SSRİ-nin iflasında etnik faktorun rolu

Ruslan RəhimliTarix elmləri üzrə fəlsəfə doktoru, dosent AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Antropologiya Mərkəzi

80-cı illərin ikinci yarısından etibarən SSRİ-də milli məsələ ictimai-siyasi həyatın vacib bir tərəfi kimi ortaya çıxdı. SSRİ rəhbərliyinin 1985-ci ildən etibarən həyata keçirməyə başladığı dövlət və cəmiyyət həyatının yenidən qurulması siyasəti qapalı sistem olan sovet siyasi sistemində köklü dəyişikliklərin aparılmasına gətirib çıxartdı. Cəmiyyətin siyasi həyatının demokratikləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, beynəlxalq və dövlətdaxili proseslərə yeni yanaşma ön plana çəkildi. Lakin sovet rəhbərliyinin bir sıra daxili və xarici faktorları nəzərə almaması siyasi və iqtisadi sistemin islahatına yönələn yenidənqurma siyasətinin dövlət ərazisində müxtəlif kortəbii proseslərin getməsinə, mərkəzdənqaçma meyllərinin güclənməsinə şərait yaratması ilə nəticələndi. SSRİ-də mövcud olan və uzun illər ərzində giz­li saxlanılmış, "dondurulmuş" bir çox problemlər üzə çıxdı, yenidənqurma siyasəti dövlətin məhvini sürətləndirdi. SSRİ hakimiyyəti ilə xalqlar arasında olan münasibətlər korlandı, milli münasibətlərdəki zahiri sakitlik pozuldu. Etnosların öz aralarındakı münasibətlərdə də köklü problemlər yarandı, ictimai-siyasi həyatda milli məsələ kütlələri aktivləşdirdi, çoxmillətli dövlət qruluşunun daimiliyi və dəyişməzliyi, milli problemlərin yoxluğu prinsipi puç oldu.
Artıq 80-ci illərin əvvəllərindən etibarən SSRİ-də milli dirçəliş böyük vüsət almağa başladı. Sovet İttifaqında yaşayan millətlər və azsalı xalqlar, etnik birliklər sosial-siyasi, ərazi, milli-mədəni, dini məsələlərdə onlara qarşı edilən tarixi ədalətsizliklərin qarşısını almaq və bunlardan birdəfəlik qurtarmaq uğrunda aktiv siyasi fəaliyyətə başladılar.
Milli və regional dəyərlər bütün ictimai-siyasi strukturlara sirayət etdi və özünə yer tapdı. Milli şüurun formalaşması milli-azadlıq hərəkatlarına təkan verdi, millətçilik və regionçuluq mütəşəkkil bir cərəyana çevrildi. Qeyd etmək lazımdır ki, milli inkişaf prosesində sağlam millətçiliklə yanaşı, radikal millətçilik və eyni zamanda, neqativ bir element kimi regionçuluq da inkişaf etdi. Rusiyalı alim İ.Krupnik bu məsələyə münasibətdə bildirir ki, "1989-cu il regional düşüncənin qələbə çaldığı il kimi bitdi" [8, s. 4].
F. İskander bununla bağlı yazır: “Etnik millətçiliyin” zərbəsi ilə sovet dövlətinin unitar modeli titrəməyə başladı.” “Millətçilik bizim cəmiyyətin öz strukturundan alovlanır, ilk başlanğıcdan haradakı düzgün və xeyirxah olan milli maraqlar axmaq formallığa çevrilib” [7]
Etnik zəmində toqquşmalar, təqiblər milli məsələni kəskinləşdirən bir element kimi ortaya çıxdı. D. Malışevanın bu haqdakı fikirləri maraqlıdır. O yazır:- "SSRİ-nin iflası və yeni müstəqil respublikalarda milli-dövlət quruculuğu sahəsində çətin proseslər əvvəllər İttfaq mərkəzinin (Moskvanın – R.R.) dəmir əli ilə müvəffəqiyyətlə yatırılan və qəddarcasına küncə sıxılan mövqe fərqliliyini üzə çıxardı. Burada söhbət milli-etnik zəmində baş verən işgəncələrdən, millətlər daxilindəki qarşıdurmadan (regional və klan əlamətlərinə görə olan qarşıdurma), ərazi mübahisələrindən, separatizmdən, muxtarlaşma hərakatlarından gedir" [11, s. 31].
