-də qəfləti üfqi yerdəyişmə nəticəsində baş vermiş dağıdıcı zəlzələ zamanı yaxınlıqdakı San-Fransisko şəhəri tamamilə dağılmaqla bərabər böyük yanğınlara da məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır.
Fəlakətli zəlzələlərdən 1 noyabr 1755-ci il tarixində Atlantik okeanında baş vermiş və çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılar törətmiş zəlzələni də misal göstərmək olar. Bu zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15 minə yaxın ev dağılmış, 50 min nəfərə yaxın isə insan tələfatı olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi tsunami (yapon sözüdür, mənası dalğa deməkdir) əmələ gətirmişdir, hündürlüyü 30 m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa və Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. Böyük su dalğaları, həmçinin Cənubi Amerika sahillərinə də gedib çatmışdır.
Yaponiyada, Tokio şəhərindən 60-80 km cənubda - Saqami körfəzində 1 sentyabr 1923-cü il tarixində baş vermiş dəhşətli zəlzələ nəticəsində Tokio və İokaqama şəhərləri tamamilə dağılmış, 143 minə yaxın insan tələfatı olmuş və 0,5 milyondan çox tikinti yerlə yeksan olmuş, həmçinin körfəz dibinin ayrı-ayrı hissələri onlarla metr hündürlüyə qalxmış və enmişdir.
Türkiyənin İzmit şəhərində 7 avqust 1999-cu il tarixində fəlakətli zəlzələ baş vermiş və nəticədə 18 minə yaxın insan həlak olmuş, 300 min nəfər isə evsiz qalmışdır, 110 km məsafədə 2,5-3 m amplitudla yerdəyişmələr qeydə alınmışdır.
Aparılmış tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, bütövlükdə tektonik zəlzələlər üçün aşağıdakı əlamətlər xarakterikdir: 1) makro- və meqaseysmik hadisələrin yayılma radiusunun əhəmiyyətli qiymətə (1500-2000 km-ə) çatması; 2) çox vaxt bütün yer kürəsini əhatə edən mikroseysmik hadisələrin geniş yayılması; 3) cavan dağ qurşaqları və qırılma zonaları boyu pleystoseyst əyalətlərin ( zəlzələlərin dağıdıcılıq təsirinə daha çox məruz qalmış sahələrin) uzanmasının tez-tez müşahidə edilməsi; 4) pleystoseyst əyalətlərdə yer səthinin əhəmiyyətli dərəcədə dəyişməsi və süni qurğuların güclü şəkildə dağılması; 5) pleystoseyst əyalətlərin böyük ölçülərə malik olması.
Baş verən hər bir zəlzələ güclü səs effekti ilə müşayiət edilir. O gah göy gurultusuna, gah partlayış səsinə, gah qatar guppultusuna, gah külək vıyıltısına, gah artilleriya mərmisinin səsinə, gah partlayış səsinə və s. bənzəyir. Zəlzələnin səsi mədənlərdə, mağaralarda, əl quyularında, böyük ölçülü açıq çatlar yanında daha güclü şəkildə eşidilir. Bu yəqin ki, səsin hava ilə müqayisədə süxurlarda daha sürətlə yayılması ilə əlaqədardır. Səs və titrəyişlər müxtəlif sürətlə yayılır. Episentrdə səsin yayılması titrəyişlərin yayılmasını əsasən üstələyir, ondan uzaqlaşdıqca isə, əksinə, gecikir (ləngiyir). 26 aprel 1966-cı il tarixində Daşkənd şəhərində baş vermiş güclü tektonik zəlzələ nəticəsində şəhərin mərkəz hissəsində çoxlu sayda köhnə tipli yaşayış evləri, fabrik və zavodlar, xəstəxanalar, məktəblər, bir sıra dövlət və ictimai müəssisələr dağılmışdır. Birinci təkan yeraltı uğultu, gumbultu və işıq saçan alovla müşayiət edilmişdir. Zəlzələnin maqnitudu 5,3, ayrılan enerjinin miqdarı isə 106,5 erq olmuşdur. Daşkəndin mərkəzi hissəsində titrəyişlərin intensivliyi 8 balla qiymətləndirilmişdir. Əsas təkan 2 il ərzində baş verən avterşoklarla müşayiət edilmişdir. 1969-cu ilin sonunda onların ümumi miqdarı müxtəlif gücə malik olmaqla 1100-ə çatmışdır. Zəlzələnin əhatə etdiyi sahə (10 km2-ə yaxın) çox da böyük olmamışdır və yalnız şəhərin mərkəzi hissəsini əhatə etmişdir, onun ocağının yatma dərinliyi cəmi 8 km-ə yaxın olmuşdur. Zəlzələnin şimal-qərb istiqamətində uzanan qırılma boyu baş verən vertikal və horizontal hərəkətlərlə əlaqədar olduğu müəyyən edilmişdir. Geoloq və seysmoloqların gəldiyi nəticəyə görə Daşkənd zəlzələsi ayrılan enerjiyə, ocağının dərinliyinə və dinamik parametrlərinə görə adətən adi zəlzələ hesab edilir.
Ehtimala görə, dərin fokuslu zəlzələlər ancaq blokların vertikal istiqamətdə hərəkəti ilə əlaqədardır. Okean sahələrində zəlzələlərin çox dar zonalar boyunca yayılmasından belə güman edilir ki, onların baş verməsi okean qabığının fasiləli olaraq qitə qabığının altına doğru irəliləməsinin nəticəsidir.
Yer qabığının üst hissəsində (6-8 km dərinliklərdə) baş verən tektonik zəlzələlər mexaniki gərginliyin nəticəsində əmələ gəlir. Qısa fokslu zəlzələlər tez sönür və episentrdə onun təsiri zəif olur. 1948-ci ildə Aşqabadda baş verən zəlzələ tektonik zəlzələ idi. Zəlzələ Paleozoy bünövrəsindən ibarət blokun vertikal istiqamətdə hərəkəti nəticəsində baş vermişdir. Episentrdə zəlzələnin gücü 8-9 bal olmuşdur.
Azərbaycanda da müxtəlif vaxtlarda fəlakətli zəlzələlər (Gəncədə, Şamaxıda - 4 dəfə, Abşeron yarımadasında, o cümlədən Bakı şəhəri ərazisində - 9 dəfə, Ağdaşda və Zaqatalada) baş vermişdir. XVII əsrin ikinci yarısında Şamaxıda 2 zəlzələ, XIX əsrdə 3, XX əsrin əvvəllərində isə 1 zəlzələ qeydə alınmışdır. 1667-ci ildə Şamaxıda 6,9 bal gücündə baş vermiş zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişmişdir. Bu zəlzələ Azərbaycan tarixinə ən dəhşətli zəlzələ kimi düşmüşdür, Şamaxı şəhəri tamamilə dağılmış, dağların zirvələri parçalanaraq qonşu dərələri örtmüş, orada yurd salmış sakinlər öz heyvanları ilə birlikdə torpaq altında qalaraq həlak olmuşlar. Şamaxıda 1669-cu ildə baş vermiş 5,7 bal gücündə zəlzələ zamanı isə 7 min insan həlak olmuşdur. 1828-ci ildə Şamaxıda baş vermiş zəlzələnin gücü 5,7 balla qiymətləndirilmişdir, ölən və yaralananlar barədə məlumat yoxdur. Şamaxıda 1859-cu ildə 5,9 bal gücündə baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmışdır və buna görə də Şamaxı quberniyasının mərkəzi Bakı şəhərinə köçürülmüş və bununla əlaqədar olaraq quberniyanın adı da dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. Zəlzələdən 100 min nəfər insan dünyasını dəyişmişdir. Məhz bu zəlzələnin gücü o qədər böyük olmuşdur ki, həmin hadisədən sonra “Şamaxı batan kimi” ifadəsi yaranmışdır, 1872-ci ci ildə 5,7 bal gücündə baş vermiş zəlzələ zamanı şəhərdə dağıntılar baş vermişdir, insan tələfatı barədə isə məlumat yoxdur. 1902-ci ildə Şamaxıda baş vermiş 6,9 bal gücündə zəlzələ zamanı 2 000 nəfərdən artıq insan həlak olmuş, minlərlə insan yaralanmış, 20 000 nəfərədək əhali evsiz-eşiksiz qalmış, 4 000 yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olmuşdur və həmçinin, yer səthində çatlar əmələ gəlmişdir.
Gəncə yaxınlığında 1139-cu il tarixində 6,3 bal gücündə zəlzələ baş vermişdir. Güclü təkan nəticəsində Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində bir sıra göllər (Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl) yaranmışdır. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olmuşdur.
