Aleksandr Novak: “OPEC plus” qərar vermək yerinə aprelədək gözləməyi üstün tutur

OPEC və digər qeyri-OPEC neft istehsalçıları (“OPEC plus”) qərar vermək yerinə aprelədək gözləməyi üstün tuturlar.

Bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Nazir “OPEC plus” ölkələrinin neft hasilatının azaldılmaına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmayacağına qərar vermək yerinə aprel ayına qədər gözləməyi üstün tuturduqlarını bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın rəhbərlik etdiyi qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər bu baş verərsə xam neftin qiymətinin də bahalaşacağını vurğulayıblar.

Digər tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi təqdirdə “qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.