Azərbaycanın qədim insan düşərgələri

Əsədulla Cəfərov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiriTarix elmləri doktoru,  professor

 

Azərbaycan ərazisi qədim tarix və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində bəşər tarixinin müxtəlif dövrünə aid maddi abidələri vardır. Onların çoxu əsrlər boyu torpağın altında, təbiətin qoynunda öz sirlərini insanlardan gizli saxlamışdır.
Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks elmi tədqiqat işləri nəticəsində qədim insanın meydana gəlməsi və formalaşması tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.
Son illərdə əldə olunmuş arxeoloji materiallar əsasında Azərbaycanda ibtidai insanların 2,5 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycanda sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olduğuna və bunun əsasında ölkəmizdə və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin müəyyən olunmasına şərait yarandı. Bu qədim mədəniyyət tarixə Quruçay mədəniyyəti kimi daxil olmuşdur (1,2,6).
Hazırda Azıx, Tağlar, Qobustan, Gəmiqaya və digər abidələr ən qədim tarixi abidələr hesab olunurlar.
Azərbaycan ərazisində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızda nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin türk dünyasının qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin mühüm əhəmiyyəti vardır (11,12,37).
Azərbaycan Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində paleolit mədəniyyətinə aid zəngin qədim insan düşərgələri aşkar olunmuşdur. Həmin düşərgələrdə aparılan kompleks elmi tədqiqatlar zamanı respublikamızın ərazisində daş dövrünün ayrı-ayrı mərhələlərini öyrənmək üçün zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərinin hazırlanması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Arxeoloji tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.
Respublikamızın ərazisində 1953-cü ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı Qazax rayonu ərazisində Damcılı qədim insan düşərgəsini M.M.Hüseynov kəşf etmişdir. O 1956-cı ildə isə Daşsalahlı qədim insan düşərgəsini qeydə almışdır (8,39).
Azərbaycan ərazisində paleolit dövrünə aid aparılan arxeoloji tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin abidələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələri qeydə alınmışdır (1,7,23,39).
Aparılan tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx, Tağlar və Şuşa mağaralarında müəyyən olunmuşdur.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli guşəsində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16-cı kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir (şəkil 1-3).
Paleolit arxeoloji ekspedisiyası M.Hüseynov və Ə.Cəfərovun rəhbərliyi altında Azıx qədim insan düşərgələrində apardığı kompleks elmi tədqiqat işləri zamanı 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq edilmişdir. Arxeoloji tədqiqatlar zamanı Azıx mağarasının III, V-X təbəqələrindən 6 mindən artıq daş məmulatı və 500 mindən çox ovlanmış heyvanların sümük məmulatı tapılmışdır (şəkil 8-10).

Şəkil 1. Qarabağ. Tuğ çökəkliyinin ümumi görünüşü
Paleolit arxeoloji ekspedisiyasının Qarabağın dağlıq ərazisində apardığı elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 2-3 milyon il bundan əvvəllər Quruçay vadisində mülayim iqlim şəraitində yaşayan çoxlu heyvanlar olmuşdur. Eyni zamanda Quruçay vadisi, Azıx, Tağlar və Şuşa mağaraları yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər. Quruçay vadisində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq və s. daşlar mövcud olmuşdur (10,93).
Azıx düşərgəsinin ən aşağı təbəqələrində aparılan (VII-X təbəqələr) arxeoloji qazıntılar nəticəsində müəyyən elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri, o cümlədən 300-dən artıq daş məmulatı aşkar olunmuşdur. Aşağı təbəqələrin daş məmulatı içərisində həmçinin kobud çapacaqlar, kubvari alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Düşərgədə təbəqələrinin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı arxeoloji cəhətdən eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə cənglə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir.
Çoxtəbəqəli Azıx mağara düşərgəsinin aşağı təbəqələrinin daş alətləri əsasən kənarlardan mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. Bu texniki üsulla hazırlanmış alətlər daş məmulatı içərisində çoxluq təşkil edir. Təsvir olunmuş alətləri uzunsov çay daşının bir ucu və ya onun uzununa bir kənarının qoparılması yolu ilə hazırlamışlar. Göstərilən tip əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, bu cür daş məmulatı iki üzü işlənmiş protoçoppinqlərin ilk istehsal pilləsini təşkil edir. VII-X təbəqələrin daş məmulatı arasında qəlpələrdən hazırlanmış əmək alətləri də vardır. Qəlpələrdən hazırlanmış əmək alətləri içərisində əsas yeri qaşov tipli alətlər tutur (3,4,5,14,31,17).
Azıx mağara düşərgəsinin ən aşağı təbəqələrinin daş məmulatı içərisində 3-4 kq ağırlığında olan nəhəng çoppervari alətlər diqqəti daha çox cəlb edir. Hələlik ölkəmizin ərazisində olan paleolit abidələrindən belə alətlər qeydə alınmamışdır. Təsvir olunan əmək alətləri Azıx tipli alət adlandırmaq olar. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti vardır. Buranın maddi mədəniyyət nümunələri mağarada qədim insanların ilkin məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim Azıx sakinləri əmək alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Quruçay vadisində ibti­dai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri tamamilə yeni bir mədəniyyətdən xəbər verirdi. Ona görə də tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasının özünəməxsus cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçay mədəniyyəti adı verilmişdir. Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda,