Abşeron yarımadası ərazisində ilk zəlzələ 1842-ci ildə Maştağa kəndi yaxınlığında baş vermişdir. Onun dağıdıcı təsir gücü episentr sahəsində 8 balla qiymətləndirilmişdir. Zəlzələ nəticəsində xeyli tələfat olmuşdur. Daha sonralar Bakıda (1878-ci və 1910-cu ildə), Bilgəhdə, Zuğulbada (1928), Suraxanıda (1937), Nasoslu (indiki Z.Tağıyev) qəsəbəsində (1959), Nardaranda (1961) və digər sahələrdə müxtəlif intensivlikdə zəlzələlər qeydə alınmışdır. 25 noyabr 2000-ci il tarixdə Xəzər dənizində -Bakıdan 40-50 km məsafədə 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində çoxlu sayda evlər çat vermiş, zədələnmiş və dağılmışdır. Evlərin divarlarından və damından düşən daşlar 3 nəfərin ölümünə səbəb olmuş, 20 nəfər təlaş və ürək tutmasından dünyasını dəyişmişdir.
4 iyun 1999-cu il tarixində Ağdaşda 5,4 bal gücündə zəlzələ baş versə də insan tələfatı olmamışdır, 100-dən artıq ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Zaqatalada 2012-ci il tarixində baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində tikililərdə dağıntılar olsa da insan tələfatı baş verməmişdir.

Zəlzələlərin coğrafi yayılması
Zəlzələlər yer səthində qeyri-bərabər şəkildə yayılmışdir və onların müəyyən zonalar (seysmik qurşaqlar) daxilində cəmləşdiyi müşahidə olunur. Bəzi zonalarda bu tez-tez və güclü, digər zonalarda isə zəif və eyni zamanda az-az baş verir.
Yüksək intensivlikdə baş verən zəlzələlər Sakit okeanın ətrafında yerləşərək Sakit okean seysmik qurşağını təşkil edir. Kamçatka yarımadasının şərq sahillərindən başlayan bu seysmik qurşaq Aleut adalarını keçməklə Alyaskaya doğru uzanır. Bu zonada (qurşaqda) seysmiklik çox yüksəkdir. Kaliforniya ərazisi istisna olmaqla, onun cənub hissəsində seysmikliyin səviyyəsi nisbətən azalır. Sonra qurşaq mərkəzi Meksika, oradan isə Sakit okean sahilləri boyu cənubi Amerikaya tərəf uzanır. Digər tərəfdən bu iri seysmik qurşaq Kuril və Yapon adaları boyu keçir. Mərkəzi Yaponiyada zona iki (şərq və qərb) qola ayrılır, şərq qolu cənubda Marian adalarına qədər, qərb qolu isə Filippin adalarına keçməklə cənuba doğru istiqamətlənir. Dünyada baş verən bütün dərinfokslu zəlzələlərin 90 %-i, o cümlədən fəlakətli zəlzələlərin böyük əksəriyyəti bu zonada baş verir.
Yüksək seysmik aktivliyə malik olan digər zona Alp-Himalay seysmik qurşağı hesab edilir. Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazisindən keçməklə Hindistanın şimalına qədər uzanır. Yerdəki zəlzələlərin 5-6 %-i bu qurşaq daxilində, qalan 4-5 % zəlzələlər isə orta okean dağ sıralarını və rift (ingilis sözü olub yarğan, dərə mənasını verir) zonalarını əhatə edən zolaq daxilində baş verir.
Qafqaz, o cümlədən Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir.
Ərəbistan plitəsi Qirmızı dəniz və Ədən körfəzi rift zonaları boyunca Afrika meqaplitəsindən qırılaraq şimala doğru hərəkət edir. Bu yerlərdə rift zonalarının varlığı geoloji-geofiziki məlumatlarla sübut olunmuşdur (Ботт, 1974; Сорохотин, 1979). Rift zonalarında zəlzələlərin sayı, plitələrin subduksiya və kolliziya formalı təmas zonalarında baş verən zəlzələlərdən az, intensivlikləri isə nisbətən aşağı olur. Ərəbistan plitəsinin cənubunda və cənub-qərbində olan rift zonaları da nisbətən az saylı seysmik təkanlarla səciyyələnir. Tədqiqatlar burada horizontal genişlənmə gərginliyinin olmasını göstərir. Bu horizontal genişlənmə gərginliyi Ərəbistan plitəsini şimal istiqamətində hərəkət etməyə sövq edən yerdəyişmə qüvvələrinin əmələ gəlməsinə səbəb olur.
Ərəbistan plitəsinin Avrasiya meqaplitəsi ilə toqquşması nəticəsində onların arasındakı litosfer sahəsi Anadolu, İran, Qaradəniz, cənubi Xəzər mikroplitələrinə və Qafqaz meqablokuna parçalanır. Bu mikroplitələr, o cümlədən Azərbaycan ərazisinin də daxil olduğu cənubi Xəzər mikroplitəsi və Qafqaz meqabloku özünəməxsus hərəkət istiqamətləri ilə səciyyələnir və kifayət qədər yüksək seysmoaktivlikli dərinlik qırılmaları sistemləri ilə sərhədlənirlər.
Alp qırışıqlıq qurşağının mürəkkəb tektonik quruluşa malik bir elementi olan Qafqaz meqabloku və onun Azərbaycan hissəsi tektonik rejimi və struktur-fasial xüsusiyyətləri ilə fərqlənən müxtəlif hərəkət istiqamətli strukturlara ayrılır. Bu strukturları sərhədləndirən dərinlik qırılmalarının bir çoxu yüksək mütəhərrikliklə səciyyələndiyindən ərazidə yüksək seysmik aktivliyin yaranmasına səbəb olurlar.
Aparılmış geoloji-seysmoloji tədqiqatların nəticələri göstərir ki, seysmik qurşaq və zonalar yer səthini praktiki cəhətdən seysmik aktivlikdən məhrum edilmiş böyük ərazilərə bölür. Yüksək seysmik aktiv qurşaqlarla müasir vulkanizmin və cavan dağəmələgəlmə proseslərinin təzahür etdiyi qurşaqlar bir-birinə uyğun gəlir, yəni endogen proseslərin 3 əsas təzahür forması – vulkanizm, dağəmələgəlmə və zəlzələ məkanca əlaqəlidirlər.


Zəlzələlərin proqnozlaşdırılması
Hal-hazırda müasir seysmologiyanın ən mürəkkəb məsələlərindən biri də zəlzələlərin proqnozlaşdırılmasıdır. Bəs, ümumiyyətlə, zəlzələni proqnozlaşdırmaq mümkündürmü? Uzun illərdir ki, alimlər bu suala cavab axtarırlar. Məlumdur ki, Yer kürəsində sıx şəkildə yerləşdirilmiş minlərlə seysmik stansiya bizim planetin nəfəs almasını izləyir, cihaz və nəzəriyyələrlə təchiz edilmiş seysmoloq və geofiziklərin bütöv ordusu bu dəhşətli təbii fəlakətin proqnozlaşdırılması üçün səy göstərirlər.
Yerin təki heç zaman sakit olmur. Onda baş verən proseslər yer qabığının hərəkətinə səbəb olur. Onların təsiri nəticəsində planetin səthi deformasiyaya uğrayır, yəni o qalxır və enir, genişlənir və sıxılır, onda çox böyük – nəhəng çatlar əmələ gəlir. Sıx çat (yarıq) şəbəkəsi bütün Yer kürəsini əhatə edir, onu böyük və kiçik sahələrə (bloklara) parçalayır. Çatlar üzrə bloklar bir-birinə nəzərən yerini dəyişə bilərlər. Beləliklə, yer qabığı müxtəlif tərkibli materialdır, yəni süxurlardan ibarətdir. Onda baş verən deformasiyalar tədricən toplanır və müəyyən böhran həddini aşdıqda süxurların qırılması (dağılması), həmçinin bu qırılma üzrə qəfləti hərəkət – zəlzələ baş verir.
Zəlzələ proqnozu ehtimal xarakterli olub bir çox amillərdən – 1) ərazinin geoloji-geofiziki şəraitinin ətraflı öyrənilməsindən; 2) seysmik hadisələrin uzunmüddətli statistikasından; 3) yer qabığının (və ya litosferin) uzun müddətli çoxparametrli sıx monitorinqindən və 4) müxtəlif geofiziki sahələrdə, atmosferdə və hidrosferdə hər bir seysmik hadisədən öncə baş verən dəyişikliklərin retrospektiv analizindən asılıdır.
