Müəssisələrdə sosial münaqişələrin yaranması müxtəlif baxışlar aspektində

Zeynəddin ŞabanovAMEA Fəlsəfə İnstitutu, aparıcı elmi işçi,fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Cəmiyyət inkişaf edir, burada müxtəlif səpkili hadisə və proseslər baş verir. Bu proseslər içərisində münaqişələr öz xüsusi çəkisi ilə fərqlənir. Sosial və şəxsiyyətlərarası münaqişələr müxtəlif ağırlıq dərəcəli nəticələri ilə bütün insanlıq tarixini müşayiət edir. Bu gün müəssisələrdə insanlar arasında əlaqələr tez-tez münaqişələrə görə mürəkkəbləşir.
Müəssisədəki münaqişələr iki və ya daha çox tərəfin və ya qarşılıqlı subyektlərin mübahisəli fikirləri, məqsədləri, maraqları və ya mövqelərinin toqquşmasıdır. Sosial münaqişələr və onların həlli yollarının təhlili, mü­asir müəssisələrdə sosial münaqişələrin araşdırılması və öyrənilməsinin müəssisə üçün əhəmiyyəti, onun səmərəli və mənfi cəhətləri, münaqişələrin həllinin müəssisə üçün zəruriliyi, onların rolunun dəyərləndirilməsi baxımından çox əhəmiyyət kəsb edir(1, s.25).
Sosial sahədəki münaqişələr demək olar ki, əsasən sosial həyat səviyyələrində baş verən münaqişələri əhatə edir. Bununla belə sosial sferanın hər hansı bir sahəsində meydana çıxan münaqişə özündə başqa münaqişələrin də xüsusiyyətlərini ehtiva edə bilər.
Hər bir sosial münaqişə obyektinə və subyektinə, meydana çıxdığı mühitə, törənmə amillərinin növünə və xüsusiyyətinə, sosial həyatda oynadığı səmərəli və qeyri-səmərəli nəticələrə görə digərlərindən müəyyən qədər seçilir (5, s.14) .
Münaqişə, onun yaranma səbəbləri, təzahür forrmaları və nizamlanma vasitələri yalnız cəmiyyətin hərtərəfli öyrənilməsi, şəxslər, insanlar arasındakı qarşılıqlı münasibətlərin araşdırılması zamanı mümkün ola bilər(2, s.44).
Müəssisələrdə sosial münaqişə konsepsiyasının işlənib hazırlanmasında tanınmış tədqiqatçılardan Tolkott Parsonsun, Ralf Darendorfun, Lyuis Kozerin xüsusi rolu olub.
Amerika sosioloqu R. Park və R.U. Bercensin sosial münaqişənin nəticələri ilə əlaqəli fikirləri, demək olar ki, orjinal və innovatik məna kəsb edir. Bu sosioloqlar, sosial hadisələri bu dörd əsas qarşılıqlı münasibət tipi əsasında-yarış, münaqişə, adaptasiya, assimilyasiya-təhlil edirlər.Tədqiqatçılar bu tiplər arasından münaqişəyə xüsisi yer ayıraraq sosial münaqişəni, məhz sosial varisliyin əsas şərti hesab edirdilər(6, s.97).
Beləliklə, tarixi hadisələrdə (əsasən də, sosial mü­na­­qi­şələrdə) mütləq təkrarlanmanın olmadığına ina­nan yenikant­çı­lar Rikkert və Vindelband da tari­xi qanunauyğunluğun olmasını inkar edən idioqrafik konsepsiyanı irəli sürmüşdülər. Sosial münaqişələr arasında fərqlərin təzahürünü qəbul etməklə bərabər, sosial münaqişələrin hamısının əsasında insanlarda və sosial qrup­larda, maddi və mənəvi mənafeyə uğrunda məqsədlərin toqquşması durduğunu da qəbul etmək lazımdır.