Artıq 1989-cu ildə SSRİ Xalq deputatları I qurultayının qəbul etdiyi əsasnamə və M.S.Qorbaçovun 1989-cu il iyulun 1-də televiziya ilə etdiyi çıxış SSRİ-də milli problemin mövcudluğunu və kəskin xarakter aldığını təsdiq etdi. Sov. İKP MK-nin 1989-cu il sentyabr Plenumu və MK-nin "Müasir şəraitdə partiyanın milli siyasəti" adlı Platformasının elan edilməsi SSRİ-nin mövcud olmasının milli məsələnin həllindən xeyli dərəcədə asılı olduğunu bir daha təsdiq etdi. Platformada göstərilirdi ki, milli məsələ axır vaxtlar kəskin xarakter alıb, bu məsələ ilə bağlı problemlərin həllinin dövlətin gələcəyi üçün böyük əhəmiyyəti var.
SSRİ-nin dağılması prosesini tezləşdirən əsas amillərdən biri də milli siyasətin düzgün tənzimlənməməsi oldu. Milli maraqlara, milli heysiyyatlara toxunmadan xalqların mənafelərinin ədalətli, demokratik qaydada təmin olunmasının əvəzində dövlət avtoritar rejimin gücündən istifadə edərək millətlərin yox, hakimiyyətin maraqlarını təmin edirdi. Sivil dünya qaydalarına, demokratik prinsiplərə uyğun metodlardan istifadə etmədən, məsələn, referendiumlar, sorğular keçirilmədən, ictimai rəy öyrənilmədən hər hansı bir xalq, etnik azlıq haqqında qərarlar çıxarılırdı. Beləliklə də inzibati-bürokratik metodlardan istifadə milli problemlərin daha da kəskinləşməsinə şərait yaratdı. Rusiyalı alim R.Landa bu haqda yazır: - "Milli problemlərin həllində, iqtisadi, sosial və digər problemlərin həllində olduğu kimi, inzibati-bürokratik metodlar üstünlük təşkil edib" [9, s. 42].
SSRİ-də millətçilik gizli formada olsa da belə, hər zaman inkişaf etmişdir. 1989-cu ildə Sov. İKP MK partiyanın etnik tərkibini aşkarladı. 1990-cı ildə isə Sovet İttifaqının mövcud olduğu dövr ərzində hakimiyyət orqanlarında çalışmış şəxslərin tərcümeyi-halları açıqlandı. Nəticələr rusların (68%) digər xalqlara nisbətdə SSRİ hakimiyyət orqanlarında daha çox yer aldığını sübut etdi. Tədqiqatlar müəyyən etdi ki, 1970-80-cı illərdə qeyri-rus millətlərinin nümayəndələrinin partiya sıralarına cəlb edilməsi 20-ci illərə nisbətdə xeyli azaldılıb. Bu məsələlər V.Tişkov tərəfindən araşdırılmışdır və onun gəldiyi nəticələr maraq doğurur. "Bizim Siyasi büronun (Prezidium), Təşkilat bürosu və KP MK Katibliyinin 1919-1990-cı illər ərzində olan 193 üzvünün və üzvlüyə namizədlərinin çap olunmuş bioqrafiyalarının təhlilindən sonra hesablamalarımız kommunist liderlərinin etnik tərkibinin bu cür olduğunu ortaya çıxardı".
Cədvəl. 1
ruslar               131
ukraynalılar      17
yəhudilər          12
latışlar              7
beloruslar          6
gürcülər             5
özbəklər             2
azərbaycanlılar   2
ermənilər           2        
almanlar            2
polyaklar            2
qazaxlar             1
tatarlar              1
finlər                 1
bolqarlar            1 [13, s. 33]


SSRİ-də hakimiyyətdə rusların çoxluq təşkil etməsi faktları onu sübut edir ki, qeyri-rus millətlərinə münasibətdə ayrıseçkilik edilib, onlara etibar olunmayıb, belə demək mümkünsə, sovet - rus millətçiliyi inkişaf edib.