Rusiyanın seysmologiya sahəsində çalışan alimləri zəlzələlərin dərəcəsinə və məqsədinə görə aşağıdakı proqnoz növlərini fərqləndirirlər:
- 0-cı dərəcə (10-100 illik) – uzunmüddətli proqnoz, məqsədi mühüm obyektlərin, binaların seysmik dayanıqlığının və mülkün riskinin planlaşdırılmasından ibarətdir;
- 1-ci dərəcə (1-10 illik) – ortamüddətli proqnoz, məqsədi bina və texniki qurğuların möhkəmləndirilməsi üçün tədbirlərin görülməsindən və mülk üçün riskin təyin edilməsindən ibarətdir;
- 2-ci dərəcə (5-50 həftəlik) – qısamüddətli proqnoz, FHN tərəfindən hazırlıq tədbirlərinin görülməsindən və əhalinin maarifləndirilməsindən ibarətdir;
- 3-cü dərəcə (4-35 günlük) – operativ proqnoz, məqsədi FHN tərəfindən tibbi, yanğın və texniki xidmət müəssisələrində hazırlıq tədbirlərinin görülməsindən ibarətdir;
- 4-cü dərəcə (0,5-4 günlük) – gündəlik proqnoz, məqsədi müəssisənin iş rejiminin dəyişdirilməsindən və əhalinin bir yerdən başqa yerə köçürülməsindən ibarətdir;
- 5-ci dərəcə (1-10 saatlıq) – saatlıq proqnoz, məqsədi zəlzələnin episentrindən təxliyənin həyata keçirilməsindən ibarətdir;
- 6-cı dərəcə (6-60 dəqiqəlik) – dəqiqəlik proqnoz, məqsədi təhlükəli binalardan təxliyənin həyata keçirilməsindən ibarətdir;
- 7-ci dərəcə (30-300 saniyəlik) – saniyəlik proqnoz, dağıntıya qədər binanın tərk edilməsi üçün minimal vaxtdır.
Qeyd edilənlər göstərir ki, zəlzələlərin dərəcəsi artdıqca əhali üçün proqnoz məlumatların dəyəri (əhəmiyyəti) də artır.
Aparılmış müşahidə və tədqiqat işlərinin nəticələri göstətmişdir ki, hal-hazırda zəlzələlərin 600-dən artıq xəbərvericisi – müjdəçisi mövcuddur. Onlardan ən çox öyrəniləni (tədqiq ediləni) ərazinin seysmikliyi, yer qabığının hərəkəti, yer qabığının enən və qalxan sahələri, yer səthinin mailliyi, deformasiyası, seysmik dalğaların sürəti, geomaqnetizm, yerin (torpağın) elektrikliyi (elektrik müqaviməti), yeraltı sularda radonun miqdarı, əl və buruq quyularında qrunt sularının səviyyəsi, torpaq və torpaqaltı qruntların temperatur rejiminin və yer qabığında su və qazın kimyəvi tərkibinin dəyişilməsi, heyvanların hərəkət tərzi (davranışı), radio, teleqraf və elektromaqnit cihazların işindəki pozulmalardır. Kənd yerlərində yaşayan əhalinin zəlzələni öncədən bilmələri üçün diqqət yetirilməsinin vacib olduğu parametrlər aşağıdakılardır:
- evdə və bayırdakı itlərin səbəbsiz yerə hürməsi, təlaşla qaçması və ulaşması;
- ilan, siçan, kərtənkələ, qarışqa və soxulcanların yuvalarını tərk edərək üzə çıxması, qarışqaların hər bir hərəkətinin ayrı bir zəlzələ dərəcəsindən xəbər verən 15 tipik hərəkət nümayiş etdirməsi (zəlzələlərin gücü artdıqca onların ölüm faizi də 80%-dək yüksəlir, bu kütləvi ölümdən öncə qarışqalar bir araya gələrək ulduz şəkilli fiqur formalaşdırır və ölümə də bir yerdə gedirlər, onlar zəlzələdən əvvəl yer altından gələn elektromaqnit dalğalanmalardan narahat olaraq bu cür qeyri-adi davranışlara məcbur olurlar);
- qarğaların, qağayıların, sərçələrin göy üzündə qəribə hərəkətlər etməsi və səs çıxarması;
- bağçadakı və ya balkondakı bitkilərin zamansız çiçək açması, yarpaqların quruması;
- elektriklə işləyən ev əşyalarının qeyri-ənənəvi əlamətləri (ütü, soyuducu və internetin eyni vaxtda, səbəbsiz olaraq işləməməsi). İnternetin sürətinin yavaşlaması, kompyuter ekranının tarix və saatının dəyişməsi;
- üfüqdəki buludların qırmızılığının artması.
Yer qabığının azacıq deformasiyasını qeydə alan çoxlu sayda müxtəlif instrumental metodlar, cihazlar olmasına baxmayaraq zəlzələlərin dəqiq proqnozunu vermək mümkün olmamışdır.
Plitələrin hərəkəti zamanı bir yerdə toqquşma nəticəsində böyük dağ-qırışıqlıq qurşaqları əmələ gəldiyi halda digər yerdə, əksinə, okeanlar əmələ gəlməklə yarılma və parçalanmalar baş verir. Yer qabığını təşkil edən litosfer plitələrinin hərəkəti zamanı dağ süxurlarında böyük gərginlik yaranır. Bu gərginlik dağ süxurlarının möhkəmlik həddini aşdıqda süxurların qarışması ilə əlaqədar olaraq bir anda partlayış baş verir ki, buna da zəlzələ deyilir. Əgər biz onu qabaqcadan xəbər vermək istəyiriksə yerini, vaxtını və mümkün ola bilən gücünün proqnozunu verməliyik.
XXI əsrin əvvəllərində maqnitudu M=9,3, insan tələfatı 230 min nəfər olan güclü zəlzələ Sumatra-Andamanda; maqnitudu M=8,2, insan tələfatı 1300 nəfər olan zəlzələ Sumatra yaxınlığındakı Nias adasında; maqnitudu M=7,6, insan tələfatı 73 min nəfər olan zəlzələ Pakistanda; maqnitudu M=6,2, insan tələfatı 6618 nəfər olan zəlzələ Yava adasında; maqnitudu M=7,9, insan tələfatı 87 min nəfər olan zəlzələ Çinin Sıçyan əyalətində; maqnitudu 5,8, insan tələfatı 300 nəfər olan zəlzələ İtaliyanın tarixi şəhəri Akvila yaxınlığında; maqnitudu M=7,0, insan tələfatı 220 min nəfər olan zəlzələ Haiti adasında; maqnitudu 9,0-dan 4,0-dək dəyişən, insan tələfatı 28,5 min nəfər olan və ardıcıl şəkildə baş verən zəlzələlər isə Yaponiyanın Tokio şəhərinin şimal-şərq hissəsində və s. baş vermişdir.
Son 50 il ərzində güclü zəlzələlərin yerinin və vaxtının bir neçə gün qabaqcadan xəbər verilməsinə (proqnozuna) cəhd göstərilməsi uğursuz nəticələnmişdir (д.г-м.н Николай Короновский, к.г-м.н Альфред Наймарк, 2013). Ətraf mühitin müxtəlif parametrlərinin lokal sapmaları ayrı-ayrı zəlzələlərin xəbərvericisi, müjdəçisi ola bilməz. İnkar edilməməlidir ki, lazım olan dəqiqliklə qısamüddətli proqnoz, ümumiyyətlə, qeyri-mümkündür.
2012-ci ilin sentyabr ayında Avropa seysmoloji komissiyasının 33-cü Baş məclisinin (Moskva şəhəri) gedişatı zamanı Yer təkinin seysmologiyası və fizikası üzrə Beynəlxalq cəmiyyətin baş katibi P.Suxadolk yaxın zamanlarda seysmologiyada ciddi dəyişikliklərin (zəlzələlərin proqnozlaşdırılması ilə əlaqədar) baş verməyəcəyini etiraf etmişdir. Qeyd edilmişdir ki, 600-dən çox xəbərvericilər və onların heç bir komplekti (naboru) zəlzələlərin öncədən xəbər verilməsinə təminat vermir, bəzən onlar xəbərvericilərsiz də olur. Zəlzələlərin bəzi uğurlu (müvəffəqiyyətli) proqnozuna gəldikdə isə, qeyd etmək lazımdır ki, onlar reallıqla təsadüfən üst-üstə düşmələri ilə əlaqədardır. Məsələn, zəlzələnin ən təsirbağışlayan qısamüddətli proqnozu 1975-ci ildə Çində (Xayçen şəhərində) yerinə yetirilmişdir (verilmişdir). Bir neçə il seysmik aktivliyi müşahidə edən alimlər fevral ayının 4-də həyəcan elan etdilər. Şəhərin əhalisi küçələrə çıxarıldı, mağazalar və sənaye müəssisələri bağlanıldı. Maqnitudu 7,3 olan zəlzələ saat 19:36-da baş verdi, şəhər əhəmiyyətli dərəcədə dağıntılara məruz qaldı, ancaq insan tələfatı çox az oldu. Əfsuslar olsun ki, bu misal çox az olanlardan biri oldu.