Şəkil 2. Qarabağ. Azıx paleolit düşərgəsi. Düşərgənin giriş yolu. 1975-ci il

sonrakı inkişaf mərhələsində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır.
Azıx qədim insan düşərgəsinin VIII-X təbəqələrindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki, düşərgənin ən aşağı təbəqələrində ancaq hazır əmək alətləri tapılmışdır. İstehsal tullantıları isə olduqca azdır. Deməli, Azıx düşərgəsinin qədim sakinləri düşərgədə yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz əvvəllər Quruçay dərəsində hazırlamışlar. Ona görə də aşağı təbəqələrin daş məmulatı içərisində istehsal tullantıları qeydə alınmamışdır.
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.
Aparılan elmi arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx mağarasında qədim aşel dövrü altıncı təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri – Quruçay mədəniyyəti əsası üzərində inkişafa başlamışdır.
Azıx düşərgəsində qədim aşel mədəniyyəti əsasən əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış qaşov tipli alətlərlə və disk şəkilli nüvələrlə xarakterizə olunur. Arxeoloji tədqiqatlar zamanı qədim aşel təbəqəsindən 2 minə qədər daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının yerdə qalan hissəsini istehsal tullantıları, nüvələr və təbii çay daşları təşkil edir. Qədim aşel mədəniyyətinə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə qədim insanların əmək alətləri hazırladıqlarını göstərir.
Altıncı təbəqədən daş məmulatı ilə yanaşı zəngin fauna qalıqları da tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasən qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng maralların tutduğu müəyyən olunmuşdur.
Qədim aşel təbəqəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim insanların aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.
Azıx qədim insan düşərgəsinin beşinci təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Bu, Azıxda qədim aşel dövrünün, sonralar orta aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir. Maraqlıdır ki, beşinci təbəqədən ancaq ovçuluq üçün yararlı əmək alətləri tapılmışdır.
Azıx düşərgəsinin orta aşel təbəqəsinin fauna qalıqları göstərir ki, bu dövrdə ovçuluq özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Əgər qədim aşel dövründə 11 növ heyvan ovlanmışdırsa, orta aşeldə isə 45 növ heyvan və quş ovlanmışdır.
1968-ci ildə orta aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi tapılmışdır.
Azıx qədim insan düşərgəsindən aşkar olunmuş çənə quruluşundakı spesifik cəhətlərə əsasən bir tərəfdən pitikantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən də bir çox cəhətlərinə görə Fransanın Araqo mağarasının aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır.
Aparılan elmi tədqiqatlar zamanı professor D.Hacıyev müəyyən etmişdir ki, Azıxdan aşkar olunmuş çənə keçmiş SSRİ ərazisində və Qafqazda ən qədim insan çənəsi olub, 30-35 yaşlı qadına məxsusdur, bu qadın 350-450 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır (6,94).
Azıx mağarasının III təbəqəsində aparılan kompleks elmi tədqiqat işləri zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 200 mindən çox fauna qalıqları aşkar olunmuşdur. Daş məmulatı içərisində əsas yeri levallua, mustye itiucluları və qaşov tipli alətlər tutur. Düşərgənin mustye mədəniyyətinə aid təbəqəsindən tapılmış sümük məmulatı içərisində əsas yeri vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvan sümükləri tutur.
Hazırda Azərbaycan ərazisində daş dövrünə aid ən zəngin II abidə Tağlar paleolit düşərgəsi hesab olunur. Tağlar düşərgəsi 1960-cı ildə paleolit arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Tağlar mağara düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşələrinin birində olub, Quruçayın sol sahilində yerləşir. Mağara düşərgəsi Qarabağın Tağlar kəndi yaxınlığında yerləşdiyi üçün ona kəndin adı verilmişdir. Mağara əhəng daşları içərisində təbii yolla əmələ gəlmişdir. Bir neçə metrlikdən axan Quruçay Tağlar düşərgəsində yaşayan qədim insanların həyatında mühüm rol oynamış, məhz buna görə də onlar ərazini özləri üçün daimi məskən seçmişlər (şəkil 3).