İngilis antropoloqu Ernest Gelnerin "Millət və Millətçilik" əsərində göstərdiyi fikirlər SSRİ-nin süqutunun bir tərəfdən də milli problemlərdən, millətçiliyin baş qaldırmasından asılı olduğunu sübut etməkdə gərəkli ola bilər. Gelner bildirir ki, "millətçilik - hər şeydən əvvəl siyasi və milli-mədəni dəyərlərin üst-üstə düşməsini tələb edən siyasi prinsipdir. Bu prinsipin pozulması, millətin və onun mədəniyyətinin inkişafına təminat verən siyasi və dövlət institutlarının çatışmazlığı millətçi hisslərin baş qaldırmasına və böyük etiraz aksiyalarına səbəb olur. Bu cür pozuntuların mövcud olduqları yerdə münaqişələr qaçılmaz olur" [3, s. 120]. Gelnerə görə millətçilik heç də geridə qalmış cəmiyyətə xas deyil, millətçilik yüksək savadlılıq, informasiya vasitələri və kommunikasiyaların, milli intel­lektual elitaların yaranışı şəraitində ixtisaslı kadrlara təlabat olduğu dövrdə də yarana bilər. Əgər cəmiyyət sənayeləşmə dövründə millətçiliyə hazırdırsa, onun inkişafının qarşısını almaq mümkün deyil. "Kütlələr mümkün olanlarla, onların milli mədəniyyətlərinin vəziyyəti arasında uyğunsuzluğu, onların milli mədəniyyətlərinin siyasi hakimiyyət tərəfindən təmin olunmadığını hiss edəndə milli oyanış baş verir. Bu mərhələdə millətçilik aqressiv olur" [3, s. 127]. Qeyd edək ki, Sovet cəmiyyəti də aktiv sənayeləşmə dövrünü yaşayırdı, savadlılığın və milli elitaların səviyyəsi yüksək idi. Milli mədəniyyətlər dövlət hakimiyyət institutlarının köməyinə ehtiyac duyurdu, yaxud ondan asılı vəziyyətdə idi.
SSRİ-nin dağılması səbəbləri haqqında bütövlükdə götürüldükdə üç əsas versiya mövcuddur. 1) Sovet İttifaqı beynəlxalq qəsd nəticəsində dağıldı; 2)Sovet İttifaqı imperiya idi və vüsət alan milli-azadlıq hərəkatlarının nəticəsində, imperiya siyasətinin iflasa uğraması səbəbindən dağıldı; 3) Sovet İttifaqı yüksək siyasi eşalonda baş verən hakimiyyət uğrunda mübarizə nəticəsində dağıldı [6, s. 39-40]. SSRİ-nin iflasına dair K.Qadjıyevin də fikirləri maraqlıdır: - "Sovet İttifaqı imperiyanın daxili imkansızlığından irəli gələn özünəqəsd etdi. Bütün böyük imperiyalar və dövlətlər təkcə xaricdən təzyiq nəticəsində yox, daxildən müflisləşmə nəticəsində dağılırlar" [2, s. 277].
SSRİ-nin iflasından danışarkən dövlət və hakimiyyət orqanlarında çalışanların səriştəsizliyi və məsuliyyətsizliyi məsələlərini də qeyd etmək lazımdır. Artıq 80-ci illərin ikinci yarısından etibarən bu amil özünü daha çox büruzə verdi. Bu barədə M. Qorbaçovun fikirlərinə diqqət yetirək:- "Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyində və dövlət aparatında iş qabiliyyətinin, tələbkarlığın, intizam və məsuliyyətin zəifləməsi getdikcə daha açıq şəkildə özünü göstərirdi" [4, s. 17]. Lakin qeyd etmək lazımdır ki, elə Qorbaçov özü, hakimiyyətə gəldikdən sonra kommunist ideyalarına sadiq, işgüzar, dövlət strukturlarında böyük iş təcrübəsi olanları hakimiyyətdən uzaqlaşdırdı.
