Budur artıq, mənim Şuşam azaddır!

 

Mirzəzadə Cavid Ceyhun oğlu. Müxtəlif illərdə Respublika Fənn Olimpiadalarında qızıl və bürünc medala, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində I dərəcəli diploma, respublika səviyyəli “Ədəbiyyat biliciləri” müsabiqəsində II və III dərəcəli diploma layiq görülüb. Orta məktəbi gümüş nişanla bitirib. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsidir.

Budur artıq, mənim Şuşam azaddır!

(Şeirimi düşmən işğalından azad edilmiş Şuşamıza həsr edirəm.)

 

İllərdir ki, həsrət bizi yormadı.

Mərd xalqımın ümidləri solmadı.

Qarı düşmən, sən dediyin olmadı.

Budur artıq, mənim Şuşam azaddır!

 

Haqq yolunda neçə canlar vermişik.

Bu yolda biz dostumuzu seçmişik.

Və nəhayət, yurdumuza gəlmişik.

Budur artıq, mənim Şuşam azaddır!

 

Rahat uyu, xanlar xanı Pənah xan.

Rahat uyu, ey xan qızı Natəvan.

Tarın səsi Şuşadadır, Sadıqcan.

Budur artıq, mənim Şuşam azaddır!

 

Həsrətlə yandıq, ancaq kül olmadıq.

Od olduq, alov olduq, yorulmadıq.

Can Şuşada bayrağımı ucaltdıq.

Budur artıq, mənim Şuşam azaddır!

 

O dağlarda Üzeyirin nəfəsi var.

O dağlarda neçə Cabbar səsi var.

O dağlarda yaratmaq həvəsi var.

Budur artıq, mənim Şuşam azaddır!


Türklük

 

Əyilməz xalqımın beli, qaməti.

Bəllidir dünyaya türkün qeyrəti.

Axtarın, arayın hər bir milləti.

Varmıdır dünyada bunu söyləyən?

“Sənə qurban olsun canım, ey Vətən”

 

Düşmənlər qorxutmaz bizləri əsla.

Olmayır işimiz qorxub qaçanla.

Türklər yaşayır yalnız bir amalla,

Yaşasın vətənim, ucalsın bayraq,

Sönməsin yurdumda yanan o ocaq.

 

Nəsli də, kökü də türk olan insan,

Olarmı vətənə söyləməsin can?

Buna mat qalar hətta bütöv cahan.

Türkün ürəyi də yalnız vətəndir.

Vətən onun üçün namus, qeyrətdir.

 

Özün tanıyandan ta bəşəriyyət,

Yer üzündə yoxmuş bu qədər millət.

O zaman belə həm şan, həm şöhrət,

Yalnız türkdə idi, bilənlər bilər.

Cavid bilməyənə bir daha söylər.


 

Vətənim

 

Vətənimi vəsf etməkdən,

İncə könlüm doymur bir an.

Hər qarışa can deməkdən,

Ağzım, dilim durmur inan.

 

Yarpaqların xışıltısı,

Dinclik verir öz ruhuma.

Çayların şırıltısı,

Nəğmə deyir qulağıma.

 

Quşlar göydə cəh-cəh vurur,

Xəbər alır gözəl bağdan.

Adam sanki fərəh duyur,

Belə şirin, gözəl çağdan.

 

Cavid bilmir nə söyləsin?

Vətənində qış da yazdır.

Şair necə vəsf etməsin?

Bu gözələ o, heyrandır.