"APOEL-i keçmək mümkünsüz deyil" - "Qəbələ"nin baş məşqçisi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində ilk oyununu sabah keçirəcək.
Komandanın baş məşqçisi Famil Xəlilov Kiprin APOEL klubu ilə səfər matçı öncəsi fikirlərini klubun saytına açıqlayıb:

“APOEL müəyyən təcrübəyə malik komandadır. Rəqibi analiz edib, təhlillər aparmışıq. Kipr təmsilçisi bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidir. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki ilk matça istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdur. UEFA Gənclər Liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdır. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.