SSRİ-də milli münaqişələrin gizli formadan açıq formaya keçəcəyi, konfliktlərin daha da kəskin xarakter alacağını bəzi politoloqlar qabaqcadan proqnozlaşdırmışdılar və bu fikirlər öz təsdiqini sonrakı proseslərdə tapdı. Məsələn, amerikalı sovetoloq Zbiqnev Bzejinski özünün "Postkommunist millətçiliyi?" əsərində SSRİ-də milli problemlərin daha da çoxalacağı və vüsət alacağı haqqında yazır: - "böyük əminliklə proqnozlaşdırmaq olar ki, yaxın gələcəkdə Şərqi Avropa ölkələri kimi Sovet İttifaqı da məlum münaqişələrlə müqaisədə daha kəskin milli konfliktlər meydanına çevriləcək" [1, s. 2]. MDB ərazisində konfliktlər və bunların etnik xarakteri haqqında V.Lısenkonun fikirləri maraqlıdır. O münaqişələri iki qrupa bölür - İttifaq hakimiyyəti ilə olan konfliktlər və millətlərarası konfliktlər. "Bunların əsasları kimi xaricdə kompakt areal şəklində etnik yayılmanın artması (36 faiz), qohum xalqların konsalidasiyası (7 faiz), yaxud əksinə, onların ayrılmasını göstərmək olar. Ərazi iddiaları müxtəlif vaxtlarda sərhədlərin dəyişdirilməsinə əsaslanır (inqilaba qədər sərhədlər 5 faiz, 1924-cü ilə qədər 11 faiz, 1945-ci ilə qədər 26 faiz, 4 faiz sərhəd isə ikinci dünya müharibəsi vaxtı ilhaq olunub)." [10, s. 148].
Yenidənqurma dövründə SSRİ ərazisindəki ilk milli çıxışlar və dövlətə qarşı tələblərin açıq formada irəli sürülməsi 1986-cı ilin dekabrında Alma-Atada tələbələrin nümayişi, elə həmin ildə Yakutiyadakı hadisələr və 1987-ci ildə Moskvadakı Qırmızı meydanda Krım tatarlarının aclıq aksiyası ilə başladı. Artıq 1988-ci ildə Dağlıq Qarabağda təcavüzkar erməni separatizmi böyk vüsət almağa başladı və DQ-ın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. 1989-cu ildə Abxaziyanın Rusiya Federasiyasının tərkibinə daxil olmaq qərarının nəticəsində gürcü-abxaz konflikti ortaya çıxdı. Cənubi Osetiyanın Gürcüstandan ayrılmaq tələblərinin nəticəsində separatizm dalğası genişləndi. Gürcüstanın digər etnosiyasi problemi Cavahetiyadır. Qeyd edək ki, Gürcüstanın Cavahetiya bölgəsində etnik ermənilər yaşayır və buradakı etnosiyasi gərginliyin, separatizmin yaranmasında ermənilərin xüsusi rolu var. Gürcü tədqiqatçı D.Darçiaşvili Gürcüstanda separatizm haqqında yazarkən erməni separatizmini xüsusilə qeyd edir. "Gürcüstan hakimiyyəti Ermənistanı Cavahetiyada kompakt halda yaşayan ermənilər arasında separatist əhval-ruhiyyənin yaranmasını dəstəkləməkdə şübhəli bilir və ittiham edir" [5, s. 181]. Gürcüstanda Gavahetiya problemi ilə yanaşı Acarıstan problemi də uzun bir dövr öz aktuallığını saxlamışdı.
1988-90-cı illərdə Pribaltikada və Qafqazda milli müstəqillik uğrunda genişlənən milli hərəkatlar 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə Bakıya, 1991-ci ildə isə Vilnüsə Sovet qoşunlarının yeridilməsi, 1989-1991-ci il Moldova ilə Dnestryanı bölgə arasında milli-ərazi konfliktinin yaranması, 1989-cu il Fərqanə, Oş, 1990-cı il Tacikistan hadisələri, milli qırğınlar SSRİ-nin dağılması ərəfəsində milli-ərazi, siyasi-statusla bağlı ən böyük münaqişələr idi.