Hazırda münaqişə haqqında olan bütün nəzəriyyələrdə belə bir fikir vardır: insanların bütün fəaliyyətləri, hərəkətləri və davranışları sosial xarakter daşıyır, belə ki, həmin hərəkətlər fərqli formada sosial mühit və şəraitlə bağlıdır(5, s.84).
İngilis filosofu və sosioloqu H.Spenserin fikrincə, cəmiyyətdə sosial münaqişələrin olması labüddür və bu da sosial inkişafa istiqamət verir. Sosial münaqişələr əksər hallarda mübahisə, psixiki-emosianal gərginlik, aqressivlik, hədə qorxu, düşmənçiliklə müşayət olunurlar.
Sosioloq A.İ. Jeltuxin sosial münaqişə ilə bağlı konsepsiyasında sosial münaqişənin tipologiyasını verərkən qarşıdurmanı, rəqabət, düşmənçilik, qarışıqlıq, qiyam, üsyan və inqilabı həmin tipologiyaya daxil edir və onları bir-birindən aktivlik dərəcəsinə və həcminə görə fərqləndirir(10, s.136).
Rus filosofu A.Q Zdravomıslov “Münaqişənin sosio­logiyası” adlı kitabında sosial münaqişələrin təbiətini, səbəblərini və həlli yollarını araşdırmışdır. O, sosial münaqişələrin təbiətini iki amildə - ziddiyyətlərdə və bərabərsizlikdə görmüş, sosial münaqişələri obyektiv ziddiyyətlərin təzahürü kimi qiymətləndirmişdir.
Amerika sosial-psixoloji məktəbinin nümayəndələrindən olan R.Park münaqişə ilə sosial fəaliyyət arasında paralellər aparırdı. Onun rəyinə görə, münaqişə sosial fəaliyyətin 4 əsas növündən biridir. Bu növlərə aiddir: rəqabət, uyğunlaşma, assimilyasiya və münaqişə. Park belə hesab edir ki, insanlar arasındakı rəqabət mübarizənin sosial formasıdır və sağ qalmaq üçündür və daha sonra o münaqişəyə çevrilir, beləliklə də assimilyasiyanın köməyilə sıx qarşılıqlı münasibətlər formalaşdıra bilir ki, bu da sonda əməkdaşlığın sayəsində uyğunlaşmaya çevrilir(11, s. 185).
Münaqişə edən tərəflərin mövqeləri onların maraqları təzad təşkil etdiyinə görə üst-üstə düşmür. Münaqişələrin araşdırılmasının elmi-nəzəri tərəflərinin işlənib hazır­lan­masında müəssisələrin struktur funksional modelə üstünlük verilir. Struktur funksional model üzərində işləyən tanınmış tədqiqatçı-alim T.Parsons cəmiyyətin dəyişilmədə və inkişaf etmədə olan mürəkəb bir sistem kimi xarakterizə edərək qeyd edir ki, burada fərdlər, insanlar arasında daim sosial münasibətlər hökm sürür. Onun bildirdiyinə görə, həmin münasibətlərdə normalar və dəyərlər birləşdirici rol oynayır. Onun mülahizələrinə rəğmən sosiallaşma prosesi zamanı insanın daxili fizioloji və sosial tələbatları arasında müəyyən gərginlik yaranır(11, s.192). Bu gərginlik və uyğunsuzluq isə münaqişənin yaranması istiqamətində stimul ola bilər.
Münaqişə ilə bağlı daha əhatəli və əksər tədqiqatçıların qəbul etdiyi təriflərdən biri Amerika sosioloqu L.Kozerin verdiyi tərifdir. O yazır: “Münaqişə - dəyərlər, müəyyən sosial status, hakimiyyət və məhdud maddi və mənəvi nemətlər uğrunda aparılan mübarizədir;bu mübarizədə konfliktdə olan tərəflərin məqsədi qarşı tərəfi neytrallaşdırmaq, ona zərər yetirmək və rəqibini məhv etməkdir” (12, s.40).
