Türkiyədə koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı artmaqdadır

Türkiyədə yeni növ koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı 43 min 29 nəfərə çatıb. Hazırda bu xəstəlikdən reanimasiyada 3 min 81 nəfər müalicə alır.

 Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, mayın 9-da ölkədə 197 min 468 nəfər testdən keçirilib. Onlardan 15 min 191 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2 min 102 nəfər xəstəxanalara cəlb edilib, gün ərzində 25 min 694 nəfər sağalıb.

İndiyədək Türkiyədə ümumilikdə 5 milyon 31 min 332 nəfərdə virus aşkarlanıb, 4 milyon 716 min 918 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 05:00-dək davam edəcək. Qarşımızdakı həftədə keçiriləcək hökumətin iclasında mayın 17-dən sonrakı dövrdə ölkədə virusla mübarizə tədbirləri planının müzakirəsi gözlənilir.

Sabir Şahtaxtı

AZƏRTAC