Dağlıq Qarabağ probleminin ortaya çıxması ilə SSRİ-nin dağılması prosesi sürətləndi. Bu münaqişə həm də İttifaq ərazisində milli-siyasi konfliktlərin yaranması və yaxud yenidən qızışmasına təkan verdi. Qeyd edək ki, ermənilərin Azərbaycana qarşı təcavüzkar separatizmi 1987-ci ilin sonlarından aktivləşdi. 1988-ci il fevralın 20-də Azərbaycan SSR DQMV XDS-nin növbədənkənar sessiyası "Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə təqdimat haqqında" qərar qəbul etdi. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV XDS-nin xahişi ilə əlaqədar DQMV-nin Ermənistan SSR-nin tərkibinə keçməsi haqqında qərar çıxardı. 1989-cu il dekabrın 1-də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha pozaraq DQ-ın Ermənistanın tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Ondan sonra, 1990-cı ilin mayında DQ-dən Ermənistan parlamentinə 12 deputat seçildi.
Ermənilərin azərbaycanlılara qarşı, sonradan müharibə ilə müşaiyət olunan mübarizəsi Azərbaycanın əraziləri hesabına "Böyük Ermənistan" yaratmaq ideyasının reallaşdırılmasına xidmət edirdi. Bu da Qafqazda böyük bir etnosiyasi münaqişənin yaranmasına gətirib çıxardı. Ermənilərin təcavüzkar separatizm, terrorizmlə müşaiət olunan mübarizəsi SSRİ-də etnosiyasi vəziyyəti kökündən dəyişdi, sovet rəhbərliyinin milli məsələləri həll etmək gücündə olmadığını bir daha sübut etdi. Dağlıq Qarabağ münaqişəsinin yaranmasında daxildə və xaricdə yaşayan təcavüzkar-millətçi ermənilərin, onların təşkilatlarının, sovet rəhbərliyinin ermənilərə havadarlıq etməsinin və yaxud bu məsələdə fəaliyyətsizliyinin rolu böyükdür. Ermənilərin bu istiqamətdə apardığı işlər həm xaricdə, həm də İttifaq çərçivəsində intensiv şəkildə davam etdi. Ermənistanda Qarabağ Komitəsi, Dağlıq Qarabağda isə Krunk təşkilatı yaradıldı. SSRİ-də milli məsələ ilə bağlı özbaşınalıq o səviyyəyə çatmışdı ki, SSRİ rəhbəri M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, erməni milliyətindən olan akademik A.Aqanbekyan 1987-ci ildə Fransada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin labüd olduğu bəyanatını vermişdi. 1985-ci ildə SSRİ-də Zori Balayanın "Ocaq", 1986-cı ildə isə Beatris Qasparyan Briku adlı Fransa ermənisinin Parisdə "İyirminci əsrin erməniləri" adlı türklərə nifrət hissi ilə dolu kitabı çapdan çıxmışdı.
Dağlıq Qarabağ ermənilərinin öz sosial vəziyyətlərinin ağırlığı, Azərbaycanda milli mədəniyyətlərini inkişaf etdirə bilməmələri haqqında çıxışlarının heç bir əsası ola bilməzdi. Ona görə ki, Qarabağ və Azərbaycanın digər bölgələrində yaşayan ermənilərin yaşayış səviyyəsi azərbaycanlılara nisbətdə daha yüksək idi. Onlar daha çox güzəştlərdən və üstünlüklərdən istifadə ediblər. Milli mədəniyyətlərini, tarixini, elmini inkişaf etdirmək üçün ermənilərə Azərbaycan hökuməti tərəfdən əlverişli imkanlar yaradılıb.