60-cı illərin ortalarında alman sosioloqu Ralf Darendorf sosial münaqişənin yeni nəzəriyyəsini irəli sürmüşdür. Bü nəzəriyyə “Cəmiyyətin münaqişə modeli” adlanırdı. R.Darendorf öz nəzəriyyəsində sosial münaqişələrin hər hansı cəmiyyət üçün zəruri hadisə olduğunu bildirmiş, hər bir cəmiyyətin dəyişikliyə meylli olduğunu, dəyişikliklərin isə daima hər yerdə mövcud olduğunu qeyd etmişdir. O göstərir ki, sosial münaqişələr cəmiyyətdəki ağalıq-tabelik münasibətləri, yəni onun bir təbəqəsinin digərləri üzərində zorakılığından yaranır. R.Darendorf bununla belə, bildirir ki, siniflərin mübarizəsi keçmişin ictimai inkişafıdır, əvvllər mövcud olmuş kollektiv fəaliyyət öz yerini maddi vəzziyyətini yüksəltməyə çalışan fərdiləşdirilmiş qüvvələrə verir. Məsələn, Qərbin fəhlə sinfi öz məqsədlərini sahibkarla razılaşmaqla həyata keçirə bilər. Onun fikrincə, nəinki sahibkarların fəhlələr üzərində hakimiyyəti, o cümlədən hər bir təşkilatda rəhbərlik və tabelik münasibətləri sosial münaqişə yaradacaqdır. Bu münaqişənin yatırılması onun daha da kəskinləşməsinə, keyfiyyətli idarəedilməsi isə təkamülə aparar. R.Darendorf qeyd etmişdir ki, cəmiyyətlər bir-birindən münaqişələrin mövcud olub olmamasına görə deyil, mövcud hakimiyyətin onlara olan münasibətinin müxtəlifliyi ilə fərqlənir. Bu səbəbdən demokratik cəmiyyətdə münaqişə müəyyən yer tutur, lakin tənzimləmənin məqsədəuyğun metodu onu təhlükəsizləşdirir. O, deyirdi ki, kim münaqişələrin öhdəsindən onları etiraf etmək və nizama salmaq yolu ilə gəlməyi bacarırsa, o, tarixin ritmini öz nəzarəti altına alır. Kim ki, belə imkanı əldən buraxarsa bu ritmi müqabil tərəf öz əlinə alır(5, s. 125).
Sosial münaqişə nəzəriyyəsinin banilərindən olan tanınmış tədqiqatçı-alim G.Zimmelin fikrincə, cəmiyyətdə sosial münaqişələr bu və ya başqa səviyyədə daim olaraq mövcuddur və bu mövcudluq cəmiyyətdə baş verən sosial- iqtisadi və mədəni hadisə və proseslərin birbaşa nəticəsi ilə sıx bağlıdır. O bildirir ki, sosial münaqişə ən ümumi hadisədir. Bütövlüklə, vahid və ahəngdar qrup və yaxud tam sakit və münaqişələr olmayan ideal cəmiyyət barədə düşünmək mümkün deyil, əgər bu barədə nə isə bir fikir söyləmək və düşünmək olsaydı belə, bu kimi «müqəddəslər cəmiyyəti» həyata qabil olmazdı. G.Zimmel hesab edir ki, sosial münaqişə hər hansı maraqların, mənafelərin qarşıdurması əsasında deyil, hardasa daha əhəmiyyətli olan – yəni fərdlərin bioloji instinktlərinin əsasında formalaşdığını ifadə edir. O, «İnsan-rəqibdir» əsərində o xeyli axtarışlar apararaq bu fikrə gəlir ki, şəxsiyyət, basqasına təsir və təzyiqinə məruz qalmadığı halda da belə, başqalarının özünü-ifadə edilməsinə cavab verərək, fərqli mövqedə yer alaraq, özünü təsdiqləyib reallaşdırmağa qabildir; özünürealizənin