Şəkil 3. Qarabağ. Tağlar paleolit düşərgəsinin ümumi görünüşü. 1976-cı il

Çoxtəbəqəli Tağlar mustye düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzun müddətli olmasına görə Qafqaz və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Tağlar düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları əsasında düşərgə sakinlərinin əmək alətləri hazırlama texnikasını, tipologiyasını və yeni-yeni əmək alətlərinin meydanagəlmə xüsusiyyətlərini tədqiq etmək olur.
Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 500 mindən artıq sümük məmulatı aşkar olunmuşdur.
Çoxtəbəqəli Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar içərisində əsas yeri levallua itiucluları, mustye itiucluları, limas tipli alətlər, sadə bir işlək ağızlı qaşovlar, iki işlək ağızlı qaşovlar, kovergent qaşovlar təşkil edir.
Tağlar düşərgəsinin daş məmulatı içərisində yeni daş alətləri müəyyən olunmuşdur və həmin alətlərə Tağlar tipli əmək alətləri adı verilmişdir. Tağlar tipli əmək alətlərinin bir neçə işlək ağızları vardır. Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin III təbəqəsinin daş məmulatı içərisindən də bir neçə ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır (6, 115-116).
Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı çoxlu ocaq layları aşkar olunmuşdur. Bu göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Eyni zamanda sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır.
Yaxın Şərq və Qafqaz ərazisində Tağlar paleolit düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafını və yeni-yeni əmək alətlərinin meydanagəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərir.
Əgər Azıx paleolit düşərgəsində aparılan elmi tədqiqat işləri Azərbaycan ərazisində ibtidai insanların uzun müddət yaşadıqlarını göstərdisə, Tağlar mustye düşərgəsindəki arxeoloji tədqiqatlar isə neandertal tipli adamların inkişaf edib, müasir insanların ulu əcdadlarının bu ərazidə meydana çıxmasını elmi əsaslarla sübuta yetirdi.
Paleolit arxeoloji ekspedisiyası 1983-cü ildə M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərliyi altında Naxçıvan MR-sı ərazisində apardığı kəşfiyyat işləri zamanı Şərur rayonu ərazisində Qazma qədim insan düşərgəsi qeydə alınmışdır (şəkil 4).

Şəkil 4. Naxçıvan. Şərur. Qazma paleolit düşərgəsi. 1988-ci il


1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar zamanı Qazma düşərgəsindən üst paleolit və mustye mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri tapılmışdır.
Paleolit arxeoloji ekspedisiyası 1985-ci ildə Ə.Q.Cəfərovun rəhbərliyi altında Lerik rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı Zuvandçayın sol sahilində dəniz səviyyəsindən 1600 m yüksəklikdə Buzeyir qədim insan düşərgəsini qeydə almışdır. 1990-cı ildə Ə.Q.Cəfərovun rəhbərliyi altında Buzeyir qədim insan düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid qədim insanların hazırladıqları əmək alətləri və ovladıqları heyvan sümüklərinin qalıqları tapılmışdır (şəkil 5).

