Unudulmaz geoloq - şairimiz Oqtay Rza    

   Bu il avqustun 18-də Bakıdan rayona gedərkən 2 gün öncə şair Oqtay Rza ilə olan söhbətimiz  düşdü yadıma:

-Mirzə çoxdan görüşmürük, bəlkə bir görüşüb çay içək, dərdləşək-dedi.

-Böyük  məmnuniyyətlə, ustad,- dedim.

-Üzümüzə gələn həftənin əvvəllərində “Elmlərdə görüşmək”– qərarını verdik. Amma, konkret gününü təyin etmədik.

Düşündüm ki, bu gün bazar günüdür, qoy Oqtay müəllimə zəng edib vaxtı dəqiqləşdirim. Heyhat nə qədər zəng etdimsə cavab verən olmadı. Axşamüstü Bakıya qayıdanda yenə zəng etdim, bu dəfə telefonu bir qız uşağı götürdü. Oqtay müəllimi soruşanda “O artıq yoxdur. Səhər vəfat elədi” dedi. Çox məyus oldum. Yadıma bizim az qala qırx il əvvəlki tanışlığımız düşdü...

…O zaman mən Balakən rayonunda yerləşən Filizçay partiyasında böyük geoloq işləyirdim. Yayın əvvəlləri idi. Ekspedisiya rəhbərliyindən radioqram  vasitəsilə mənə tarşırıldı ki, APİ-nin (indi Azərbaycan Pedaqoji Universiteti) coğrafiya şöbəsinin tələbələrini Filizçay yatağı ilə tanış edim. Günorta radələrində tələbələr maşınla partiyanın bazasına qalxdılar. Onların rəhbəri isə elə ilk  andan xoş təəssürat bağışlayan dosent Oqtay Rza idi. Oqtay müəllimi qiyabi olaraq tanıyırdım, bəzi şerlərini oxumuşdum. Onunla ilk görüşdən aramızda isti münasibət  yarandı. Qonaqları o dövrdə Filizçayda ən böyük   mağara olan 52 saylı qazmaya apardım. Bu mağara texniki məqsədlərlə qazılmışdı. Yerin altında müxtəlif istiqamətlərdə minlərlə metr uzunluğunda lağım keçilmiş, müəyyən yerlərdə yeraltı kameralar düzəldilmiş, onlarda da buruq dəzgahları yerləşdirilmiş və yerin dərinliklərində filiz qatlarını izləmək məqsədilə dərin quyular qazılırdı. O zaman paytaxt Moskvada təsdiq olunmuş bu layihə Azərbaycan geologiyasında möhtəşəm bir iş idi. Tələbələrə, elə Oqtay müəllimə də bu ekskursiya çox təsir eləmişdi. Mahir qələm sahibi olan Oqtay müəllim ayrılanda təşəkkürünü bildirdi və “mütləq bu barədə yazacağam” dedi.

Sövdələşsək də o zaman nə mən Bakıya gələn zaman APİ-yə gedə bildim, nə də Oqtay müəllim Filizçaya təkrar gələ bildi. Arada yoldaşlardan kimsə dedi ki, Oqtay müəllimin mağazada təzə  kitabını görüb və orada mənim barəmdə də nəsə yazılmışdı. Beləcə illər ötdü.

Bir dəfə dostum, məşhur uşaq yazıçısı-publisist Qəşəm İsabəyliyə bu barədə danışarkan o telefonla bir nömrə yığıb danışdı və telefonu mənə verdi. Otuz il əvvəl Filizçayda tanış olduğum, artıq bütün ölkədə məşhur olan gözəl şairimiz, geoloq Oqtay Rza idi. Bir neçə gün sonra biz görüşdük, az sonra dostlaşdıq və son on il ərzində - o qəfil vəfat edənədək əziz adamlara çevrildik. Oqtay müəllim mənə Filizçaydan qayıdandan sonra səfər qeydləri çap olunmuş yazıları barədə danışdı və 1983-cü ildə “Gənclik” nəşriyyatında çıxan “Daş çırağın işığında” adlı kitabını göstərdi. Məktəb uşaqları və gənclər üçün yazılmış bu kitabda respublikamızın təbii sərvətləri və ayrı-ayrı bölgələrə səfərlər barədə publisistik yazılar var idi. Həqiqətən kitab çox dəyərli idi, birnəfəsə oxunurdu. Bir müddətdən sonra kitab genişləndirilərək mənim redaktorluğumla çapdan çıxmışdı.

