İrandan Trampa: Öz təhlükəsizliyindən narahat ol
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın “Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm” sözlərinə münasibət bildirib.
Əzizi Trampın “bitmək bilməyən blöflərlə” məşğul olmaq əvəzinə öz təhlükəsizliyindən narahat olmalı olduğunu deyib.
Türkiyə mediası xəbər verir ki, İranlı deputat sosial media hesabında paylaşdığı mesajında Trampın Ankaradakı NATO sammitindən ayrılarkən İranın sui-qəsd təhdidi səbəbilə təyyarəsini dəyişməsi və Hörmüz boğazı ilə bağlı açıqlamalarına toxunub.
Əzizi bildirib:“ABŞ Prezidenti Hörmüz boğazı ilə bağlı bitmək bilməyən blöflər etməkdənsə, öz təhlükəsizliyindən narahat olmalıdır. Əks halda, özünü yemək maşınının içində gizlətmək məcburiyyətində qala bilər.”
ABŞ Prezidenti Donald Tramp əvvəlki gün verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edib.
Tramp belə deyib:
“İranı tamamilə məğlub etdikdən sonra çox keçmədən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm.”
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə Trampın sözlərinə belə cavab verib:
“Hörmüz boğazı nə tvitlə ələ keçirilə bilər, nə təyyarədaşıyan gəmi ilə, nə əmr verməklə, nə də seçki çıxışı ilə... İran nə təhdiddən qorxur, nə də güc nümayişi ilə qorxudula bilər.”
ABŞ mətbuatına danışan Ağ Ev rəsmisi isə Trampın bu sözləri “zarafat məqsədilə söylədiyini” bildirib.

