Azərbaycanda inşa olunan ilk tanker bu ay istismara veriləcək

Azərbaycanda inşa olunan “Laçın” adlı ilk tankerin istismara verilməsi bu ayın sonunadək planlaşdırılıb. Tankerin inşası Bakı Gəmiqayırma Zavodu tərəfindən aparılır.

Bunu “APA-Economics”ə zavoddakı etibarlı mənbə deyib.

Onun sözlərinə görə, yeni tankerin tikintisi tam başa çatdırılıb və bu yaxınlarda gəmi test işlərinin aparılması çərçivəsində dənizə çıxıb.

 
“Gözlənilir ki, bu ilin axırına kimi gəmi istismara verilsin. Tanker artıq dəniz şəraitində də test edilib. Onun bir daha test üçün dənizə çıxması istisna edilmir”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 ton və çayda 5,447 ton olan tankerlər iki ədəd hər biri 1 200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9 212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Xatırladaq ki, bu ilin fevralında ASCO ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.