Oqtay Rza çox istedadlı insan idi. Vaxtilə o hər tələbənin başa vura bilmədiyi Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. Elmlər namizədi dissertasiyası müdafiə eləmişdi. Əminəm ki, istəsəydi çoxdan elmlər doktoru da ola bilərdi. Uzun illər APU-da pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Respublikamızın Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdü. Onun tələbələri içərisində indi ölkəmizdə adlı-sanlı  olanlar, rəhbər vəzifələrdə işləyənlər də az-deyil. Çoxlarından eşitdiyimə görə bəziləri kimi o heç vaxt tələbə incitməzmiş. Bu insan üçün əsas meyar savad və səmimiyyət olmuşdur. Oqtay Rza bir sıra mükafarlar, o cümlədən Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatlarınına layiq görülmüşdü. 85 illiyik yubileyini keçirməyə hazırlaşırdı. Qismət olmadı. Yaxşı adı və gözəl şeirləri qaldı insanlara. Allah rəhmət eləsin!

Şair Oqtay Rzanın yaradıcılığında geologiyaya, geoloqlara  həsr etdiyi şerləri xüsusi yer tutur. Onlardan ikisini diqqətinizə təqdim edirik.                         

 

 

                                                                             Ağamahmud Səmədov

 

Şair Oqtay Rza

Əməkdar Müəllim,

Mikayıl Müşfiq və “Qızıl qələm”

mükafatları laureatı

 

 G EO L O Q

Yolunu gözləyir meşə, dağ, çəmən,

 Əziz  qonağısan  neçə  mahalın;

Yerin kürəyini dolaşdıqca sən,

Yerin ürəyini  gəzir xəyalın.

Tanıyır səsini düzlər, yoxuşlar,

İzin nəqş  olunur çöllərimizə;

Tapdığın incilər, qiymətli daşlar

Min əsrin  sözünü  çatdırır bizə,

Çırağın kompasdır, yarağın çəkic,

Bələdçin  xəritə , mənzilin çadır;

Torpağa o qədər vurulmusan ki,

Eşqin dünyamızın  özü boydadır.

Uçurum  keçəndə, qaya aşanda

Ən çətin  anlara  gərirsən sinə;

Zirvədə qartalla qoşalaşanda

Buludlar söykənir çiyinlərinə.

Ömür axtarışdır əzəldən bəri,

Hünərlə  yüksəlir həyatda insan;

Xalq üçün xəzinə  kəşf edənləri

Həmişə qəlbində  yaşadır zaman!

 

 

ÇEDER* BAHADIRLARI

Çadırlar qurulub  dağın  belində,

 Uzaqda ağarır sanki göbələk.

Kükrəyən Katexin sağ  sahilində

Həyat çeşməsitək çağlayır əmək.

 

 Əjdaha ağızlı  lağımlar dərin.

Axşamı çıraqban, səhəri nurlu.

Qaya parçalayan cəngavərlərin

Dilində nəğmə var.

Əlində burğu

 

    Dağın  kürəyində güllər rəgbərəng,

Dağın ürəyində  xəzinə əlvan;

Elə bil divlərlə pəncələşərək,

Oraya yol açır neçə pəhləvan.

 

İgidlik himnidir onların  səsi:

Qranit  təbəqə  çapılsın gərək!

Filiz damarının  qalayı, misi...

 Min il  gizlənsə də  tapılsın  ğərək!

 

Bir mahnı tidrədir ulu dağları-

  Deməyin  obadan, eldən ayrıdır;

Çeder* cəhbəsinin  bahadırları

Onun şairidir, bəstəkarıdır!

* Zaqatala yaxınlığında aşkar olunmuş filiz

təzahürü - eyni adlı kəndin yaxınlığında yerləşir.