Rusiyalı tədqiqatçı A.Yamskovun bu haqdakı fikirlərinə diqqət yetirək: “Dağlıq Qarabağda olduğu kimi Azərbaycanın digər rayonlarında yaşayan ermənilər öz dillərini, milli mədəniyyətlərini real olaraq inkişaf etdirmək və istifadə etmək, öz dillərində məktəb proqramı çərçivəsində orta təhsil almaq və sair hüquqlara malik idilər. Problem muxtar vilayətdə yaşayan ermənilərin azərbaycanlılardan pis yaşamasında deyil. Əksinə bir çox parametrlərə görə ermənilər azərbaycanlılardan hətta çox yüksək səviyyədə yaşayıblar” [14] Yamskovun DQ problemi haqqında qərəzli fikirləri çoxdur, lakin bu alim öz fikirlərində həqiqəti etiraf etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, DQMV erməniləri pedaqoji instituta, teatra, rəqs kollektivinə, idmanı inkişaf etdirmək üçün Azərbaycanın birinci dəstəsində çıxış edən futbol komandasına malik idi. Dağlıq Qarabağda erməni dilində televiziya verilişləri efirə çıxırdı, qəzet, jurnal çap olunurdu. "İzvestiya" qəzetinin 1988-ci il 25 mart tarixli sayında göstərilirdi ki, Dağlıq Qarabağ vilayəti mənzillə təchizat sahəsində Azərbaycanın digər yerlərini orta hesabla 1,4 dəfə geridə qoyur. Başqa sahələrdə də vilayətdə vəziyyət hər iki İttifaq respublikalarından (yəni Azərbaycan və Ermənistandan-R.R.) yaxşıdır. Göründüyü kimi ermənilərin Azərbaycanda sıxışdırılması haqqında o dövrdəki çıxışlar və bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyildi. Bu, sadəcə olaraq erməni təcavüzkar seperatizmi, terrorizmi vasitəsi ilə Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsini ondan qoparmaq və Böyük Ermənistan ideyasının reallaşdırılması üçün bir bəhanə idi.
Beləliklə, SSRİ-nin dağılması ilə bir dövrdə Şimali və Cənubi Qafqaz respublikalarında və burada yaşayan xalqlar arasında etnosiyasi şərait dəyişdi. Qafqazda daha çox etnosiyasi vəziyyətin gərginləşməsi ilə xarakterizə olunan hadisələr baş verdi. Buna səbəb SSRİ-dən miras qalan milli-ərazi, siyasi-statusla bağlı problemlər, yeni etnik münaqişələrin yaranması, milli-azadlıq hərəkatları və yaxud kiçik xalqların suverenlik uğrunda mübarizəsi, regional ictimai-siyasi təşkilatların fəaliyyəti oldu. Yeni yaranmış münaqişələrlə yanaşı SSRİ vaxtından, hətta Çar Rusiyası dövründən qalan milli-ərazi, sərhəd, siyasi statusla əlaqədar problemlər etnosiyasi vəziyyəti bir qədər də mənfi istiqamətə yönəltdi.
"Rusiya Etnosiyasi Tədqiqatlar Mərkəzinin hesabla­ma­­larına görə 1988-ci ildən 1991-ci ilə qədər keçmiş SSRİ ərazisində 150-dən çox konflikt baş verib, bunlardan 20-si insan tələfatı ilə nəticələnib" [12].
Keçmiş SSRİ-ərazisində etnosiyasi münaqişələrin əsas tipləri kimi göstərmək olar:
- Parçalanmış etnosların birləşdirilməsi ilə xarakterizə olunan ərazi münaqişələri (Burada konfliktin əsas xarakteri (mənbələri) hökumətlə separatçı qüvvələr, milli azadlıq qrupları arasında daxili siyasi və yaxud hərbi toqquşmalardır. Burada separatçı qüvvələrin qonşu dövlətlərin hərbi – siyasi dəstəyini almasını da qeyd etmək olar);
- Etnik azlığın müstəqil dövlət yaratmaq məqsədilə öz müqəddəratını təyin etmək hüququnu reallaşdırmaq cəhdləri nəticəsində yaranan münaqişələr;
- Deportasiya olunmuş xalqların ərazi hüquqlarının bərpası ilə xarakterizə olunan münaqişələr;
- Hər hansı bir dövlətin qonşu dövlətin müəyyən ərazisinə iddiası ilə bağlı yaranan münaqişələr;
- Sovetlər vaxtı milli maraqları nəzərə almadan aparılan ərazi dəyişdirmələri nəticəsində yaranan münaqişələr;
- Deportasiya olunmuş xalqların digər respublikalarda uzun illər yaşaması, yerli xalqlarla yaranan torpaq-ərazi, etnik-mədəni, sosial və s sahələrdə yaranan problemlər;
- Xalqların öz müqəddaratını təyinetmə hüququnun (dövlətin ərazi bütövlüyünün saxlanması şərtilə) pozulması, yaxud nəzərə alınmaması, yerli (titullu) xalqın digər azsaylı xalqlar üzərində sosial – siyasi üstünlüyə nail olması cəhdləri nəticəsində yaranan münaqişələr;
- Bir dövlətin vətəndaşlarının digər dövlətin ərazisində diskriminasiyası nəticəsində yaranan münaqişələr;
- Bir dövlətin ərazisində yaşayan müxtəlif milli azlıqlar arasında linqivistik mübahisələrin (dövlət dili məsələsində) yaranması nəticəsində ortaya çıxan münaqişələr.