Şəkil 5. Lerik. Buzeyir paleolit düşərgəsi. 1990-cı il
2007-ci ildə paleolit arxeoloji ekspedisiyası Ə.Q.Cəfə­rovun rəhbərliyi altında Lerik rayonu ərazisində apardığı arxeo­loji kəşfiyyat işləri zamanı Zuvandçay paleolit düşərgəsini qeydə almışdır (şəkil 6). Paleolit arxeoloji ekspedisiyası 2011, 2012 və 2015-ci illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar zamanı Zuvand­çay paleolit düşərgəsindən orta əsrlər, tunc, antik, üst paleolit və mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar etmişdir (6,23).

Şəkil 6. Zuvandçay paleolit düşərgəsinin ümumi görünüşü 2007-ci il

Şəkil 7. Azıxantropun alt çənəsi.
Azərbaycan müstəqilliyini əldə edəndən sonra bütün sahələrdə olduğu kimi, Elmlər Akademiyasında, arxeologiya elminin əldə etdiyi nailiyyətlər də beynəlxalq xarakter almışdır. Xüsusilə, Azərbaycanın Azıx, Tağlar, Naxçıvanın Qazma və digər paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları qədim sivilizasiyanın xüsusiyyətlərini öyrənmək üçün dünya alimləri tərəfindən marağa səbəb olmuşdur. 2001-ci ildə Fransa, İtaliya, İspaniya, Hollandiya, Rusiya, GürcüstanAzərbaycan alimləri “İNTAS – 2000” proqramı hazırlayıblar. Bu proqram Brüsseldə və Fransanın Totavel şəhərində keçirilən beynəlxalq konfranslarda təsdiq olunmuş və əlaqələndirici məni seçmişlər. Məhz bu proqrama uyğun olaraq, Avropanın 7 ölkəsinin 35 alimi 2002-ci ildə dəvətimlə Azərbaycana gəlmiş, maddi mədəniyyət qalıqları ilə tanış olmuşlar.
Ə.Q.Cəfərovun Avropa alimləri ilə apardığı tədqiqatlar zamanı məlum olmuşdur ki, Azərbaycanda qədim insanların məskunlaşma tarixi 2,5 milyon ilə bərabərdir.
Bu gün Avropa ilə Azərbaycan alimlərinin apardığı kompleks elmi tədqiqatlar zamanı AvropaAzərbaycanda, Qafqazda yaşamış insanların oxşar və fərqli xüsusiyyətlərini tədqiq edirik. Vəzifəsindən asılı olmayaraq hesab edirəm ki, bu gün hamıya Azərbaycanın tarixini öyrənmək və təbliğ etmək lazımdır. Çünki erməni mafiyasına xidmət edən qüvvələr Azərbaycanın qədim tarixini saxtalaşdırmağa cəhd edirlər. Buna yol vermək olmaz.

Şəkil 8. Azıx düşərgəsi. əmək alətləri. Quruçay mədəniyyəti. X təbəqə.

Şəkil 9. Azıx düşərgəsi. Əmək alətləri. Qədim aşel mədəniyyəti. VI təbəqə

Şəkil 10. Azıx düşərgəsi. Mustye mədəniyyəti. Əmək alətləri. III təbəqə

Ədəbİyyat
Azərbaycan arxeologiyası. Daş dövrü. I cild, Bakı, 2008
Azərbaycan tarixi, 7 cilddə, I c. Bakı, 1998
Cəfərov Ə.Q. Quruçay dərəsində. Bakı, 1990
Cəfərov Ə.Q. İnsanlığın səhəri. Bakı, 1994
Cəfərov Ə.Q. Azərbaycanın ilk sakinləri. Bakı, 2004
Cəfərov Ə.Q. Qarabağın paleolit düşərgələri. Bakı, 2017
Cəfərov Ə.Q. Qarabağ: Ulu Vətənimiz. Bakı, 2019
Hüseynov M.M. Azərbaycan arxeologiyası. Bakı, 1975
Hüseynov M.M., İsmayılov Q.S. Azıx və Tağlar mağaralarından aşkar olunmuş eneolit dövrü tapıntıları. Az.EA xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, Bakı, 1967, №1
Hüseynov M.M. Azərbaycanın qədim paleoliti. Bakı, 1985, rus dilində
Lübin V.P. Qafqazın mustye mədəniyyətləri. Leninqrad, 1977, rus dilində
Lübin V.P. Qafqazda aşel dövrü. Sankt-Peterburq, 1998.