ən əsas yolu – ilkin instinktdir, yəni başqasının inkarıdır. G.Zimmel, müntəzəm olaraq tədqiqatlar apaparaq öz münaqişə konsepsiyasını yaratmağa cəhd göstərirdi. Bu zaman o həm münaqişənin sosial rolu, səmərəsi, faydası və əhəmiyyəti ilə bərabər, həm də onun mühüm faktor, stimul rolunu oynayan sosial alət, vasitə olduğuna diqqət yetirirdi. Bütün apardığı tədqiqatlar nəticəsində Zimmel «formal sosiologiya» adını daşıyan konsepsiyasının bünövrəsini qoydu. Bu konsepsiyanın mahiyyətinə fərdlərin qarşılıqlı əməli fəaliyyət formaları aid edilmişdi. Hər hansı konkret-tarixi epoxanın istənilən dəyişiklikləri mühitində bu formalar dəyişilmir. «Münaqişənin sosiologiyası» anlayışı məhz G.Zimmelin yaradıcı təfəkkürünün məhsuludur. Zimmelin rəyinə görə, «sosial» sözü öncə insanlarası, fərdlərarası münasibətlər mənasını verir. Sosial münaqişə, qarşıdurma formalarında biri olsa da, əks tərəfdə duranları birləşdirən inteqrasiya edici qüvvədir; o, cəmiyyətdə stabiləşməyə gətirib çıxarır və konkret təşkilatları, təsisatları, qurumları, müəssisələri dayanıqlı edir, möhkəmləndirir (6, s.118).
Fikrimizcə, tanınmış alim Lui Kozer bu məsələyə fərqli baxış bucağından yanaşır. O, yazdığı “Sosial münaqişənin funksiyaları” kitabında sosial münaqişələri onun pozitiv funksiyası nöqteyi nəzərindən tədqiq edir. L. Kozer kitabında cəmiyyətə fərdlər və hakim qruplar arasında maddi vəziyyətin və mövqelərin qeyri-bərabər bölgüsü kimi xarakterik xüsusiyyətlərə malik sosial sistem kimi baxır.Buna görə də bu cür sosial sistemdə münaqişələr tərəflər arasında hakimiyyət, mövqelərin dəyişdirilməsi, gəlirin yenidən bölüşdürülməsi və s. uğrunda baş verir. Belə olan halda münaqişələri kənar bir şey hesab etmək doğru olmaz, münaqişə cəmiyyətə yad olan bir sosial hadisə deyil, sosial sistemin daxilindən gələn komponentdir, onun daxili durumunun bir elementidir. Bu münaqişələr cəmiyyətə immanent olan və müəyyən zaman və məkan kəsiyində formalaşan qaydaların, qanunların, fərqli şəxsiyyətlər və müxtəlif sosial qrupların arasındakı münasibətləri ifadə edir. Sosial münaqişələrin səbəbi inkişaf dinamikasının zəifləməsidir. Hər hansı münaqişə zamanı bu prosesin gedişatında müəyyən proqressiv potensial imkanlar özünə yer alır(12, s.109). Bu, onunla bağlıdır ki, münaqişə, fərdin cəmiyyətdə sosializasiyasına, müxtəlif sosial qrupların meydana çıxmasına, nisbətən stabil qrupdaxili və bir neçə qruparası münasibətlərin meydana gəlməsi və qorunmasına, qüvvələrin tarazlığının yaradılması və hifz olunmasına, bu və ya başqa sosial problemlər haqqında informasiya verilməsinə şərait yaradır. L. Kozerin qənaətinə görə münaqişənin əhəmiyyəti ondan ibarətdir ki, sosial münaqişələr sosial sistemin durğunluğunun qarşısını alaraq yeniliyə yol açır.