Etnosiyasi konfliktlərin bir xüsusiyyəti də var ki, burada bir münaqişə vəziyyəti bir neçə situasiyalarda özünü büruzə verə bilər.

Ədəbİyyat:
Brzeziński.Zbigniew. Post communist nationalism // Foreign affairs, 1989/90, vol.68, h 5, p.2
Гаджиев К. Геополитические перспективы Кавказа в стратегии России // Мировая экономика и международное отношение, 1993, №2, с. 20-37
Геллнер Э. Нации и национализм // Вопросы Философии. 1989, №7, с. 119-131
Горбачев М.С. Перестройка и новое мышление для нашей страны и для всего мира. Москва: Политиздат, 1988, 270 с.
Дарчиашвили Д. Южная Грузия: вызовы и задачи безпасности // Центральная Азия и Кавказ, №1, 2001, с.178-188
Здравомыслов А.Г. Межнациональные конфликты в пост советском пространстве. Москва: Аспект-пресс, 1999, 286 с.
Искандер Ф. Известия, 1989, 1 января
Крупник И.И. Национальный вопрос в СССР: поиски объяснений // Советская этнография, 1990, №4, с.3-15
Ланда Р. Ест ли угроза единству России // Азия и Африка сегодня, 1998, №.7, с.40-43
Лысенко В. Региональные конфликты в странах СНГ: опыт урегулирование // Полис, 1998, №2, с. 147-157
Малышева Д.Б. Этнические конфликты на юге СНГ и национальная безопасность России // Мировая экономика и международное отношение, 1994, №3, с. 30-41
Мукомель В. Паин Э. Попов А. Союз распался – межнациональные конфликты остались. Газ. «Независимая газета», 1992, 10 января
Тишков В.А. Национальность - коммунист (этнополитический анализ КПСС) // Полис, 1991, №2, с.31-42
Ямсков А.Н. Межнациональные конфликты в Закавказе: предпосылки возникновение и тенденции развитие – Полис.1991 № 2

 

Açar sözlər: SSRİ, milli məsələ, etnik münaqişə, milli məsələ.

Ключевые слова: СССР, национальный вопрос, этнический конфликт, Северный и Южный Кавказ.

Keywords: USSR, national question, ethnic conflict, North and South Caucasus.

Резюме
Автором проведено обширное исследование явлений, характеризующихся изменениями этнополитической ситуации в республиках Северного и Южного Кавказа и нестабильной этнической ситуацией на Кавказе во время распада Советского Союза. Этнические конфликты были унаследованы от СССР, проблемы национально-территориального и политического статуса, возникновение новых этнических конфликтов, национально-освободительные движения или борьба за суверенитет малых народов и деятельность региональных общественно-политических организаций. Помимо возникающих конфликтов, проблемы, связанные с национально-территориальным, пограничным и политическим статусом со времен Советского Союза и даже царской России, в меньшей степени обусловили этнополитическую ситуацию.

Summary
The author conducted an extensive study of phenomena characterized by changes in the ethno-political situation in the republics of the North and South Caucasus and the unstable ethnic situation in the Caucasus during the collapse of the Soviet Union. Ethnic conflicts were inherited from the USSR, problems of national-territorial and political status, the emergence of new ethnic conflicts, national liberation movements or the struggle for the sovereignty of small nations and the activities of regional socio-political organizations. In addition to the conflicts that arise, problems associated with the national-territorial, border, and political status since the times of the Soviet Union and even tsarist Russia, to a lesser extent determined the ethnopolitical situation.