Açar sözlər: Azıx, Tağlar, Şuşa, Daşsalahlı, Buzeyir, Damcılı, Qazma.
Ключевые слова: Азых, Таглар, Шуша, Дашсалахлы, Бузейир, Дамджылы, Газма
Key words: Azikh, Taghlar, Shusha, Dashsalahli, Buzeyir, Damjili, Qazma.

Ə.Q.Cəfərov
Azərbaycanın qədim insan düşərgələri
xülasə
Məqalədə Azərbaycan Respublikası ərazisində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızda nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin türk dünyasının qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir.
1953-2015-ci illərdə Azərbaycan Respublikası ərazisində aparılan kompleks arxeoloji tədqiqat işləri nəticəsində çoxtəbəqəli Azıx, Tağlar, Şuşa, Qazma, Buzeyir, Zuvandçay və digər qədim insan məskənləri qeydə alınaraq tədqiq olunmuşdur. Xüsusilə Azərbaycxanın əzəli və əbədi torpaqları olan Qarabağ ərazisində aparılan arxeoloji qazıntılar zamanı arxeologiyanın müxtəlif dövrlərinə aid arxeoloji və paleontoloji tapıntılar əldə olunmuşdur. Məqalədə həmin elmi tapıntılar və Avropa alimləri ilə beynəlxalq İNTAS-2000 proqramı əsasında aparılmış elmi araşdırmaların nəticələri müfəssəl şəkildə verilmişdir. Həmin tapıntılar əsasında respublikamızın ərazisində qədim insanların yaranması, inkişaf etməsi, hazırladıqları əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri tədqiq olunmuşdur.

 

Джафаров А.Г.
Древнейшие человеческие стоянки Азербайджана
Резюме
В результате комплексных научных исследований, проведенных на территории Азербайджанской Республики, в нашей стране жили не только первобытные люди, но и научно доказано, что древнейшее поселение в этой стране было одним из древнейших цивилизационных центров тюркского мира.
В результате комплексных археологических иссле­дований, проведенных на территории Азербай­джанской Республики в 1953-2015 гг., были изучены многослойные пещерные стоянки Азых, Таглар, Шуша, Газма, Бузейир, Зувандчай и другие древние населенные пункты. Археологические и палеонтологические находки различных периодов археологии были обнаружены при раскопках на территории Карабаха, древней и долговечной земле Азербайджана. В статье дается подробное описание этих научных результатов и результатов научных иссле­дований, проведенных европейскими учеными в рамках международной программы INTAS-2000. На основании этих выводов, были изучены происхождение и развитие древних людей на территории нашей республики, технико-типологические особенности созданных ими орудий труда.

 

A.Q.Jafarov
Ancient people camps of Azerbaijan
summary
In article as a result of complex scientific research conducted on the territory of the Republic of Azerbaijan was proved the existence in our Republic not only primitive people, but also on a scientific basis proved formation in this region the most ancient inhabitants for a long time and that Azerbaijan territory is one of the oldest centers of civilization of the turkish world.
Multi-section Azikh, Taghlar, Shusha, Qazma, Buzeyir, Zuvandchay and other ancient human settlements were recorded and investigated as a result of complex archaeological research conducted in the territory of the Republic of Azerbaijan in 1953-2015. Especially, during archaeological excavations carried out in Azerbaijan’s ancient and eternal land of Karabakh territory, archeological and paleontological discoveries relating to different periods of the archaeology has achieved. The results of scientific research conducted on the basis of the scientific findings and international program INTAS-2000 of European scientists were given in detail in an article. Based on these findings on the territory of our Republic, the emergence of ancient people, their development, technical-typological features of prepared tools were investigated.