Muğam Mərkəzində aşıq musiqilərindən ibarət konsert olacaq

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir.

Mərkəzdən verilən məlumata görə, AMEA Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin konserti 7 oktyabr saat 18:00-da keçiriləcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

"Aşıq musiqisi axşamları"nın budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub.

Aşıq sənətinin hörmət və nüfuz qazanması nəticəsində yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəb yaranıb ki, bu məktəblər Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbidir. Aşıq sənəti qərb regionlarında (Göyçə, Şəmkir, Tovuz, Qazax, Gəncə, İrəvan, Gədəbəy, Naxçıvan, Borçalı və başqa yerlər) geniş yayılıb inkişaf edib, həm də ozan ənənəsini qoruyub yaşadıb. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. Saz havalarında isə aşiqanə gözəlləmələrin ifasında lirik melodiyalardan, dastan yaradıcılığında isə epik melodiyalardan istifadə olunur.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

 
7 oktyabr tarixində Gədəbəy aşıqlarından aşıq Cahangir, aşıq Altay, aşıq Təbriz, Tovuz aşıqlarından aşıq Lətifə Çeşməli, aşıq Şəhriyar Qaraxanlı, aşıq Elməddin Məmmədli, Borçalı aşıqlarından aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, Göyçə aşıqlarından aşıq Səlim, aşıq Bəhmən Ardanışlı, Qazax aşıqlarından aşıq Şaiq İncəli, aşıq İlham Aslanbəyli, Kəlbəcər aşıqlarından aşıq Qalib, aşıq Gözəl Kəlbəcərli çıxış edəcək.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir.

Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.