Yer qabığında toplanan gərginlik onun xassələrinin dəyişilməsi ilə nəticələnir. Yerin gərginliyinin artması onda elastik dalğaların, elektrik keçiriciliyinin, yeraltı suların səviyyəsinin, radonun miqdarının və s. dəyişməsini şərtləndirir. Problem ondan ibarətdir ki, öncədən xəbərvericilər olduqca şıltaqdır, yəni dəyişkəndir. Onlar müxtəlif regionlarda özlərini müxtəlif cür (şəkildə) aparırlar. 1950-1970-ci illərdə aparılmış tədqiqatlar Daşkənd rayonunda, həmçinin şəhərində yeraltı sularda radonun miqdarı ilə seysmik aktivlik arasında korrelyasiyanın olduğunu göstərmişdir. Zəlzələdən öncə radonun miqdarı 100 km-ə qədər radiusda təkanlara qədər 7-9 gün ərzində dəyişmişdir, əvvəlcə (5 gün ərzində) maksimuma qədər artmış, sonra isə azalmışdır. Əfsuslar olsun ki, Qirğızıstan və Tyan-Şanda (1976-cı ildə) aparılmış oxşar tədqiqatlar möhkəm və dayanıqlı korrelyativ əlaqənin olmadığını göstərmişdir.
Yer qabığının elastik deformasiyası ərazinin hündürlüyünün nisbi cəhətdən sürətlə (aylar və illər ərzində) dəyişilməsinə gətirib çıxarmışdır. 1970-ci ilin əvvəllərində amerikalı mütəxəssislər Kaliforniyada düz San-Andreas qırılmasının (çatının) üzərində yerləşən Palmdeyl şəhərciyinin yaxınlığında yer səthinin qalxdığını aşkar etdilər. Hadisənin inkişafını izləmək və vaxtında xəbərdarlıq etmək məqsədi ilə xeyli güc, pul və avadanlıq sərf edildi. 1970-ci ilin ortalarında yer səthinin qalxması 35 sm-dək artdı. Həmçinin, yer qatında elastik dalğaların sürətinin tədricən azaldığı qeyd edildi. Öncəxəbərvericilər üzərində müşahidələr çox illər davam etdirildi, xeyli maddi vəsait sərf edildi, lakin fəlakətlər baş vermədi, yer tədricən öz normal vəziyyətinə qayıtdı.
Bir çox ölkələrdə olduğu kimi Azərbaycan ərazisində də zəlzələlərin proqnozu sahəsində müəyyən işlər aparılır. AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində ölkənin seysmoaktiv ərazilərində proqnoz məqsədli seysmoloji, geofiziki, geokimyəvi sahə parametrlərinin rejimi analiz edilir və öncəxəbərverici amillər müəyyənləşdirilir. Mərkəzin “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin rəisi, g-m.e.d Ramidə Kərəmova tərəfindən respublikanın seysmoaktiv rayonlarında yaradılmış 6 stasionar seysmogeokimyəvi stansiyada flüidlərin illik seysmokimyəvi monitorinqi əsasında seysmik şəraitin operativ qiymətləndirilməsi işləri aparılmış, avtomatlaşdırılmış texnologiyalar əsasında güclü zəlzələlərin seysmoproqnostik elementləri yaxın 1-16 gün üçün hesablanaraq təqdim edilmiş, Böyük Qafqaz dağlarının cənub yamacında – Zaqatala və Balakən rayonları ərazisində zəlzələ ocaqlarının yeri qabaqcadan proqnozlaşdırılmış, həmçinin bu texnologiyaların başqa seysmoproqnostik və geofiziki metodlarla müqayisədə yüksək effektivliyə və səmərəliliyə malik olduğu, qonşu ölkələr (Rusiya – Dağıstan, Çeçenistan, Gürcüstan, Türkiyə və İran) üçün operativ seysmoproqnozların (hiss olunan – güclü zəlzələlər) verildiyi bildirilmişdir.
AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirmişdir ki, təklif etdiyi İntellektual Monitorinq və Proqnozlaşdırma Sistemi gələcəkdə zəlzələ ocaqlarını və onların koordinatlarını əvvəlcədən aşkar etməyə imkan verəcəkdir. Müəllifə görə səs və küy təhlilinə əsaslanan sistem 300-400 km radiusda zəlzələni 5-20 saat əvvəlcədən xəbər vermək iqtidarındadır. Hazırda ölkədə 4 belə stansiya ( Qum adasında, Siyəzən, Şirvan və Naftalanda yerləşdirilmişdir) işləyir. İnformasiyanın daxil olduğu baş server Kibernetika İnstitutunda, digər iki server isə Fövqəladə Hallar və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində fəaliyyət göstərir. Alimin fikrincə bu 4 stansiyadan istifadə etməklə Azərbaycan öz seysmik təhlükəsizliyini təmin edəcəkdir, çünki zəlzələnin nəinki vaxtı, həm də koordinatlarının təyin olunması və gələcəkdə gücünün qiymətləndirilməsi mümkün olacaqdır. Seysmik hadisələrin təhlili üçün ARDNŞ-nin konservasiyaya qoyulmuş neft quyularından istifadə olunur. O quyularda quraşdırılmış qəbuledici-göstəricilər birbaşa institutdakı serverə bağlıdır ki, bu da real vaxt rejimində küləyin sürəti, təzyiq, temperatur və s. haqda informasiya əldə etməyə imkan verir. Bu informasiya isə siqnallar şəklində radiokanallarla idarəetmə mərkəzinə ötürülür. Hər bir siqnalın öz xüsusi müdaxilələri olur və bunlar anomal hadisələri proqnozlaşdırmağa imkan verir.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun prof. Kərim Kərimov zəlzələni 4-5 saat əvvəl müəyyən edən üsul kəşf etmişdir, bu kəşf nəinki zəlzələni, hətta onun ocağını (məkanını) da qabaqcadan deməyə imkan verir. “Onu ilk dəfə biz aşkar etmişik. Elektromaqnit sahəsində gedən dəyişikliyin əsasında zəlzələnin ortalama 4-5 saat, bəzən də sutka yarım öncədən baş verəcəyini deyə bilirik. Bu üsulla zəlzələnin harada baş verəcəyini də müəyyən etmək mümkün olacaqdır. Bununla da insanların təbii fəlakətə hazır olması barədə xəbərdarlıq verməklə itkilərin çox olmasının qarşısını almaq mümkündür” – deyən K.Kərimovun fikrincə üçbucaq şəklində 3 ədəd elektromaqnit sahəsini yazan stansiyalar qurulmalıdır. Bu stansiyalar həm zəlzələnin ocağı barədə məlumat verir, həm də onun istiqamətini müəyyən edir, istiqaməti göstərən xətlərin kəsişdiyi nöqtədə isə zəlzələ baş verəcəkdir.
“İNTERGEO-TETİS” Beynəlxalq elmi-texniki kompleksin, həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, prof. Elçin Xəlilov tərəfindən informasiya və kompyüter texnologiyalarının nailiyyətlərindən istifadə edilməklə zəlzələlərin qısamüddətli proqnozlaşdırma texnologiyası yaradılmışdır. Bundan əvvəl geofizika qurğularında tətbiq olunmayan prinsiplərdən istifadə etməklə yeni geofiziki cihaz – “ATROPATENA Zəlzələlərin proqnozlaşdırılması stansiyası” yaradılmış və bir-birindən böyük məsafədə - İndoneziya, Pakistan, Azərbaycan, Türkiyə və Ukraynada yerləşdirilən bu stansiyalar internet texnologiyası vasitəsilə vahid şəbəkədə birləşdirilmişdir. Şəbəkədə bütün stansiyalar tərəfindən qeydə alınan informasiya fasiləsiz olaraq mərkəzi məlumat bazasına ötürülür, burada təhlil edildikdən sonra isə Şərq yarımkürəsi üçün həftəlik proqnoz təqdim edilir.
E.Xəlilova görə güclü zəlzələnin baş verməsinə 3-7 gün qalmış, zəlzələ ocağında enerji miqdarı kritik həddə çatdıqda ondan bütün tərəflərə tektonik dalğalar yayılır və bu gün ATROPATENA stansiyasından başqa heç bir cihaz bu dalğaları qeydə ala bilmir. Qurulmuş hər bir stansiya tektonik dalğaları qeydə alaraq zəlzələ ocağına doğru istiqaməti müəyyənləşdirir və bu istiqamətləri əks etdirən düz xətlərin kəsişməsi gözlənilən təkanın (zəlzələnin) koordinatlarını təyin etməyə imkan verir. Müəllifə görə onun tərəfindən bugünədək 300-dən çox zəlzələ proqnozu verilmişdir və onlardan 91 %-i öz təsdiqini tapmışdır.
