İlk ulduzlar dövründə yaranmış qalaktikalar qrupu aşkar edilib


NASA tərəfindən maliyyələşən beynəlxalq astronomlar komandası ən uzaq qalaktikalar qrupunu aşkar edib. EGS77 adlandırılan qalaktikalar üçlüsü kainatın cəmi 680 milyon il yaşı olduğu zaman meydana çıxıb.

Müşahidələr göstərir ki, qalaktikalar genişmiqyaslı kosmik dəyişikliyin iştirakçısıdır. Bu epoxa ulduzların işığının bütün kainatda hidrogenin təbiətini dəyişdirməsi ilə başlayıb. Bu proses qaranlıq kosmosu bugünkü kosmosa çevirib.

“Gənc kainat bizim erkən qalaktikaları görməyimizə mane olan, ultrabənövşəyi işığı zəiflədən hidrogen atomları ilə əhatə olunmuşdu. EGS77 isə bu kosmik dumanın təmizlənməsi prosesi nəticəsində aşkar olunmuş ilk qalaktikalar qrupudur”, – deyə NASA-nın Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin tədqiqatçısı Ceyms Rouds bildirib.

poisknews.ru saytının məlumatına əsasən, astronomlar uzaqda yerləşən ayrı-ayrı qalaktikaları indiyədək aşkar etsələr də, EGS77 ultrabənövşəyi spektrin dalğalarının konkret uzunluqlarını tapmağa müvəffəq olunan ən uzaq qalaktikalar qrupudur.