ABŞ sosioloqu Kennit Bouldinq “Münaqişə və müdfiə: ümumi nəzəriyyə” adlı kitabında “münaqişənin ümumi nəzəriyyəsini” qeyd etmişdir.(9, s.302). O, həmin nəzəriyyəsində münaqişələrin hamısının ümumi inkişaf xüsusiyyətlərinə malik olduğununu qeyd edir. Ona görə də münaqişələrdən bu və ya digərini öyrənməklə hər hansı xüsusi münaqişə fenomeninin təzahürünü təsvir etmək mümkündür. Bu səbəbdən ictimai təşkilatlar münaqişələrin ümumi nəzəriyyəsini bilərək yarana biləcək münaqişələrə həm nəzarət və idarə etmək həm də nətcəni qabaqcadan müəyyənləşdirmək imkanına malik olur. K.Bouldinq sosial münaqişələrə statik və dinamik baxımdan nəzər yerirmişdir.Statik baxımdan münaqişə tərəfləri (şəxsiyyətlər, təşkilatlar, qruplar) və onlar arasındakı münasibət araşdırılır.Dinamik baxımdan isə münaqişədə iştirak edən tərəflərin maraqları münaqişə davranışına məcbur edən qüvvə kimi göstərilir. K. Bouldinq sosial münaqişələrin inkişaf dinamikasını mübarizə edən tərəflərin kənar amillərə qarşı reaksiyasından ibarət proses kimi təyin edir. Bununla da o, sosial münaqişənin mahiyyətini insanın stereotip reaksiyası kimi qəbul etmişdir. Bouldinqə görə yaranmış hər bir sosial münaqişəni ictimai qruluşun özündə əsaslı dəyişiklik etmədən tərəflərin meyllərini, reaksiyalarını, dəyərlərini dəyişdirməklə qıcıqlandırıcı manipulyasiya etməklə qarşısını almaq və həll etmək olar.
Kozerin verdiyi tərifdən göründüyü kimi, münaqişə anlayışına müəllif maddi və mənəvi dəyərlər, hakimiyyət və status uğrunda mübarizəni daxil edir. Bu mübarizədə tərəflərin məqsəd və mənafeləri fərqli və ya əks olduğundan, onlar bir-birinə az və ya çox dərəcədə zərbə vurmaq istəyir.
İ.B. Qurkov “Müasir elmi ədəbiyyatda münaqişə nəzəriyyəsi problemləri” adlı məqaləsində göstərir ki, münaqişə ziddiyyətlərin və məhdudiyyətlərin aradan qaldırılması üsulu, mürəkkəb sistemlərin qarşılıqlı təsir üsuludur (7, s.46). Bu tərifdə iki diqqətçəkən məqam vardır. Birincisi, münaqişə ilə ziddiyyət anlayışlarının uzlaşdırılması cəhdi; ikincisi, sosial hadisə olan münaqişəni sosial hadisə adlandırmaq. Hər bir sosial münaqişəni, doğrudan da, sosial ziddiyyətin xüsusi halı kimi qiymətləndirmək olar. Başqa sözlə, sosial ziddiyyət anlayışı həm konflikt xarakterli, həm də qeyri-konflikt xarakterli ziddiyyətləri ehtiva edir. Sosial münaqişə narazılıq hissinin və yaxud etirazın büruzə verilməsi, münaqişə edən tərəflərin onların maraq və tələbləri haqqında məlumatlandırılmasına dəlalət edir. Müəyyən situasiyalarda insanlar arasında olan neqativ münasibətlər tənzim edilə bilirsə və tərəflərdən biri yalnız şəxsi maraqlarını yox eləcə də təşkilatın ümumi maraqlarını müdafiə edirsə, münaqişələr ətrafdakılara da sirayət edir, prinsipial cəhətdən vacib ola məsələləri həll etməyə, kollektivdə mənəvi- psixoloji mühiti düzəltməyə imkan verir. Bundan başqa elə vəziyyətlər yaranır ki, kollektiv üzvləri arasında toqquşma, açıq və prinsipial mübahisə arzuolunandır. Mübarizəyə qoşulan əməkdaşa reaksiya verməmək, münasibətləri daha da pisləşdirməkdən ehtiyat etmək yerinə, münaqişə tərəflərinə vaxtında xəbərdarlıq etmək və kolleqanın düzgun olmayan hərəkətinə imkan verməməkdir. Veberin də qeyd etdiyi kimi “münaqişə təmizləyicidir” (4, s.34).