Hazırda müşahidə etdiyimiz artan seysmik fəallığın başlıca səbəbi planetimizin növbəti geodinamik aktivlik siklinə daxil olmasıdır. Artıq planetimizdəki bütün proseslər sərt qaydada siklliliyə tabedir və bu cəhətdən zəlzələ istisna deyildir. Son dövrlərdə Azərbaycanın bölgələrində və Xəzərdə seysmik fəallığın yüksəlməsi Qafqazda seysmik aktivliyin tədricən artmasına şahidlik edir. Azərbaycan Cənubi Qafqaz çökəkliyi ilə birgə praktiki olaraq tam şəkildə Azərbaycanın quru ərazisini, həm də Xəzər dənizinin cənub ərazisini əhatə edən “Cənubi Xəzər” mikrotavasında (mikroblokunda) yerləşir. Bu mikrotava şimal və cənubdan iki nəhəng yer qabığı bloku ilə sıxılı vəziyyətdədir. Onlar bir-birinə yaxınlaşaraq bizim kiçik tavanın litosferini getdikcə daha çox sıxır. Məhz bu səbəbdən regionda seysmik fəallıq artır.
Digər tərəfdən, bütün Böyük Qafqaz və Xəzərin mərkəzi hissəsindən Himalay dağlarına qədər həddən artıq böyük yer qabığı çatı – Benof zonası uzanır. O, başlanğıcını Alp dağlarından götürür. Bir vaxtlar, təxminən 150 milyon il bundan əvvəl bu ərazidə ən qədim okean olan Tetisin suyu dalğalanırdı. Üzərində Afrika kimi materik, Ərəbistan və hazırkı İranı daşıyan litosfer tavalarının şimala doğru üfüqi yerdəyişməsi nəticəsində okean “bağlanmış”, onun yerində isə qitələrin toqquşma sərhəddində dağ silsiləsi yüksəlmişdir. Böyük və Kiçik Qafqaz ərazisi bu prosesin nəticəsidir. Bu proses hazırda da davam edir, lakin daha az intensivliklə. Qeyd edilən ərazilərdə baş verən zəlzələlər bunun nəticəsidir. Bu qeyri-bərabər prosesdir, sıçrayışlarla baş verir, hər bir belə sıçrayış növbəti seysmik fəalliq artımı siklidir.
Zəlzələ fəlakətlərindən qorunmaq üçün E.Xəlilov tərəfindən də orijinal təklif irəli sürülmüşdür. O vurğulayır ki, zəlzələ zamanı insanların ölümünün başlıca səbəbi dağıntıları altında insanların qaldıqları binalardır. İnsanlar açıq yerdədirsə, o zaman ən pis halda təkanlar onları yerə yıxar və onlar kiçik zədələr alardı. Deməli, bütün problem tikinti texnologiyasındadır. Sadə misal: Haitidə 12 yanvar 2010-cu il tarixində baş verən zəlzələ zamanı təxminən 250 min nəfər həlak oldu, son 10 ildə Yaponiyada baş verən oxşar maqnitudlu onlarla təkan zamanı isə 1 nəfər belə olsun ölmədi. Səbəb binaların tikinti texnologiyasıdır. Belə ki, Haitidə evlər seysmik davamlı deyildi, Yaponiyada isə, əksinə, evlərin əksəriyyəti yüksək seysmik davamlılığa malikdir.
İnsanlar təbii fəlakətlərə davamlı metal konstruksiyalar və çoxsaylı panellərdən yığılan evlərə adət etməyiblər və bu, onlar üçün narahatdır. Bu səbəbdən də seysmik cəhətdən davamlı olmayan daş və kərpicdən hazırlanmış daha rahat evləri üstün tuturlar və onları müasir yığma konstruksiyalarla əvəzləməyə tələsmirlər. Bu səbəbdən E.Xəlilovun rəhbərlik etdiyi kollektiv tərəfindən böyük üstünlüklərə malik, adət edilən və rahat, həmçinin 10 baldan yüksək intensivlikli zəlzələlərə seysmik dözümlü binaların yaradılması məqsədi ilə layihə hazırlanmış və bu layihəyə əsasən zəlzələlərin sınağı üçün böyük seysmik platforma hazırlanmışdır. Bu platforma üzərində xüsusi seysmik davamlı bloklardan ibarət bir və iki mərtəbəli binalar tikilmişdir. Texnologiyanın məğzi ondan ibarətdir ki, kərpiclər bir-biri ilə sement qarışımı vasitəsi ilə deyil, elastik dempferedici düyünlərlə – binanın bütün kərpiclərini vahid elastik monoblokda birləşdirən kilidlərlə birləşir. Kərpiclərin içərisində böyük boşluqlar vardır, deməli, səs və istilik izolyasiyası xüsusiyyətlərinə malikdirlər.
E.Xəlilova görə sınaqlar seysmobloklardan hazırlanmış binaları ən böyük gücə malik zəlzələlərin dağıda bilməyəcəyini nümayiş etdirməklə yanaşı, partlayış və partlayış dalğalarına, mexaniki təsirlərə 500% daha davamlı olduğunu göstərmişdir. Bina güclü zəlzələlər zamanı dağılmır, sadəcə formasını dəyişir və təkan bərpa olunduqdan sonra əvvəlki vəziyyətinə qayıdır. Titrəyən binalar xarici görünüşcə rəqsi xatırladır, bu səbəbdən texnologiya “Rəqs edən binalar texnologiyası” adlandırılmışdır. Texnologiyanın başqa adı “Təhlükəsiz binalar”dır. Bu texnologiya üzrə tikilmiş evlər təbii fəlakətlər və fövqəladə halların əksəriyyətinə tab gətirə bilər, texnologiya sadə və ucuzdur, tikilmiş bina qiymət baxımından daş və kərpic evlərdən baha başa gəlmir, binanı kərpiclər üzrə hissələrə ayırmaq, başqa yerə aparmaq və tez bir zamanda yenidən qurmaq olar, təkcə seysmik fəal regionlar üçün deyil, həm də lokal münaqişələr və hərbi əməliyyat zonaları üçün, həmçinin karyer, dağ-mədən sahələri, güclü titrəyişlər yaradan müəssisələr, güclü nasos stansiyaları, hidrotexniki tikililər yaxınlığında da aktualdır, aztəminatlı ailələr üçün sosial evlərin yaradılması üzrə dövlət proqramı çərçivəsində də istifadə edilə bilər. Eyni zamanda, qeyd edilən texnologiya dağ rayonlarında evlərin və sosial obyektlərin – məktəblər, uşaq bağçaları, xəstəxanalar və dövlət müəssisələrinin tikintisi üçün əvəzolunmazdır.
Seysmologiya və zəlzələlərin öyrənilməsi sahəsində çalışan alim və mütəxəssislərin apardıqları statistik tədqiqatların nəticələri göstərmişdir ki, zəlzələlərin yerinə yetirilmiş proqnozunun yalnız 60 %-ə qədəri müvəffəqiyyətlə nəticələnmişdir.
Beləliklə, seysmik fəlakətlərin praktiki dəqiq, möhkəm və etibarlı proqnozunu gözləmək üçün nə nəzəri, nə də emprik əsas hələlik yoxdur. Bugünədək seysmologiya sahəsində çalışan alim və mütəxəssislər zəlzələ ilə əlaqədar fiziki proseslərin bütün detallarını və dəqiq şəkildə öncədən xəbərvermə metodlarını bilmirlər. Hal-hazırda bəzi əlamətlərə (ionosferdə dəyişmələrə, elektromaqnit indikatorların infraqırmızı və radiodalğalar daxil olmaqla bəzi tiplərinə, radon atılmalarına, heyvanların özlərini qəribə şəkildə aparmalarına və s.) zəlzələlərin mümkün öncəxəbərvericiləri kimi baxılır.
Amerika Seysmoloji cəmiyyətinin fikrinə görə etibarlı elan edilən zəlzələ proqnozu metodu müəyyən buraxılabilən kənaraçıxmalar ilə gözlənilən maqnitudu, yaxşı təyin edilmiş episentr zonasını, bu hadisənin başvermə diapazonunu və onun həqiqətən baş verəcəyi ehtimalını təmin etməlidir. Proqnozun əsaslandığı məlumatlar yoxlanılmalı və yoxlamanın nəticələrinin emalı (işlənilməsi) təkrarlanmalıdır.

Seysmik riskin qiymətləndirilməsi
Ərazinin seysmikliyinin öyrənilməsi, potensial ocaq zonalarının müəyyənləşdirilməsi və başqa seysmoloji, seysmotektonik və s. tədqiqat işləri seysmik riskin qiymətləndirilməsinə xidmət edir. Seysmik risk dedikdə müəyyən zaman kəsiyində zəlzələlər nəticəsində mümkün ola bilən itgilər, dağıntılar və s. başa düşülür.
Seysmik riskin səviyyəsini əsasən 2 amil təyin edir: 1) seysmik təhlükə, yəni ərazidə müəyyən seysmik effektin təzahürü ehtimalı; 2) seysmik dayanıqlıq – fiziki obyektlərin zəlzələlər nəticəsində zədələnmə dərəcəsi ehtimalı. Seysmik təhlükə zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə, uçqun, yanğın və s. dolayı hadisələri özündə birləşdirir. Fiziki obyektlərin zəlzələ zamanı baş verən dağıntı və zədələnmələri əsasən qruntun titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə rəqslərin amplitud-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnirlər. Fiziki obyektlərin dayanıqlıq dərəcəsini təyin etmə üsullarından biri onların tikinti zamanı seysmik normalara əməl olunmasının dəyərləndirilməsidir. İlk seysmik rayonlaşdırma işlərindən əvvəl inşa olunmuş qədim binalar və öz istismar dövrünü yaşamış köhnə tikililər seysmik cəhətdən ən dayanıqsız binalardır.
