Koronavirusun 6 fərqli növü müəyyən edilib
Müxtəlif regionlarda yeni tipli koronavirusun 10 mindən çox nümunəsinin strukturu təhlil edilib və məlum olub ki, hazırda dünyada bu virusun 6 müxtəlif növü yayılmaqdadır.
tass.ru saytı xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin dosenti Pol Plenetin rəhbərlik etdiyi epidemioloqlar qrupu yeni tipli koronavirusun 10 mindən çox genomunu müqayisə edib. Bu genom nümunələri son 6 ayda dünyanın müxtəlif ölkələrində xəstəliyə yoluxmuş insanların orqanizmindən götürülüb.
Alimlər böyük həcmdə informasiyanı təhlil etmək üçün xüsusi alqoritmdən istifadə ediblər. Bu alqoritm bütün genetik məlumatlar bazasını oxuyur, funksional baxımdan tamamilə üst-üstə düşən və ya identik olan genom hissələrini və fraqmentləri bazadan silir.
Tədqiqatçıların bildirdiyinə görə, yaradılan alqoritm sürətlə yayılan epidemiyaların törədiciləri olan genomları daha tez qruplaşdırmağa imkan verir. Bu metodikadan istifadə etməklə 10,4 min “SARS-CoV-2” ştammı öyrənilərək aydınlaşdırılıb ki, bu virusun 6 klonal qrupu mövcuddur.
Bu araşdırma sayəsində analiz edilən məlumatların həcmini azaltmağa nail olmuş alimlər zülalların və ya siqnal molekullarının strukturunu dəyişən, habelə onların daşıyıcısı olan insanların həyat fəaliyyətinə təsir göstərən bakterial tipli DNT və ya virus tipli RNT variasiyalarını seçiblər. Bu metodikanın köməyi ilə onlar bakteriya və virus ştammlarının oxşar qruplarından ibarət 6 klonal qrup seçiblər.