Y.İ. Əliyevin də münaqişəyə verdiyi tərif də maraqlıdır. “Münaqişə ziddiyyətlərin inkişaf forması olmaqla elementlər, qruplar, siniflər arasında şüurlu toqquşmadır ki, bu da subyektlərin fəaliyyəti ilə mövcud vəziyyətin dəyişdirilməsinə doğru aparır” (6, s.63).Ümumiyyətlə, bütün tədqiqatçılar qəbul edirlər ki, münaqişə zamanı iki qarşılıqlı mübarizə münasibətdə olan tərəfin varlığını (aktual və ya potensial) qəbul edir.
Münaqişənin meydana çıxması üçün sadaladığımız keyfiyyətərin münaqişənin subyektləri tərəfindən dərk edilməsi zəruridir. Əgər dərkedilmə və ya şüurluluq yoxdursa, tərəflər arasındakı münasibət münaqişəyəqədərki mərhələ kimi qiymətləndirilməlidir.
Fikrimizcə, ən önəmli cəhətlərdən biri ondan ibarətdir ki, hər bir münaqişə çoxamilli, çoxelementli, rəngarəng xarakterli bir hadisədir. Ona görə də istənilən münaqişənin əhatəli öyrənilməsi və həlli istiqamətində atılan praktik addımlar sırf elementarist metodla yanaşı, bəlkə də ondan daha vacib sosial münaqişənin sistem səviyyəsində öyrənilməsidir. Hər bir sistemi təşkil edən elementlər müəyyən çərçivədə nisbi müstəqilliyə malik olmaqla, elementarist səviyyəli qanunlarla tənzimlənir.(8, s.34)
Münaqişə barəsində söhbət gedərkən əvvəlcə insanda münaqişə nə isə xoş olmayan təəssürat yaradır (8, s.19). Elə bunun nəticəsində də belə bir ümumi fikir yaranıb ki, münaqişənin səmərəsi yoxdur. O ancaq cəmiyyətə zərbə vurur, müna-sibətlərə zərər gətirir, əlavə problemlər yaradır. Həm idarə edənlər, həm işçilər, həm də rəhbərlər üçün münaqişələr arzuolunmaz haldır. Onlar belə hallarla daha tez-tez qarşılaşırlar.
Hər hansı münaqişənin əsasında müxtəlif səbəblərdən tərəflərin maraq və mənafeləri, fərqli baxışları,məqsədə çatmaq üçün istifadə etdiyi yollar, istəklərin uyğun olmaması dayanır.
Qeyd etmək yerinə düşər ki, digər məktəblərin nümayəndələrindən Uard, Veblen, Ross, Smoll, Levin hesab edirlər ki, müəssisələr düzgün idarə olunmadıqda münaqişələr yaranır (7 s.28). Belə hesab edilir ki, müəssisənin səmərəli fəaliyyət göstərməsi qarşıya qoyulan məqsədlərdən, qaydalardan, idarə edən şəxslərin fəaliyyətinin nəticəsindən, müəssisənin perfomansının düzgün müəyyən edilməsindən asılıdır. Düzgün müəyyən olunmuş mexanizmlər əksər hallarda münaqişənin təzahür etməsinə imkan verən şərtləri dəf edə və bilər. Amerikanın tanınmış sosioloqu L.Kozer münaqişəni ideoloji varlıq kimi qiymətləndirir. O, yaranan münaqişə vəziyyətlərini insanların öz məqsədlərinə və niyyətlərinə çatmaq üçün hisslərinin əks tərəfi kimi ifadə edir.. L. Kozerin qənaətinə görə münaqişənin əhəmiyyəti ondan ibarətdir ki, sosial münaqişələr sosial sistemin durğunluğunun qarşısını alaraq yeniliyə yol açır.