Seysmik riskin səviyyəsinə əhalinin seysmik dayanıqlığı, onların zəlzələ zamanı davranma qaydalarını bilmə dərəcəsi, yaş tərkibi (uşaqlar, qocalar) təsir edir. Uşaq və qocalar əhalinin digər hissələrinə nisbətən seysmik dayanıqsız hesab olunurlar. Seysmik riskin səviyyəsinə təsir edən iqtisadi, sosial, siyası və s. dayanıqlılıq amilləri də mövcuddur.
Respublikanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan kimi sənaye şəhərlərinin seysmik riskinin qiymətləndirilməsi olduqca vacıbdir. Bakı şəhərinə əsas seysmik təhlükə Abşeron yarımadasına yaxın olan (50-60 km-dən 100 km-ə qədər məsafədə) Xəzər dənizi və Şamaxı bölgəsindəki zəlzələ ocaqlarından ğözlənilir. Xəzər dənizində baş vermiş sonuncu güclü zəlzələ 25 noyabr 2000-ci il tarixində Abşeron yarımadasının cənubunda olmuşdur. Bakı şəhərində 6-7 bal intensivliklə hiss olunan bu zəlzələ mühəndisi-geoloji şəraitdən asılı olaraq şəhərin ayrı-ayrı hissələrini müxtəlif səviyyədə titrətmişdir. Ən yüksək intensivlik şəhərin sahilyanı və mərkəzi hissələrində müşahidə edilmişdir. Burada aerasiya zonasının qruntları daha çox suludur, yeraltı suların səviyyəsi isə yer səthinə daha yaxındır.
RSXM-in məlumatına görə Bakı şəhəri ərazisində aparılmış mikroseysmik rayonlaşdırma işlərinin analizi göstərmişdir ki, şəhərin Səbail və Xətai rayonlarının sahilyanı hissələrində, həmçinin Nəsimi rayonunun bəzi sahələrində seysmik effekt MSK-64 şkalası üzrə 9 bala qədər təzahür edə bilər. Analizin nəticələri göstərmişdir ki, Bakı şəhərindəki yaşayış evlərinin 15-20 %-i iki-üç mərtəbəli şəxsi evlər, 25-30 %-i beş mərtəbəyə qədər olan daş binalardır. Qalan binalar beş mərtəbədən yüksək iri panelli, karkas tikililərdir. Qeyd edilənlərdən əlavə, Abşeronda, o cümlədən Bakı şəhərində sürüşmə proseslərinin geniş inkişaf etdiyi sahələr (Bayıl, Zığ, Əhmədli, Badamdar – 20-ci sahə və s.) mövcuddur. Yüksək intensivlikli zəlzələlər zamanı qruntların titrəyişləri sürüşmələrin baş vermə ehtimalını artırır, bu isə insan itgilərinə, yolların uçquntularla bağlanmasına gətirib çıxarır. Mərkəzin mütəxəssisləri tərəfindən ərazinin potensial seysmik təhlükəlilik səviyyəsi, müxtəlif dayanıqlıq səviyyəli binaların, sürüşmə zonalarının yerləşməsi, həmçinin əhalinin sayı əsasında Bakı şəhərinin sxematik seysmik risk xəritəsi tərtib edilmişdir (Həsənov, Məmmədli, 2006).

Zəlzələlərdən qorunmaq üçün davranış qaydaları
Qeyd edilənlərdən bir daha aydın olur ki, Azərbaycan Respublikasının ərazisi də dünyanın bir çox ölkələri kimi seysmoaktiv zonada yerləşir və burada da hər an zəlzələlərin baş vermə ehtimalı vardır. Məlumdur ki, güclü zəlzələlər zamanı çoxlu sayda insan həlak olur. Təcrübələr göstərir ki, əsas təhlükə zəlzələlərin özü yox, onun fəsadlarıdır, yəni yer qatında baş verən ani dəyişikliklər, bina və tikililərin dağılması, mebel və digər ev avadanlıqlarının aşması, şüşə qırıntıları, sel və daşqınlar, qaz sızmaları və sairdir. Məhz bu səbəbdən hər bir şəxs ona hazır olmalı və ondan qorunmaq üçün davranış qaydalarını mükəmməl şəkildə bilməli və bu qaydalara riayiət etməlidir.

Zəlzələyə necə hazırlaşmalı?
Seysmik regionda yaşayan hər bir şəxs şüurlu şəkildə və sistematik olaraq baş verə biləcək zəlzələyə hazırlıqla əlaqədar öz hərəkətini planlaşdırmalıdır. Bu məqsədlə aşağıda qeyd edilən tədbirlər həyata keçirilməlidir:
- qabaqcadan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman hər bir şəxs öz davranış və fəaliyyət planını düşünməlidir. Bütün ailə üzvlərinə zəlzələ zamanı nə etməli olduqlarını başa salmalı və onlara ilk tibbi yardım qaydalarını öyrətməlisiniz, mənzildə və otaqda təhlükəsiz yerlər ( əsas divarın daxili küncü, açıq daxili qapıların yerləri, stol və çarpayiların alt hissəsi) haqda onları xəbərdar etməlisiniz;
- zəlzələ baş verəcəyi halda binadan (evdən) çıxmağın ən sərfəli və təhlükəsiz yolunu qabaqcadan nəzərdə tutmalısınız. Unutmamalısınız ki, zəlzələ gecə baş verə bilər, qapı və koridor (dəhliz) isə insanlarla dolu və tıxanmış vəziyyətdə olar. Qapılar, həmçinin, pərçimlənə bilər;
- mənzilinizdəki ev əşyalarının – mebelin, soyuducunun və digər ağır əşyaların, avadanlıqların vəziyyətini yoxlamalı, asılmış kitab rəflərini, çilçıraqları, tərpənən və sürüşə bilən əşyaları divara, tavana və yaxud döşəməyə bərkitməli, yeraltı təkanlar nəticəsində düşərək insana xəsarət yetirə biləcək ağır şeyləri mebel və hündür rəflərin üstündə saxlamamalısınız;
- sənədlərinizi, pulunuzu, cib fənərinizi və onun ehtiyat batareyalarını münasib yerdə saxlamalısınız;
- bina və tikililərin ilkin vəziyyətini və konstruksiyaların simmetrikliyini pozmamalı, onları zədələməməli, sökməməli, yaxud qeyri-bərabər yükləməməlisiniz, xüsusən də bünövrə və yükdaşıyan divarları zədələmək qəti olmaz;
- hər şeydən əvvəl, evdə daimi olaraq bir neçə günə çatacaq miqdarda konserv, suxarı və içməli su (gün ərzində adam başına qışda 3-4, yayda isə 5-6 litr) ehtiyatı saxlamalısınız;
- evinizdə mütləq şəkildə içərisində lazımı miqdarda dərman, bint və başqa dava-dərman olan dərman qutusu (apteçka), həmçinin yatağınızın yaxınlığında batareya fanarı, şam, kibrit və yaxud ağ neft saxlamalısınız;
- mənzilinizdə radio ilə hökumət orqanlarının fəaliyyəti, fəlakətin miqyası və s. barədə dəqiq məlumat əldə etmək üçün batareya ilə işləyən radioqəbuledici olmalıdır;
- evinizdə elektrik, qaz və su xətlərinin vəziyyətini tez-tez yoxlamalısınız. Ailə üzvlərinizə evdə qaz, su və elektrik enerjisinin haradan, necə bağlanmasını və söndürülməsini öyrədin;
- müxtəlif kimyəvi preparatları, partlayış təhlükəli və tez yanan maddələri evinizdə etibarlı və möhkəm yerdə saxlamalısınız;
- evinizdə qapıları, dəhliz və koridoru iri həcmli əşyalardan və mebellərdən təmizləyin. Elə edin ki, təhlükə yaranan anda ailə üzvlərinizin və özünüzün otaqdan və yaxud mənzildən sərbəst və tez çıxması üçün heç bir maneə olmasın;
- telefonunuzun yanında rayon və mərkəzi təcili yardımın, yanğın xidmətinin, polisin və avariya xidmətinin telefon nömrələrini saxlayın;
- çarpayılarınızı mümkün qədər evin pəncərələrindən aralı qoymalısınız. Unutmamalısınız ki, qırılan şüşə parçaları sizi yaralaya bilər;
- uşaqlarınıza zəlzələ və onun törətdiyi fəlakətlər barədə ətraflı məlumat verməlisiniz. Onlara başa salmalısınız ki, məktəbdə olarkən zəlzələ baş verərsə qorxmasınlar, vahiməyə düşməsinlər və həyacan keçirməsinlər. Məktəb birmərtəbəlidirsə tez və qorxmadan həyətə çıxsınlar, çoxmərtəbəlidirsə sinif otağında qalaraq partanın altına girsinlər və müəllimin göstərişlərini gözləsinlər. Uşaqlara söz verin ki, əgər onlar məktəbdə olarkən belə bir hadisə baş verərsə, siz təcili olaraq özünüzü onların yanına çatdıracaqsınız və onları evə gətirəcəksiniz;
- yanğın zamanı evdə su kranına qoşmaq üçün uzunluğu 5 m-dən az olmayan şlanq saxlayın;
- evdə özünüz olmadıqda lazımsız olaraq elektrik cihazlarını və məişət aparatlarını şəbəkəyə qoşulmuş halda qoymayın, belə ki, zəlzələ zamanı bu yanğına və partlayışa səbəb ola bilər;
- bütün ailə üzvlərinizin zəlzələdən əvvəl, zəlzələ vaxtı və ondan sonra nə etməli olduqlarını bilmələrinə çalışmalısınız;
- zəlzələ ilə əlaqədar olaraq yarana biləcək fövqəladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefon nömrələrini cib kitabçanıza əvvəlcədən yazın.

