Güzəştli mənzilə sahib olmaq istəyənlərin sualları Gəncə “ASAN xidmət” mərkəzində də cavablandırılır

Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə sentyabrın 23-dən etibarən Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir.

Mənzil İnşaatı Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, buna paralel olaraq Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.

Həmçinin “ASAN xidmət”in Çağrı mərkəzi, MİDA-nın “Facebook”, “Instagram” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə də vətəndaşlara xidmət göstərilir.

Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan ödənişsiz “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.