SOCAR: "Neft Daşları"nın infrastrukturu "Abşeron" yatağının səmərəli olmasına imkan yaradıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağında mövcud olan infrastruktur və imkanlar "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsinin texniki baxımından həyata keçirilməsinə, iqtisadi baxımından isə səmərəli olmasına imkan yaradıb.

Bunu jurnalistlərə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, artıq uzun müddət ərzində işlənməkdə olan və Azərbaycanın dənizdəki ən köhnə neft-qaz obyektlərindən biri sayılan "Neft Daşları" yeni dərinsulu yatağının işlənilməsi layihəsinə yol açdı.

 
SOCAR nümayəndəsi onu da qeyd edib ki, "Neft Daşları"nda yerləşən 45 meqavatlıq enerji kompleksi dənizdə olan bir sıra obyekt və platformaları elektrik enerjisi ilə təmin etmək üçün imkan yaradır.

Bundan başqa, "Neft Daşları"nda yerləşən kompressorlar SOCAR-ın dənizdə hasil etdiyi məhsulun 80%-ni yığıb, quruya nəqlini təmin etməyə imkan verir.

Qeyd edək ki, SOCAR 70 il ərzində əfsanəvi "Neft Daşları" dəniz neft yatağından 190 mln. tondan çox neft hasil edib. Bu dövr ərzində yataqdan 14 mlrd. kubmetr qaz hasil edilib. Bundan başqa, 70 il ərzində "Neft Daşları"nda 2 250 çox quyu qazılıb və istifadəyə verilib.

Xatırladaq ki, "Neft Daşları" dünyada ilk neft platformasıdır. "Neft Daşları" şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilib. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə inşa edilib.

"Neft Daşları"nın adı ən birinci dəniz neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb. 1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün "Neft Daşları" yatağının 1 939 metr dərinliyindən Xəzər nefti fəvvarə vurub.