Zəlzələ vaxtı nə etməli?
Siz zəlzələnin başlanğıc anını nə qədər tez hiss etsəniz özünüzün, ailə üzvlərinizin və yaxın ətrafınızdakıların həyatını xilas etməkdə daha çox şanslı olarsınız. Zəlzələnin başlanğıc anı müxtəlif cür hiss olunur. Bəzən zəlzələdən əvvəl yüksəklikdə işıqlanma (parıldama) görünür, həmçinin radio, televiziya və elektrik cihazlarının işində pozulmalar baş verir, lüminessensiya lampaları qeyri-iradi olaraq işıqlanır və s. Bəzən zəlzələdən bir neçə saniyə əvvəl yer altında artan güclü uğultu əmələ gəlir, ondan sonra isə birinci təkan baş verir. Digər halda, təkandan bir neçə saniyə əvvəl daha çox zəif titrəyişlər baş verə bilər, bu zaman qab-qacaq cingildəməyə, asılmış əşyalar isə yellənməyə başlayır. Sonra isə bir neçə saniyədən 1-1,5 dəqiqəyədək davam edə bilən birinci təkan baş verir. Bu zaman pəncərə şüşələri çatlaya, sına, partlaya və yerindən çıxıb uça, döşəməyə əşyalar tökülə, divarlarda və tavanda çatlar əmələ gələ, mebellər hərəkət edə, səs-küy isə qulaqbatırıcı ola bilər ki, buna da siz psixoloji cəhətdən hazır olmalısınız. Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman insanlar sakit və təmkinli olmağa çalışmalı, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, haray-həşir, səs-küy və qışqırıq salmadan hərəkət etməklə həm özlərinə, həm də ailə üzvlərinə və ətraflarındakılara böyük köməklik göstərə bilərlər.
Zəlzələnin başlamasını hiss edən kimi vahiməyə düşmədən aşağıdakı məsləhətlərə əməl etməlisiniz:
- yeraltı təkanları hiss edən kimi tez mənzilin və otağın giriş qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər hallarda pərçimlənir ki, bu da sonradan onları açıb otaqdan və mənzildən çıxmağa imkan vermir;
- əgər siz ilk təkanı hiss edirsinizsə, qorxuya düşmədən təhlükəsiz yerə keçin. Çoxmərtəbəli binadasınızsa mənzilinizdə, küçədəsinizsə küçədə qalın, birmərtəbəli evdəsinizsə yubanmadan həyətə çıxın. Əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə evə daxil olmağa tələsirlər. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir;
- əgər qapalı yerdəsinizsə, təcili olaraq stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, onların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xarici divarları çat verə və ya uça bilər. Ona görə də heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də çöl küncündə, otağın və ya zalın ortasında durmayın. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn soyuducudan, mebeldən və s. uzaq dayanın. Belə ki, bu ağır əşyalar sürüşüb üstünüzə aşa bilər;
- zəlzələ zamanı çoxmərtəbəli binanın pilləkənlərində hərəkət etməyin və qaçaraq binadan çıxmayın. Bu olduqca təhlükəlidir. Belə ki, pilləkənlər uçub tökülə, yuxarıdan divar boyu düşən qirintilar isə çox təhlükəli ola bilər;
- çoxmərtəbəli binadasınızsa liftə minməyə tələsməyin, ola bilər ki, sıradan çıxması ilə əlaqədar olaraq o işləməsin;
- əgər küçədə ictimai yerdəsinizsə insanların daha sıx olduğu yerə tərəf qaçmayın, özünüz üçün daha təhlükəsiz yer seçin. Güclü təkanlar hiss edən kimi yerə oturaraq hər hansı bir dirəkdən yapışın. İmkanınız vardırsa azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin;
- əgər küçədə çoxmərtəbəli binanın yanındasınızsa, oradan tez uzaqlaşmağa çalışın. Yaşadığınız evdən və elektrik xətlərindən 10-15 m, çoxmərtəbəli binalardan isə daha çox aralıda dayanaraq zəlzələnin başa çatmasını gözləyin;
- yaddan çıxarmayın ki, zəlzələ zamanı bir neçə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, zəlzələ başa çatanadək öz təmkininizi qorumağa çalışın;
- qırılmış elektrik naqillərindən və yuxarıdan tökülən əşyalardan özünüzü qoruyun, qaz sızan boru kəmərlərindən uzaqda dayanın;
- zəlzələ zamanı avtomobilinizdəsinizsə, onda onu təmkinlə yaxındakı binadan, yeraltı keçiddən, körpüdən, hasardan və s. aralıda, açıq bir yerdə saxlayın. Yeraltı təkanlar kəsilənə qədər avtomobili tərk etməyin, əyilərək başınızı arxadan əllərinizlə tutun və dizləriniz arasında gizlədin;
- əgər bir və ya iki mərtəbəli məktəb binasındasınızsa , səs-küy salmadan, təmkinlə bir-birinizin ardınca tez məktəb həyətinə çıxın və binadan 10-15 m aralıda bütün sinif yoldaşlarınızla bir yerə yığışaraq müəllimlərinizin göstərişlərini gözləyin və əmin olun ki, onlar sizi təhlükədən qurtarmaq üçün nə lazımdırsa edəcəklər. Ona görə də ağlamayın, qışqırmayın, təmkinli olun və sakitliyə riayiət edin;
- zəlzələ zamanı mənzilinizdəsinizsə, qaz sızması ilə əlaqədar yanğın baş verə biləcəyi ehtimalını nəzərə alaraq şamdan, kibritdən və alışqandan istifadə etməyin;
- ilk təkanlar baş verən kimi elektrik enerjisi kəsilərsə, bundan təşvişə düşməyin. Yaxşı olar ki, özünüz mənzilinizə və ya binaya daxil olan qaz və elektrik enerjisini bağlayasınız. Qab-qacağın qırılmasına, adamların qışqırtısına və divarların cırıltısına əhəmiyyət verməyin;
- güclü zəlzələdən təkrarlanan təkanlardan qorxmayın, bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə uzununa, sonradan isə eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Belə təkanlara afterşok (təkrar zərbə) deyilir ki, onlar da əsas təkandan bir neçə dəqiqə, saat, gün və hətta aydan sonra da baş verə bilər. Bəzən ilk təkandan sonra zəif afterşoklar əsas təkandan zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına da səbəb olur.

Zəlzələdən sonra nə etməli?
Zəlzələ başa çatdıqdan sonra ən əsası odur ki, özünüzü itirməyəsiniz, iradəli və soyuqqanlı olasınız. Belə ki, siz böyük miqyasda dağıntıları və zərər çəkmiş insanları görə bilərsiniz. Səbr və təmkinlə yaralılara və zərər çəkmiş insanlara köməklik göstərməyə, dağıntılar altında qalmış insanları xilas etməyə, yanğın olduğu halda isə onu söndürməyə çalışmalısınız. Yalnız bundan sonra ziyan və itkilərin qiymətləndirilməsinə, həmçinin bərpa və yenidənqurma işlərinə başlamaq olar.