Bununla belə münaqişə çox mühüm səmərəli funksiyanı reallaşdırırlar. Belə münaqişələr sosial-psixoloji vəziyyətə, onun strukturuna, dinamikasına, nəticəliliyinə, tərəflərin mükəmməlləşməsinə, inkişafına müsbət təsir göstərir və onları məhsuldar münaqişələr adlandırırlar.
Hazırda idarəetmə ilə məşğul olan mütəxəssislərin ümumi rəyinə görə, münaqişələrin bəziləri ən səmərəli və fəal olan müəssisədə,qurumda, ən isti münasibətlərin olduğu yerlərdə də ola bilər və bunu gözləmək də olar (3, s.138). Problemin qarşısının alınması üçün münaqişələri düzgün idarə etmək zərurəti vardır. Məhz XX əsrin ikinci yarısında xüsusi elm sahəsi olan konfliktologiya elminin psixologiyadan ayrılaraq müstəqil elm kimi fəaliyyətə başlamasının əsas səbəbi cəmiyyətdə münaqişələrin rolunun artması ilə bağlı idi. Konfliktologiyanın inkişafında müxtəlif elm sahəsinin mütəxəssislərinin, tanınmış alimlərin, filosoflar, politoloqlar, sosioloqlar və psixoloqlar böyük rol oynamışlar.

 

Ədəbiyyat


Abbasbəyli A.N., Darabadi P.Q., İbrahimov Ə.G. Konfliktologiya. Bakı, 2006
Əliyev Q., Dayızadə H. Konfliktologiyaya giriş. Bakı, Təbib, 1989
Qaraşov H.T.Həmkarlar ittifaqı hərəkatının əsasları. Bakı, Avropa, 2015
Şabanov Z.M. Müasirləşən cəmiyyətin yeni paradiqmaları. Bakı, Avropa, 2017
Şabanov Z.M. Sosial münaqişələrin həllində sosial tərəfdaşlıq amili. Bakı, 2019
Şəfi Ü. Konfliktologiya. Bakı, Adiloğlu, 2002
Şıxkərimov E. Ş. Azərbaycanın müasir siyasi inkişafında sosial münaqişə.Bakı, 2000
Анцупов А.Я. Конфликтология. Москва, Прогресс, 2012
Бородкин Ф.Н., Коряк Н.Н. Внимание: конфликт. Новосибирск, Наука, 2013
Буркан С. Плюрализм и социальные конфликты. М.: Прогресс, 2016
Karip, E. Çatışma Yönetimi (3.baskı). Ankara: Pegem Yayıncılık, s. 233., 2013;
Karcıoğlu, F., Gövez, E. ve Kahya, C. Yöneticilerin iletişim tarzı ve kullandıkları çatışma yönetim stili arasındaki ilişki. Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 15(1), 327-340, 2011

Açar sözlər: müəssisə, sosial münaqişə, əlaqə, idarəetmə, səmərəli fəaliyyət.

Ключевые слова: предприятие, социальный конфликт, общение, управление, эффективная деятельность

Keywords: enterprise, social conflict, communication, management, efficient activities.

 

Социальные конфликты на предприятиях
с точки зрения разных взглядов

В статье рассматриваются события и процессы, которые вызывают социальные конфликты на предприятиях, анализируется отношение отдельных исследователей к социальным конфликтам, а также исследуются различия и сходства в взглядах. Изучены положительные и отрицательные последствия социальных конфликтов для общества. Возникновение социальных конфликтов связано с управлением предприятием.


Social conflicts in enterprises in terms of different views
The article deals with the events and processes that cause social conflicts in enterprises, analyzes the attitudes of individual researchers to social conflicts, and explores the differences and similarities. The positive and negative effects of social conflicts on society are studied. The emergence of social conflicts is linked to enterprise management.