Zəlzələdən sonra aşağıda qeyd edilən məsləhətlərə əməl etməyə çalışmalısınız:
- ilk olaraq yaralılara yardım edin, onlara ilk tibbi yardım göstərin, soyuqdan qorumaq üçün üstünü ədyal və yaxud yorğanla örtün və təcili olaraq həkimə çatdırın;
- əgər zəlzələ gecə vaxtı baş vermişdirsə və siz qaranlıqdasınızsa, kibrit və alışqan yandırmağa tələsməyin, batareyalı fənəriniz vardırsa yaxşı olar ki, ondan istifadə edəsiniz. Başqa işıq mənbəyi olmadığı halda isə, qaz, benzin iyi və başqa yanan və partlayış təhlükəli maddələrin olmadığına əmin olduqdan sonra kibrit və alışqandan istifadə edə bilərsiniz;
- ilk anda qaz itkilərinin olub-olmamasını yoxlamaq lazımdır. Əgər cüzi də olsa yanğın mənbəyi vardırsa, öz gücünüzlə onu söndürməyə çalışın. Yanğını sərbəst olaraq söndürə bilmirsinizsə, ilk növbədə sağ qalmış uşaqları, həmçinin yaralı insanları yanğın zonasından təhlükəsiz yerə çıxarmağa səy göstərin;
- üstü açıq naqillərə və onlarla əlaqədə olan metal və yaş əşyalara toxunmayın, belə ki, onlar həyatınız üçün olduqca təhlükəlidir;
- əgər yaxınlığınızda və yaxud cibinizdə zədələnməmiş telefon vardırsa, köməklik göstərilməsi məqsədi ilə təcili yardım, yanğın və başqa xilasedici qurumlarla əlaqə yaratmağa çalışın;
- əgər artıq xilasetmə işlərinə başlanılmışdırsa və sizin köməyinizə ehtiyac yoxdursa boş-boşuna köməklik göstərməyə çalışmayın, bu yalnız xilasedicilərin işini mürəkkəbləşdirə bilər;
- dağıntılar baş vermiş yerlərə maraq xatirinə getməyin. Əgər sizin köməyinizə ehtiyac yoxdursa, belə ərazilərə, ümumiyyətlə, yaxınlaşmayın;
- uçqun və dağıntılar altında insanlar qalmışdırsa, müstəqil olaraq belə yerlərdə araşdırma işləri aparmaq üçün tələsməyin, insanları köməklik göstərməyə çağırmağa cəhd göstərin. Daş parçalarının və tirlərin yerləşmə vəziyyətini araşdırmağa çalışın. Yadda saxlayın ki, sizin hər bir ehtiyatsız, yanlış və qeyri-dəqiq hərəkətiniz sonrakı dağıntılara və uçqunlar altında qalan insanların ölümünə səbəb ola bilər;
- fəlakət nəticəsində zədələnən və qəza vəziyyətində olan binada hər an onun ayri-ayrı konstruksiyalarının və hissələrinin qəflətən dağılması ehtimalı olduğundan çox ehtiyatlı hərəkət etməyə çalışın;
- əgər Siz yerə səpələnmiş və tökülmüş partlayış təhlükəli, tez alışan və zəhərli maddələr aşkar etsəniz, təcili olaraq onlar barədə ətrafdakıları məlumatlandırın;
- otaqda ayaqyalın gəzməyin, belə ki, şüşə qırıntıları və digər iti şeylər ayaqlarınızı yaralaya bilər;
- içərisində ağır və qırıla bilən müxtəlif şeylər (ağır çanta, şüşə balonlar və digər ev əşyaları) saxlanılan şkafların, anteresolların qapılarını ehtiyatla açın ki, onlar üstünüzə tökülərək sizi yaralamasın;
- zəlzələ nəticəsində bərk qorxuya düşənləri sakitləşdirməyə çalışın, şayiələrə inanmayın və heç bir şayiənin yayılmasına yol verməyin;
- yaxınlıqda radioqəbuledici və ya televizor vardırsa, mütləq onları qoşun ki, qəzanın miqyası və onun nəticələrinin aradan qaldırılması barədə lazımi tədbirlər haqqında müvafiq dövlət orqanlarının məlumatını eşidə biləsiniz;
- zədələnmiş və qəza vəziyyətinə düşmüş binaya nəinki daxil olmaq, həmçinin sizin köməyinizə ehtiyac yoxdursa, heç ona yaxınlaşmaq belə olmaz. Hətta bu sizin öz eviniz olsa belə, ora daxil olmaq üçün şəraiti ilk əvvəl dəqiq qiymətləndirdikdən sonra qərar qəbul edin. Onu da yadda saxlayın ki, hər hansı bir təkan zədələnmiş binanı uçura və bu daha ağır faciə ilə nəticələnə bilər;
- əgər Siz uçqunun altında qalmısınızsa, yenə də əsas şərt səbrli və təmkinli olmaqdır. Bilin ki, gec-tez və hökmən Sizi oradan xilas edəcəklər. Ona görə də səbrlə gözləmək lazımdır. Gücünüzə qənaət edin. İnsanın susuz və yeməksiz yarım aydan çox yaşaya bilməsini də unutmayın;
- uçqun nəticəsində heç bir tərəfə çıxmaq imkanınız yoxdursa, ilk növbədə ətrafınızdakılara kömək edin. Sonra isə düşdüyünüz vəziyyətdən xilas olmaq üçün özünüzün real imkanlarınız vardırsa və gücünüz çatırsa, səbr və ağılla vəziyyətdən çıxmaq yollarını arayın. Şəraitdən asılı olaraq, ən az zəhmət tələb edən və asan üsulu seçin;
- bilin ki, uçqunun altında qalmış adamları oradan xüsusi və peşəkar hazırlığı olan xilasedicilər briqadası çıxaracaq. Ona görə də nə qədər ki, öz qüvvənizə və əsasən də bacarığınıza tam əmin deyilsiniz, təkbaşına belə işə başlamayın. Ümumiyyətlə, uçqun altında qalmış adamları xilas etmək üçün uçquna ya üst, yaxud da qonşu otaq tərəfdən oyuq açılmalıdır.

Zəlzələ təhlükəsi zamanı kənd yerlərində
olanlar nə etməli?
Təşviş və vahımə hissi keçirmədən aşağıda qeyd edilən məsləhətlərə əməl etməyiniz məqsədəmüvafiqdir:
- zəlzələ təhlükəsi olan dağlıq yerdə yaşayanlar yaxşı olar ki, zəlzələyə qədər uçqun və töküntü sahələrini, həmçinin təhlükənin gözlənilən istiqamətini dəqiqləşdirsinlər və qiymətləndirsinlər, toplanmaq üçün əlverişli yerləri müəyyən etsinlər. Ailə üzvlərini zəlzələ zamanı necə hərəkət etmək barədə təlimatlandırsınlar;
- təcrübələr göstərmişdir ki, gildən, çiy kərpicdən və çay daşından tikilmiş evlər hətta zəif gücə malik zəlzələlər zamanı da çatlaya, uça və dağıla bilər. Ona görə də zəlzələni hiss edən kimi uşaqları və qocaları evdən çıxarın və özünüz də evi tərk edin, evdən və tikililərdən uzaqda olan açıq yerə çəkilin. Evdən çıxmağa vaxt çatmayacağı təqdirdə stolun və yaxud çarpayının altında gizlənin;
- zəlzələ zamanı dağlıq yerdəsinizsə, evinizin yanında dik qayalar, möhkəm olmayan iri daşlar, yaxud daş uçqunu ehtimalı olan yerlər vardırsa, dərhal o yerləri tərk edin və təhlükə sovuşanadək daha təhlükəsiz yerlərə (düzənlik sahələrə) çəkilin;
- sıldırım sahili olan çay dərəsindəsinizsə, zəlzələni hiss edən kimi oradan dərhal uzaqlaşın, belə ki, təkanlardan baş verən uçqun və töküntü prosesləri zamanı xəsarət ala bilərsiniz;
- ətrafınızda iri heyvanlar (inək,camış, at və s.) vardırsa çox ehtiyatlı olmağınız məsləhətdir. Belə ki, yeraltı təkanlardan qorxan heyvanlar hürkərək sizə, uşaqlara və qocalara zərər vura bilər;
- zəlzələ zamanı iri qol-budaqlı ağacların altındasınızsa, dərhal oradan uzaqlaşaraq açıq yerə çəkilin, əks halda yıxılan ağacların altında qala bilərsiniz;
- zəlzələ zamanı yüksək gərginlikli elektrik xətlərinin yaxınlığındasınızsa, oradan tez uzaqlaşın. Torpaq rütubətlidirsə, iri daşların, yaxud yaxınlıqda köhnə şin və ya başqa elektrik izolyasiyalı materiallar vardırsa, onların üstünə çıxın, çünki yerə düşmüş naqillərdən sizi nəm torpaq vasitəsilə cərəyan vura bilər.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, zəlzələnin qısamüddətli proqnozunu vermək mümkün olmadığına görə ona daim hazır olmaq lazımdır. Odur ki, bu məqalədə verilmiş məsləhətlərdən bacarıqla, səbr və təmkinlə istifadə edilərsə, zəlzələ zamanı itkini və tələfatı nəzərəçarpacak dərəcədə azaltmaq olar.

 

"Yer və İnsan" jurnalı №02/10/2019